Dəniz balası Tufan

     (nağıl)  
                       
Biri vardı, biri yoxdu, bir qoca balıqçı vardı. Balıqçının koması dənizə elə yaxın idi ki, dənizdə fırtına-dalğa olanda komaya da su gəlib çatırdı. Buna görə də balıqçı özünə hündür bir çarpayı düzəltmişdi ki, dəniz səmtdən su gəlib komaya dolanda yatmış yerdə islanmasın. 
Balıqçı çox qocalmışdı deyə, özünə başqa koma tikməyə gücü çatmırdı. O, hər səhər balıq ovlayar, ovu azarda satar, beləliklə özünü çətinliklə də olsa, dolandırardı. 
Bir gün səhər balıqçı yuxudan oyanıb, gördü bütün daxma su içərisindədir. Bildi ki axşam yenə dənizdə tufan olub. 
Daxmadan çıxanda gördü  yerdə yaş, bükülü bir şey var. Əvvəl el bildi zibildi, dənizdən sahilə çıxıb. İstədi onu ayaq altından götürüb kənara atsın, amma fikir verdi ki, nədirsə, tərpənir. Əlinə götürəndə gördü aman allah, bir totuş-motuş, körpə uşaqdır. 
Fikirləşdi: “Onu sahilə atıb, çıxıb gediblər!”. 
Əlini göyə tutub qışqırdı:
-    Aman Allah, nədir bu körpənin təqsiri ki, onu fitnələrə qurban verirsən?
Qocanın heç ağlına da gəlmədi ki, körpəni atıblar dənizə, tufan onu böyük dalğalarında yelləyib, yelləyib, sonra isə sahilə tullayıb. 
Körpə soyuqdan üşüyüb ağlamaq əvəzinə gülməyə başladı. Baba bu işə məəttəl qaldı. Tez aparıb körpənin bələyini dəyişdi. Körpənin canı isinən kimi balıqçı ilə danışmağa, - yəni balıqçıya baxıb qığıldanmağa başladı. Körpə tufandan sonra tapılmışdı deyə, baba onun adını Tufan qoydu. 
Balıqçı körpəyə çay verdi, onu əzizlədi:
-    Can, zavallı körpə. Hansı insafsız səni dənizə atıb? Kimə pislik eləmisən? Hansı fitnənin qurbanı olmusan? Yadda saxlayarsan həmin pis adamı, böyüyəndə ondan qisasını alarsan. 
Balıqçı nə danışırdı, körpə gülür, qığıldanırdı. 
-    İç çayını, aparım səni verim kənddə birinə saxlasın, mən səni saxlaya bilmərəm. 
Belə deyən kimi körpə ağlamağa başladı. Balıqçı zarafat elədi:
-    Yaxşı səni heç kimə vermərəm, çayını iç! 
Körpə gülüb o saat səsini kəsdi. Balıqçı yenə danışmağa başladı:
-    Axı mən sənə baxa bilmərəm, qoca kişiyəm, səni qucağıma alaram, bir də gördün, dum-dum elədim dəydim yerə, onda nə olar? 
Bunu deyən kimi körpə elə güldü, elə güldü, qoca da qəhqəhə çəkdi.
Balıqçı da çayını içib istədi körpəni aparsın kəndə, gördü körpə yuxuya getdi. Körpəni narahat eləməyib, getdi oona kənddən süd gətirsin. Balıqçı süd alıb qayıdanda körpə hələ yatmışdı. Gözlədi oyansın. Körpə axşama yaxın oyandı. Südünü içib baba ilə gülüb qığıldanmağa başladı. Baba elə sevinirdi, elə sevinirdi ki... Heç özü də bilmirdi niyə?
O çoxdandır idi ki, belə sevinməmişdi. Elə qocalmışdı hər yanı ağrıyır, sakitcə ölümünü gözləyirdi. Daha həyatda onu heç nə təəccübləndirə, sevindirə bilmirdi. Bu körpə isə bir gündə hər şeyi dəyişdi. 
