(nağıl)
- Yenə günorta hazırlıq kursundan qayıdandan sonra yemək yeməmisən?
- Ac deyildim, ana!
- Yəqin yenə Maqdonaldsda yemisən?
- Ordakı yeməklər çox xoşuma gəlir.
- Bəs onda mən niyə hər gün sənə yemək bişirirəm?
- Onlar yeməklə birgə hədiyyə də verirlər.
- Nə hədiyyə istəyirsən alım sənə. Mağazada hər cür hədiyyə var!
- Maqdonaldsın hədiyyəsindən heç yerdə yoxdu. İstəyirsən gətirim, bax! Elə maraqlıdılar...
- Gətir, baxım... – Deyib oyucaqları tərifləsələr də, Uzun müzakirədən sonra valideynləri Elcana hər gün Maqdonaldsa getməyə icazə vermədilər. Bu gündən sonra Elcan evdə nahar eləməli idi. O, nə qədər anasından, atasından xahiş eləsə də, axırda ona həftədə yalnız bir gün Maqdonaldsa getməyə icazə verdilər. Elcan gözləri dolmuş gedib yatdı. Bikef-bikef fikir elədi: “Daha mən Maqdonaldsdan oyuncaq almayacağam? Bunun üçün düz bir həftə gözləməliyəm? Beş gün yatıb-durmalıyam ki, Maqdonaldsdan bircə dəfə yemək yeyim, bircə dənə də hədiyyə alım? Sonra yenə neçə gün gözləməliyəm. Bu dəhşətdir! Ürəyim partlayacaq. Bu qədər gözləmək olar? Heç mənim istəyimə baxan yoxdur! Fərqi nədir mən harda yemək yeyirəm. Ac qalmıram ki...
Görərlər... Gələcəkdə mən böyük olanda, özüm maaş alanda hər gün Maqdonaldsa gedəcəyəm. Gündə iki dəfə... Orda yemək yeyəcəyəm, dondurma yeyəcəyəm... Çoxlu oyuncağım olacaq... Amma böyüklər oyuncaq oynatmır axı...
Yox, onda gələcəkdə mənim uşağım olanda mən onu gündə bir dəfə Maqdonaldsa aparacağam. Görərlər.. Yox, gündə bir dəfə yox, gündə iki dəfə, yox, gündə üç dəfə aparacağam. Heç vaxt qəlbini qırmayacağam... Görərlər...
Gecə Elcan o qədər fikirli yatdı ki, yuxuda da oyuncaq gördü. Gördü ki, nə ki Maqdonaldsdan alıb-yığdığı hədiyyələr var, ondan nəyə görəsə küsüb-inciyiblər. Özləri də gəmiyə minib harasa – uzağa getməyə hazırlaşırlar.
Elcan nə qədər onlara ağlayıb-yalvarır qayıtsınlar, qulaq asmırlar. Özü gəmiyə qalxmaq istəyir, bu vaxt asma pilləkəni qaldırıb-yığırlar, Elcan kəndirdən sallana-sallana qalır, qışqırır. Bu vaxt qəfildən oyuncaqlardan biri – balaca Spaydermen bir anda uçur, onu qaldırıb gəmiyə qoyur. Elcan sevinir:
- Sağ ol, məni xilas elədin! Amma belə balaca boyla məni necə qaldırdın?
- Spaydermenlər güclü olur. Kim dara düşsə, köməyinə çatırlar.
- Hara gedirsiz? Mən istəmirəm uzaga gedəsiz! – Elcan belə deyəndə Spaydermen cibindən yaşıl zolaqlı, oyuncaq yumurta çıxarib Elcana uzatdı:
- Al bu yumurtanı... – Belə demişdi, gəmi elə fit verdi, elə fit verdi... Elcan heç nə eşitmədi. Fit səsi kəsilən kimi Elcan anasının səsini eşitdi:
- Qalx, vaxtdır! Sonra gecikərsən, dərs başlanar! Dur mənim gözəl balam! – Deyib anası onu öpdü. Amma Elcan tez yorğanı başına çəkdi ki, yuxusunun ardını görsün və Spaydermenin ona verdiyi yumurtanı alsın. Lap yumurtanı ala bilməsə də, Spaydermen ona hara və niyə getdiklərinin səbəbini desin. Bəlkə oyuncaqlar ondan inciyib. Niyə incisinlər? Elcan onların hamısı ilə oynayır, sonra da səliqə ilə yerinə qoyur. Oyuncaqlar Elcandan inciməz. Ana bu vaxt yenə Elcanı çağırdı:
- Elcan, vaxta az qalıb, tez qalx ayağa!
