Anaş toyuq Kənanı necə dəyişdirdi


(hekayə)

  Biri vardı, biri yoxdu, bir dəcəl oğlan vardı. Adı Kənan idi. Kənan kəndə gedəndə lap dəcəl olardı. Pişiyi sapandla vurar, quşa daş atar, it zəncirdə olanda ona kolbasa uzadar, amma verməzdi. İt hürər, hirsindən zənciri çeynəyərdi.

  Həyətdəki hovuzdan balıqları çıxarar, balıqlar susuzluqdan çapalayıb yorulana qədər onları susuz saxlayar, sonra onları suya atardı. Palçığa girər, sonra palçıqlı- palçıqlı eyvanda gəzər, nənəsinə iş artırardı.
Bir gün nənə dedi:
 - Heyvanları hirsləndirmə, yazıqdırlar! Onların dili yoxdur ki, sənə desinlər “bəsdir!”.
 Kənan nənəyə qulaq asmadı, babasını da eşitmədi.
 Gecə yatanda yuxuda Alabaşı gördü. Alabaş yazıq-yazıq zingildəyir, insan kimi danışırdı:
- Kənan, nə olar mənimlə işin olmasın! Mənə daş atsan da, heç omasa balamı incitmə!
Kənan güldü, cavab vermək əvəzinə, sapanda daş qoyub Alabaşın düz gözünə nişan aldı. Vurmaq istəyirdi ki, Alabaş hürdü, Kənan it hürməsinin səsinə yuxudan oyandı, oyanıb baxdı ki, toyuqların dənini qarğa yeyir deyə, Alabaş hürə-hürə onları qovur. Kənan oyanan kimi həyətə qaçdı. Tez  Alabaşa bir daş atdı. Alabaş zingildəyib yuvasına girdi. Kənan orda cücələrə baxmağa getdi, onu aparıb arxda soyuq suda çimdirdi. Cücə islanıb titrəməyə başladı, gətirib onu yerinə qoyanda, Anaş toyuq hirslə elə qaqqıldadı ki... Balasını titrəyən görəndə isə, hirslə hində o baş-bu başa yeriməyə başladı.
   Kənan o biri cücəni götürmək istəyəndə isə birdən Kənanın üstünə tullandı, dimdiyi ilə onun iki qaşının arasından elə vurdu ki, bir anda Kənanın üzünə qan axmağa başladı. Kənanı tez həkimə apardılar. Həkim yaraya dərman qoyub bağladı və dedi:
 - Toyuq elə zərblə vurub ki, damar deşilib. Yaxşı ki tez həkimə gətirmisiz, yoxsa pis olardı.
 Bir neçə gün Kənanın gözlərinin üstü və altı elə şişdi ki, Kənan heç ayağının altını da görə bilmədi. Amma bir gün Kənanın yarası sağaldı, sağalandan sonra Kənan tamam dəyişdi. Daha ona heç kəs dəcəl demədi.

 

               Müəllif: Gülzar İbrahimova