(nağıl)
- Əli, həyətə düşəndə bacını da apar! Əli, Aytənlə oyna, darıxmasın! Bacına nağıl danış!
Əlinin bacısından xoşu gəlmirdi. Anadan olandan elə hey ağlayırdı. Yemək istəyir, ağlayırdı, yatmaq istəyir, ağlayırdı. Ananın da işi çox olurdu deyə, çox vaxt onunla oynamağı Əliyə tapşırırdılar. Əlinin Aytəndən heç xoşu gəlməzdi. Küsəyən, ağlağan olduğuna görə adını “Zəhlətökən Aytən” qoymuşdu.
Bir gün Əligil ailəliklə kəndə gəzməyə getdilər. Ata, ana, Əli, Aytən. Avtobusda şokolad yedilər. Aytən yenə şokolad istədi. Şokolad yox idi. Aytən elə bərk ağladı, səsi avtobusu götürdü. Avtobusdakılar nə qədər elədi, səsini kəsmədi. Əli utandığından, hirsindən qıpqırmızı qızardı, əlləri ilə qulaqlarını tutdu ki, Aytənin səsini eşitməsin. Hərdən də anaya deyinirdi:
- Heç kəsin belə zəhlətəkən bacısı yoxdur!
- O balacadır, çoxu uşaq vaxtı ağlağan olur!
- O bağçada da elədir. Ağlayanda qonşu qrupdan səsi böyükərin qrupuna gəlib çatır.
- Sakit ol, o sənin bacındır!
- İstəmirəm belə bacını, adamı hər yerdə biyabır edir.
Meşədə gəzməyə gedəndə də Əli onunla gəzmək istəmirdi. Əli bulaqdan su içməyə gedəndə Aytən də dalına düşdü. Əli qışqırdı:
- Qayıt, balacasan, gəlmə, deyəndə, yenə ata Aytəni müdafiə elədi:
- Səsini qaldırma bacına, o balacadır!
- Əlindən tut, onu da apar! – Ana elə gözəl səslə dedi, Əli razılaşdı.
Təzəcə bulaq başına çatmışdılar, su içirdilər, Əli başını qaldırıb gördü başlarının üstündə qapqara bir canavar dayanıb. Canavar dişlərini qıcıyıb düz Əlinin üstünə gəlirdi. O, əvvəl yavaşca mırıldandı, sonra dişlərini bir-birinə qıcıdı. Əlini qorxudan titrəmə tutdu. Ağlına belə bir fikir gəldi: “Bərkdən qışqırım, qaçım, hamını köməyə çağırım”.
Elə bil canavar onun fikrini başa düşüb, daha sürətlə gəlməyə başladı. Onda Əli bacısının əlindən tutdu: “Nə olur-olsun, bacımı qoyub qaça bilmərəm!”.
Bu vaxt Aytən qorxub elə bərk ağladı, “canavar” qorxudan dik atıldı, üz tutdu qaçmağa. Əli sevindiyindən bacısını qucaqladı. Səsə ata və ana gəldi. Əli başlarına gələnləri danışanda ata ilə ana həyəcanlanmaq, qorxmaq əvəzinə güldülər. Ana dedi:
- Afərin oğlum! Çətin anda bacını darda qoymamısan!
- O canavar deyil, Qoruqçunun itidir. Elə canavara oxşadığına görə adı Canavardır. Heç kəsə dəyib-dolaşmır! Amma, sənə afərin, Canavarı qovub bacını ondan xilas etməyə çalışmısan! - Ata da belə dedi.
Həmin gündən Əli daha heç vaxt bacısının ağlamağına hirslənmədi. Niyə də hirslənsin? Onun bacısı çox qəşəng ağlayırdı.
Nağılçı: Gülzar İbrahimova