Hava qaralmışdı deyə, köpəni kəndə apara bilmədi. Gecəni qucaqlaşıb taxta çarpayıda qoca və körpə mışıl-mışıl yatdılar. 
Səhər qoca körpənin gülüş səsinə ayıldı. Quş kimi yerindən çıçrayıb körpəyə süd içirdə-içirdə dedi:
-    Xəbərin var, sən sehrlisən, mən hər səhər güclə ayağa qalxırdım, sənin səsini eşidən kimi yerimdən dik qalxa bildim. 
Körpə elə güldü, elə güldü, elə bil kimsə onu qıdıldamağa başladı.
Sonra qoca könülsüz-könülsüz körpəni götürüb kəndə apardı. Əhvalatı olduğu kimi mollaya danışıb dedi:
-    Cavan olsaydım, onu heç kəsə verməzdim. Amma  Molla,  qoca kişiyəm, bir ayağım burda, biri gordadır. Onu elə bir adama ver, baxa bilsin!
Molla razılaşdı:
-    Bu arvad işidir, sən ona necə baxa bilərsən?
-    Molla, o elə nurlu uşaqdır ki, cavan olsaydım onu heç kəsə verməzdim, özüm baxardım! 
-    Qoy uşağı, arxayın get, kəndin camaatını yığaram, əhvalatı danışaram, kim istəsə uşağa sahib çıxar.
Qoca Tufanı yerə qoyub getmək istəyəndə körpə elə acı-acı ağlamağa başladı ki, balıqçının ürəyi parça-parça oldu. Tez ordan uzaqlaşdı ki, Tufanın ağlamağını eşitməsin. 
Aradan iki gün keçdi. Qoca bir də baxdı ki, Molla qucağında  körpə və yanında bir neçə adamla gəldi. Molla dedi:
-    Sən gedəndən səsini kəsə bilmirik. Bəlkə bir çarə biləsən?
-   Yazıq uşaq, belə bilsəydim gətirməzdim! - Deyib qoca Tufanı Molladan alan kimi  körpə səsini kəsdi. Qocanın üzünə baxıb qığıldandı. Hamı bu işə təəccüb qaldı. O gündən körpə baba ilə yaşadı.
Tufan gələndən babanın sevinci yerə-göyə sığmırdı. O daha əvvəlki kimi yazıq, beli bükülmüş, güçlə yeriyən qoca deyildi, elə bil neçə yaş cavanlaşmışdı. Babanın xeyir-bərəkəti də artmışdı. Tufan qayıqda olanda o elə qiymətli balıqlar tuturdu ki...    
Günlər keçir, Tufan böyüyürdü. Bir gün Tufan iməklədi-iməklədi, düz getdi girdi dənizə. Baba komadan çıxdı, gördü körpə belinə qədər suyun içərisinə girib, qışqırdı:
-    Dayan, Tufan, hara gedirsən?
Tufan güldü, bir az da tez-tez suyun dərininə getdi. O elə bilirdi baba onunla oynayır. Baba isə dəhşət içərisində özünü uşağa çatdırıb tez onu sudan çıxartdı. Dizi üstə qumun üstünə çöküb oturdu. Tufanı yerə qoyub ona qışqırdı:
-    Neyləyirsən, az qala boğulmuşdun!   
Babanı bikef görüb körpə də ağladı. 
Baba yaman qorxmuşdu. O köynəyinin ətəyini qaldırıb üzünə tutdu və uşaq kimi hönkür-hönkür ağladı. 
  Sakitləşəndən sonra ayağa qalxıb dənizə yaxınlaşdı ki, əl-üzünü yusun, bir də baxdı ki, Tufan suda üzür.
-    Aman, sən necə dəcəlsən, nə vaxt yanımdan aralanmısan, xəbərim olmayıb.
Baba deyinə-deyinə Tufanı yenə dənizdən çıxarıb komaya gətirsə də, bu sirrə məəttəl qaldı. Üç aylıq körpə əməlli-başlı üzürdü. 
Baba elə ki əmin oldu Tufan yaxşı üzə bilir, ona həmişə dənizdə çimməyə icazə verdi. İcazə verdi, deyəndə, hər səhər baba yuxudan duranda Tufanı dənizdən çağırırdı:
-    Çıx sudan, çayımızı içək!
