(hekayə)
Bir körpə uşaq vardı. Onun hələ heç bir yaşı yox idi. Gəzə də bilmirdi, iməkləyirdi. Danışa bilməsə də, “də-də-də”, “mə-mə-mə”, deyə, öz dilində nəsə deyirdi.
Körpə uşağın adı Yaşar idi. Bir söz deyim. Amma istəsən inan, istəməsən inanma. Yaşar düz üç dəfə, hə, hə, düz üç dəfə nənəsini ölümdən xilas elədi. Hə, hə... Düz üç dəfə! Bilmək istəyirsən necə?
Qoy danışım, xəbərin olsun!
Bir dəfə şəhərdən nənyə zəng gəldi:
- Nənə, hazırlaş, Yaşarı üç günlük sənin yanında qoyacağıq!
- Nə yaxşı! – deyə, nənə sevindi.
Nəvəsi gələnə qədər nənə bütün işlərini gördü. Həyətə çıxanda baxdı ki, odunlar həyətdə səliqəsiz yığılıb, səliqəyə salmağa başladı.
Bu vaxt nənə odunların altında böyük, qorxulu ilan gördü. İlan hirslə fısıldadı, nənəni çalmaq istədi. Nənə qorxaq nənə deyildi. Qorxub eləmədi. Əlindəki odunla ilanı vurmaq istəyəndə ilan elə qıvrıldı, odun ilanın quyruğuna dəydi. İlanın quyruğunun ucu qopub, yerdə qaldı.
İlan bir anda qıvrıla-qıvrıla yox oldu.
Bir azdan nənənin sevimli nəvəsi gəldi. Nənəni görən kimi körpə güldü, özünü onun qucağına atıldı. Nənənin qucağında sevinsə də, dəcəl körpə qucaqda çox qalmadı. Yerə - otların üstünə düşmək istədi.
Nənə onu yerə qoyan kimi iməkləyib girdi nənənin geyindiyi enli tummanın altına, orda azca oturandan sonra tummanın bir tərəfini qaldırıb hamıya “dəəyy” elədi.
Hamı gülüşdü. Bu körpələrin gizlənpaç oyunudur. Danışa bilməyən körpələr gizlənpaçı belə oynayır.
Yaşar “Dəəyyy” eləyib, neçə dəfə gizləndi. Onun bu şirin oyununa ən çox nənə güldü.
Ata, ana vacib işləri olduğundan Yaşarı nənənin yanında qoyub şəhərə qayıtdılar. Yaşar onların arxasınca ağlamadı da. Kənd körpə üçün çox maraqlı idi.
Əvvəl Yaşar maraqla hər yana baxdı. İkinci gün isə artıq dəcəllik eləməyə başladı. O, nənəni iş görməyə qoymur, hər şeyi töküb-dağıdırdı.
Nənə bilmədi neyləsin. Axırda şalını götürüb Yaşarı belinə bağladı. Nənə işsiz dayanmırdı deyə, nənənin belində qalmaq Yaşarın xoşuna gəldi. O qığıldanmağa, bütün günü “də-də-də-də”, mə-mə-mə-mə”, deyib, öz dilində danışmağa başladı.
Acanda nənə onu yedirdir, rahatlayır, sonra yenə belinə bağlayırdı. Yaşar üçün nənənin beli rahat və maraqlı idi. Ordan hər yer görünürdü.
Nənə iş görəndə gah mahnı oxuyur, gah layla deyirdi. O, toyuqlara dən verir, quzularlın başını tumarlayır, inəyi sağırdı. Yaşar yorulanda nənənin belindəcə yatırdı.
Bir gün günortadan sonra nənə balaca vedrəsi əlində, nəvəsi belində - meşəyə, - göbələk yığmağa getdi. Yorulanda bir ağacın kölgəsində oturdu ki, dincəlsin. Yaşarı belindən açıb yerə qoydu. Elə təzəcə oturmuşdu, Yaşar girdi tummanının altına, nənə ilə gizlənpaç oynamağa başladı.
- Dəəəyy!
Nənə körpənin belə şirin hərəkətlərinə ürəkdən gülürdü. Oyun həm nənənin, həm də körpənin xoşuna gəlirdi.
Körpə bunu o qədər elədi ki, nənə yoruldu. Yorğunluqdan onun gözləri yumulurdu. Nənə uşağı qucaqlayıb dedi:
- Gəl, azca uzanıb, dincələk!
Körpə onun qolları arasından çıxdı. “Də-də-də”, deyib, nənənin tummanını qaldırıb başına saldı. O, nənə ilə gizlənpaç oynamağa hazırlaşdı.
Birdən bir qara ilan yavaş-yavaş nənəyə tərəf süründü. O, qəfidən başını qaldırıb fısıldadı, nənəni çalmaq üçün onun üstünə tullandı.
