Yalançı qəhrəman və ya diş ağrısı

(hekayə)

  Bir gün Toğrul adlı bir oğlan bağçadan evə qayıdanda anasına dedi:

-Ana, bağçada bayram şənliyi olacaq. Sən mənə qəhrəman kostyumu tikə bəilərsən?

 Ana cavab verdi:

-Əlbəttə, necə kostyum istəiyrsən?

 Toğrul sevindi:

-Görmüsən Hörümçək adam filmini? Orda oğlan göydə uçur, çətinə düşənləri xilas edir, o kostyumdan istəyirəm!

 Ana  oğluna söz verdi ki, ona mütləq həmin kostyumdan tikəcək!

 Səhərisi günü Toğrulun dişi ağrımağa başladı. Anası dedi:

-Gəl həkimə gedək!

 Toğrul qaçdı otağına və qapını bağladı. Ordan qışqırdı:

-Heç vaxt həkimə getmərəm. Ağrı öz-özünə keçəcək!

Ana dilxor olsa da daha bir söz demədi. Bir neçə saat keçdi. Ağrı isə get-gedə güclənirdi.  Ana oğlunun əlindən tutub onu zorla poliklinikaya apardı. Həkim Toğrulun dişinə baxmaq istəyəndə Oğlan sıçrayıb kreslodan ayağa durdu «Qorxuram!», deyə qışqırıb küçəyə qaçdı. Anası onu görəndə Toğrul dovşan kimi əsirdi. Anası onu başa salmaq istədi:

-Belə ağrılı dişlə şənliyə necə gedəcəksən?

Toğrul tərslik elədi:

-Gedərəm, sən bircə kostyumu tik!

 Gecəyə qədər ana kostyumu tikib qurtardı. Onu oğluna uzadıb dedi:

-İndi isə geyin, görək necə qalır əynində?

 Toğrul kostyumu geyinib güzgünün qarşısında dayananda gördü ki, iki uzun qulağı var. Az qala onu ağlamaq tutdu:

-Mən qəhrəman kostyumu istəmişdim, sən dovşan kostyumu tikmisən!

 Ana dedi:

-Necə qəhrəmansan ki, diş həkimindən qorxursan? Nə vaxt özünü qəhrəman kimi aparsan, o vaxt da qəhrəmanlar geyən kostyumdan geyə bilərsən!

 Toğrul səhvini başa düşdü. Səhər şənliyə getməzdən qabaq diş həkiminin kreslosunda qəhrəman kimi oturub dişini müalicə elətdirdi.

    Müəllif:  Gülzar İbrahimova