-    Bir az da üzüm, gəlim!
Günlər keçdi, Tufan böyüyüb on iki yaşında yaraşıqlı bir yeniyetmə oldu. Baba daha balıqçılıq eləmirdi. Tufan özü balıq tutur, bazarda satıb özlərinə nə lazımdısa, alırdı. Qalan vaxtlarda dənizdə üzür, lap suyun dibinə qədər üzürdü. 
Tufanın ən xoşladığı bir əyləncə var idi. Şah gəmisi dənizə çıxanda o gəminin həndəvərində üzür, şahı görməyə şalışır, musiqiyə qulaq asır, gəmidə rəqs edən rəqqasələrə baxırdı.  
Belə günlərin birində yenə də şah gəmisində şadyanalıq idi. Tufan gördü ki, gəmidən özü yaşda bir qız boylanıb ona baxır. Oğlan özünü qız göstərmək üçün suyun altına ba. Vuranda aradan bir xeyli vaxt keçdi. Tufan başını sudan çıxarıb baxanda gördü gəmidəkilər hamısı ona baxır. Qız da ağlayır. Hətta şah da orda idi. Tufan utandığından girdi suyun altına, daha çıxmadı. 
Qız şahın qızı idi. Elə adı da Şahzadə idi.     
Bundan sonra şah gəmisi həmişə dənizdə olanda Şahzadə gəmidən boylanar, Tufanla danışardı. 
-    Sən suda yoxa çıxanda, elə bildim boğuldun, camaatı köməyə çağırdım, amma heç kəs su soyuq idi deyən, suya tullanmadı. Saray adamlarının bir az ürəkləri bərk olur. 
-    Mən babamla yaşayıram. Adım Tufandır.
-    Nə qəribə adın var, Tufan.
-    Babam deyir məni tufandan sonra dənizdən tapıb, ona görə adımı da tufan qoyub. 
Şahzadə güldü, elə bildi oğlan yalan deyir. Beləliklə onlar dostlaşdılar. 
Bir gün Tufan suyun dibinə girib ordan böyük bir mirvari  tapıb gətirdi və onu Şahzadəyə hədiyyə elədi. 
Şahzadə hədiyyəni atasına göstərəndə acgöz vəzir də gördü:
-    Şah sağ olsun, bu çox qiymətli bir şeydir, O balıq oğlanı tutub gətirək saraya, hər gün gedib dənizdən bizə mirvari gətirsin. 
-    Onu razı salsan, yaxşı olar! 
-    Razılaşar, şahım, biz ona sarayda yaşamağı təklif eləsək, razılaşar. Nə cürətlə razılaşmaz! Boynunu vurdurarıq!
-    Həddini bil vəzir! Mirvaridən ötrü günahsız birinin boynunu vurduracayıq?
-    Baş üstə şahım, səhv dedim, siz düzgün buyurursuz! 
Şah adamları axtarıb, soraqlaşıb Tufangilin komasını tapdılar. 
Babaya fikirlərini bildirəndə baba ağladı:
-    Başınıza dönüm, şahın o qədər varı, dövləti. Yetim bir uşaqdan nə istəyir. Dənizdən hər gün bir mirvari nə təhər çıxardacaq tifil uşaq?
-    Az danış qoca! Razılaşmazsınız, zindana saldırarıq sizi.
Tufan dənizdən qayıdanda şah adamları nə demişdisə, baba da ona dedi. Tufan dedi:
-    Mən balıq kimiəm. Dənizsiz qala bilmərəm! 
Cavab vəzirə çatan kimi vəzir adamlarına göstəriş verdi:
-    Hər ikisi zirzəmiyə atılsın!
Vəzir gizlincə hər ikisini tutdurdu. Baba da, Tufan da həbsxanada qalmaqda olsun, görək Şahzadə neylədi...