- Ana, az da olsa mütləq yatmalıyam ki, yuxumun ardını görüm!
- Tez qaç yuyunmağa! – Ana belə deyəndə Elcan başa düşdü ki, daha yatmaq mumkun olmayacaq. Durub narazı-narazı yuyundu, keçdi mətbəxə. Elcan tez yeməli, sonra geyinməli idi. Amma Elcan hələ yuxulu idi. O, başını stola qoyan kimi mürgülədi və yenə də yuxunun ardını görməyə başladı. Həmin Spaydermen yenə Elcanın yuxusuna girib ona yumurta hədiyyə uzatdı:
- Al, al bu yumurtanı və diqqətlə mənə qulaq as!
Eyni vaxtda nənə də Elcanın başını tumarlayıb dedi:
- Al, götür yumurtanı, başını niyə stola qoymusan, özünü pis hiss edirsən? – Bu dəfə də nənə Elcanı yuxudan oyatdı. Əlində soyduğu bişmiş yumurtanı nəvəsinə verib dedi, - ye bu yumurtanı, dadlıdır.
- Nənə, bu dəfə də sən mənə mane oldun, qoymadın yuxumu görüm. Niyə qoymursuz Spaydermen sözünü desin?
- Bala kimi deyirsən? - Nənə hər tərəfə boylanıb yenə sual verdi. - Burda axı heç kim yoxdur? Başına dönüm, yuxu görürdün?
- Dönmə başıma, heç nə istəmirəm, ac gedəcəyəm dərsə! Qoymursuz yuxumu görüm qurtarım!
Elcan yuxusunun gədiyini bəhanə edib deyinə-deyinə səhər yeməyini yedi. Çantasını da götürüb yaxınlıqdakı hazırlıq kursuna getdi.
Elcangilin evləri Maqdonaldsa yaxın olduğundan yolunu onun həyətindən saldı. Bu vaxtlar Maqdonalds bağlı olardı. Amma çox qəribə idi ki, həyətdə Spaydermen paltarında bir nəfər gəzirdi. O, Elcanı görəndə gülümsədi, barmağının hərəkəti ilə onu yanına çağırdı. Elcan sevincək ona yaxınlaşanda gözlərinə inanmadı. Bu eyni ilə yuxuda gördüyü Spaydermen idi. Yəni, Spaydermenlərin bir-birinə oxşamasi cox da təəccüblü olmaya bilərdi. Amma əlində tutduğu oyuncaq yumurtanın rənginin də eyni, yaşıl zolaqlı olması... Bu idi Elcanı təəccübləndirən. Onun səsini eşidəndə həyəcandan bir anlığa dondu.
- Maqdonaldsı, onun oyuncaqlarını çox xoşlayan oğlan sənsən?
- Maqdonaldsı bütün uşaqlar xoşlayır! – Deyə Elcan düzü bir az qorxdu.
- Amma sənə tez-tez maqdonaldsa gəlməyə qoymadılar, bikef oldun, elədir?
- Elədir! Siz bunları hardan bilirsiz?
- Bizim xüsusi aparatımız var, kim Maqdonaldsa görə kədərlənir, aparatda qırmızı işıq yanır, bizə xüsusi siqnallar gəlir. Çalışırıq ona kömək edək.
- Maraqlıdır!
- Al, götür bu yumurtanı, sənə hədiyyə göndəriblər!
- Kim göndərib?
- Maqdonaldsın rəhbər işçilərindən biri
- Çox sağ olun, bir neçə gündən sonra özüm gəlib Maqdonaldsdan yemək alacağam, onda hədiyyə də verəcəklər!
- Yox, bu ondan deyil!
- Necədir?
- Bu sehrli yumurtadır və o “Ana hədiyyə”dir!
- Necə yəni, “Ana hədiyyə”dir?
- Mən sənə sirr açacağam, amma söz ver, bu sirri heç kəsə açmayacaqsan!
- Söz verirəm!