Bu vaxt gizlənmiş körpə tummanı qaldırıb “Dəəyyy” edəndə, Ilan necə qorxdusa, qorxudan qıvrıla-qıvrıla yoxa çıxdı.
Mürgüləyib, gözünü yummuş nənə körpənin gülüş səsinə oyandı. Heç nədən xəbərsız nəvəsini qucaqlayıb, ağacın kölgəsində uzandı.
Nənənin ilandan xəbəri olmadı. İlan həmin ilan idi ki, nənə quyruğundan vurmuş, quyruqu çıxmışdı. İndi nənəni axtarırdı qisas alsın.
Nənə axşam inəyi sağanda bir az aralıda nalça döşək qoyub Yaşarı yerə oturtdu. Qarşısına da rəngli yumaq saplar tökdü ki, oynasın, başı qarışsın, dəcəllik edib, ora-bura iməkləməsin.
Sonra inəyi sağmağa başladı. Əvvəl həmişəki kimi balaca kasaya süd sağıb yanında yerə qoydu. Sonra yenə inəyi sağmağa davam elədi.
Bu vaxt ilan səssizcə gəldi, dişlərini kasaya dayayıb zəhərini südə tökdü. İlan bilirdi ki, nənə inəyi sağanda hər gün bu qabdan süd içir.
Körpə ilanı görəndə ona tərəf iməklədi ki, onu götürsün. İlan gedəndə arxasınca baxdı. Kasada süd görəndə ağlayıb süd istədi. Nənə onu başa düşüb dedi:
- Sənə şirin süd verəcəyəm. Azca gözlə, südü bişirim, verəcəyəm! Körpələr qaynanmamış süd içməz.
Dəcəl körpə nənəni başa düşən kimi ayaqlarını yerə döyüb süd istədi. Başa düşəndə ki, nənə bu südü ona vermək istəmir, rəngi qızardı, hirsləndi:
- Də-də-də... - deyib, ayağı ilə süd kasasını aşırtdı.
Nənə dağılmış südü görüb başını buladı. Nəvəsini qucağına alıb gətirdi təzədən nalça döşəyin üstünə qoyub dedi:
- Can, də-də-də! Mənim dəcəl nəvəm! Otur burda, saplarla oyna, nənə inəyi sağsın, sənə şirin süd versin! – deyib nənə dağılmış südə baxıb dedi.
Süd dağıldı. Elə yaxşı oldu. Nənə zəhərlənmiş südü içmədi.
İlan çox qəzəbli və kinli idi. Fikirləşirdi ki, bu gün mütləq nənəni çalıb, ondan quyruğunun qisasını alacaq.
Nənə olanlardan xəbərsiz mahnı oxuya-oxuya südü evə gətirdi. İnəkdənsağdığı təzə süddən saplıcaya töküb bir az ocaqda bişirdi ki körpəyə versin. Süd qaynayan kimi onu taxtın üstünə qoydu, soyusun. Yaşarın ora əli çatmırdı.
Nənənin başı işə qarışdı. Bu gün ilk dəfə nəvəsi Yaşar taxtın bir tərəfindən tutub səndələyə-səndələyə ayağa qalxdı. Taxtın üstündə onun oyuncaq avtobusu vardı. Qalxdı ki ordakı avtobusu ilə oynasın.
Yaşar avtobusun təkərlərini taxtın üstünə sürtdü-sürtdü və birdən buraxdı. Mexaniki avtobusun təkərləri həkətə gəlib taxtın üstü ilə sürətlə irəlilədi. Getdi-getdi, qaynar süd qabına neçə dəydisə, süd dağıldı. Körpə qarnını taxta dayadı əllərini yuxarı qaldırıb sevincək qışqırdı:
-Də-də-də, də-də-də...
Dəcəl nəvə südü yenə dağıdanda nənə məəttəl qaldı. Amma görəndə Yaşar ilk dəfə özü ayağa durub, sevindi. Onu qucaqlayıb dedi.
- Can “də-də-də”! Yaşar balam özü ayağa qalxdı, gözümüz aydın!
Amma nənənin xəbəri olmadı ki, süd dağılanda ilanın başına tökülüb. İlan gizlənibmiş ki, nənəni çalsın. Bu dəfə körpənin avtobusu nənəni zəhərli ilandan xilas edib. Avtobus necə sürətlə gəlibsə, süd olan saplıca qabı taxtdan yerə salıb. Qaynar süd də yerə dağılnda tökülüb ilanın başına. Başı yanandan sonra yaşıl ilan qorxudan daha heç vaxt nənənin evinə tərəf gəlmədi.
Beləliklə, balaca, dəcəl Yaşar düz üç dəfə nənəni zəhərli ilandan qurtardı.
Müəllif: Gülzar İbrahimova