Neçə dəfə şah gəmisi dənizə gəzməyə çıxsa da, Şahzadə Tufanı görmürdü. Dostundan lap nigaran qalmışdı. Gəmidə soyuqda o qədər dayanıb dənizə baxdı ki, axır sətəlcəm olub xəstələndi. O həm kefsizliyindən, həm də xəstəliyindən yemək də yemirdi. Şah soruşdu:
-    Nə istəyirsən qızım, ürəyin nə istəyir de!
-    Mən istəyirəm dənizdə itən dostumu tapıb gətirəsiz. 
Bu sözləri vəzir də eşitdi, digər saray adamları da. Hamı şahzadəni çox istəyirdi. Cəllad o saat dedi:
-    Dəniz oğlanı saraydadır, həbsdədir!  
-    Mənim niyə xəbərim yoxdur bundan vəzir?
-    Şah sağ olsun, kefinizi pozmaq istəmədim. Şah tapşırığını yerinə yetirmədiyinə görə onu zindana saldırmışam.   
-    Tez onu zindandan azad edib, yanıma gətirin! 
Tufan gəlib çıxan kimi Şahzadənin kefi düzəldi. Anasına dedi:
-    Ana, dediyim dəniz balası budur!
Tufan xanıma baş əyəndə şahın xanımı huşunu itirib yerə yıxıldı. Onu ayıldan kimi Tufanı bağrına basıb qışqırdı:
-    O mənim balamdır, körpə ikən yoxa çıxmış balam!
Hamı bu sirrə məttəl qalsa da, vəzir hər şeyi başa düşdü. O şahın oğlunu dənizə atdırmışdı ki, taxt-tac gələcəkdə ona qalsın! 
Ana ğlaya-ağlaya danışmağa başladı: 
-    Şah sağ olsun, o bizim balamızdır, yadınızdadırsa düz on iki il bundan əvvəl yoxa çıxmışdı. Onda körpəm doğulan kimi onun qulağına tək sırğa taxmışdım. Həmin sırğanın tayını isə özümdə saxlamışam.
Şah da sevinib Tufanı bağrına basdı. Şahzadə “qardaş” deyib Tufanı qucaqlayıb ağladı. 
Paxıl vəzir də yalandan güya sevindi:
-    Gözün aydın olsun şah, balan tapıldı! Bu gündən qırx gün, qırx gecə bayram eləməliyik! Süfrələr açılsın! Məmləkətdə hamıya şərbət paylansın! 
Vəzir belə deyib, getdi üç gümüş piyalədə şərbət gətirdi. Şaha, özünə və Tufana! 
Şah şərbəti içməmişdən əvvəl əlini qoydu oğlunun çiyninə, xeyli danışıb sevincini saray əhli ilə bölüşdü. 
Tufan Şahzadə kimi bacısı olduğuna sevinsə də, hamının gözləri onda idi deyə, utandığından boğazı qurumuşdu. Şahın danışıb qurtarmasını gözləyirdi ki, tez şərbət içsin. Darıxdığından gümüş məcmeyini yavaş-yavaş fırladırdı. 
Şah sözünü qurtaran kimi şərbətini götürüb başına çəkdi. Tufan da tez şərbətini içdi. Vəzir də içdi. Amma vəzir öz şərbətini içən kimi boğulmağa başladı. Başa düşdü ki, zəhərli şərbət özünə düşüb. 
Vaxtı ilə körpəni dənizə atmış vəzir, indi də öz pisliyinin qurbanı oldu. O istəyirdi Tufanı zəhərləsin, amma qurduğu tələyə özü düşdü. 
Tufan babasını da  saraya gətirdi. Üzməyi bacısına elə öyrətdi,  Şahzadə nə vaxt istəsəydi, gedib dənizin dibindən özünə mirvari gətiridi. Onlar xoşbəxt yaşayan kimi nağılımız qurtardı, göydən sehrli yağış yağmağa başladı. Sehrli yağış bütün acgözlərin gözlərini yudu, bütün paxılların, paxıllığını yuyub apardı. Ondan sonra insanlar daha çox sevinc içərisində yaşamağa başladılar.       


           

  Nağılçı: Gülzar İbrahimova