- Bil ki, 100 il bundan əvvəl Mak və Donalds adlı iki sehrbaz qardaş olub. Onlar uşaqları çox seviblər, həmişə onları sevindirmək haqda düşünüblər. Ona görə uşaqlar üçün balaca bir kafe açıblar. Sonra onu rəngarəng bəzəyiblər. Kafedə uşaqların xoşuna gələn sendviçlər, makkofelər hazırlayıblar. Bu yeməkləri uşaqlar o qədər xoşlayıb ki, Maqdonalds az vaxtda məhşurlaşıb, böyük qazanc gətirib. Mak və Donalds qardaşları kafeni böyüdüb şəhərin bir neçə yerində açıblar. Özləri də böyük şirkət sahibi olublar. İşə götürdükləri bütün rəhbər işçiləri də elə ovsunlayıblar ki, uşaqları sevsinlər və həmişə sevindirsinlər.
Sehrli qardaşlar şirkətdə çalışan bütün rəhbər işçiləri elə ovsunlayıblar ki, rəhbərlər həm qəribə, həm də qeyri-adi olurlar. Onlar nə iş görsələr, neyləsələr, hər işlərində uşaqları sevindirmək haqda fikirləşirlər.
Şirkətin Nizamnaməsi bu sözlərlə başlayırdı: “Uşaqları hər zaman sevindirmək haqda düşün!”. Maqdonalds şirkəti bu günə qədər bu ənənəyə sadiq qalıb. Bax, elə bu sehrli yumurtanı da sənə şirkət rəhbərlərindən biri göndərib.
- Çox sağ olun! – deyib Elcan yaşıl, zolaqlı yumurtanı Spaydermendən aldı. Onu əlində fırlayaraq, xeyli baxdı, gülümsədi. Getmək istəyəndə Spaydermen dedi:
- Amma mən yumurtanın sirrini sənə açmadım?
- Nədir yumurtanın sirri?
- Qulaq as! Bu yumurtanı nə açmaq olar, nə də oynatmaq!
- Niyə?
- Bayaq dediyim kimi o “Ana hədiyyə”dir. Onun İçərisinə saat qurğusuna oxşar elə qurğu yerləşdirib ki, hər gün hava qaralan kimi yanında kiçik bir hədiyyə olur.
- Məgər hədiyyələri zavodlarda hazırlamırlar?
- Xeyr! Səncə o balacalıqda hədiyyələri zavodlarda, fabriklərdə düzəltmək mümkündür? Əlbəttə yox!
- Doğru deyirsiz? – Deyə təəccübdən ağzı açıla qalmış Elcan soruşdu.
- Əlbəttə! – Deyib Spaydermen sözünü davam elədi. – Yumurtanı gecədən qaranlıq yerdə saxlamaq lazımdır ki, onu heç kəs görməsin. Yoxsa, səhər sənə hədiyyə verməz!
- Harda saxlasam yaxşı olar?
- Balıncın altında!
- Yaxşı! Orda saxlaram!
- İndi isə qaç dərsə, gecikərsən!
- Hədiyyəyə görə çox sağ ol! – Deyib Elcan məktəbə qaçdı. Gecəni gözlədi. Nə qədər gözünü yumdu, həyəcandan gözünə yuxu getmədi. Səhər işıqlanan kimi tez balıncı qaldırdı. Nə görsə yaxşıdır?
- Uraaa! – Deyib necə qışqırdısa, hamı səsinə gəldi. Amma söz vermişdi deyə, sirrini heç kəsə açmadı.
Bundan sonra Elcan hər gün sevindi. Onun balıncının altından elə maraqlı hədiyyələr çıxırdı... Hər dəfə də onun sevincdən az qala ürəyi partlayırdı. Səhərlər güclə yuxudan duran Elcan, indi hər səhər tez oyanırdı ki, görsün bu gün hədiyyənin içərisindən hansı oyuncaq çıxıb?!
Hədiyyələr isə biri-birindən maraqlı və gözəl idi.
Amma, Sehrli yumurta şirkətin rəhbərləri kimi Elcanı da çox dəyişmişdi. O, əvvəllər oyuncaqlarını yığar, onları oynatmağa belə heç kəsə verməzdi. Amma indi isə əksinə, evdə bir dənə də olsun oyuncaq saxlamaz, əlinə düşəni paylayardı. Hətta yaxınlıqda uşaq bağçasındakı uşaqlara o qədər hədiyyə paylamışdı, uşaqlar onu görəndə qışqırırdılar:
- “Hədiyyə Elcan” gəlir! “Hədiyyə Elcan” gəlir! Uraaa!
Elcan tamam dəyişmişdi. Deyəsən Maq və Donalds qardaşlarının “Uşaqları hər zaman sevindirmək haqda düşün”, ovsunu ona da keçmişdi.
Nağılçı: Gülzar İbrahimova