Amfibiya oğlan - Osman

(nağıl)

-    Aman Allah, bu uşaq dənizdə çimib! – deyib nənə dizlərinə döydü. 
-    Çimmişəm nənə! 
-    Sətəlcəm olacaqsan! Gəlin, sən hara baxırdın Osman dənizə girəndə? 
-    Narahat olma, ana, heç nə olmaz! Keçən il də bu vaxtdan başladı dənizə girməyə, qışda bir dəfə də olsun, xəstələnmədi. 
-    A qızım, tez onu qurula, necə heç nə olmaz? İlin-günü bu vaxtında, aprelin bu kəsən soyuğunda  kim çimir dənizdə?  
-    Nənə, bu gün mayın biridir, aprel qurtardı! – Osman dedi.  
-    Qoy atan gəlsin, deyəcəyəm ona, bu hərəkətinə görə səni cəzalandırsın!
-    Atasından səhər icazə alıb! – Ana nənəni sakitləşdirə-sakitləşdirə, Osmanın qulaqlarını quruladı. Osman paltarlarını dəyişib gəlib nənəsini qucaqladı. Nənə təsbehini hirslə çevirə-çevirə oğlunun da, gəlininin də, nəvəsinin də qarasınca deyindi. Sonra “Soyuqdəymən canından çıxsın”, deyib Osmanı yorğanın altına basdı. 
-    Mənə soyuq deyil, - deyib nənəni öpdü və həyətə - dostlarının yanına qaçdı.
Hər dəfə Osman dəniz mövsümünü belə hay-küylə açırdı. 
Osmangil  Bakının Görədil kəndində - düz Xəzərin sahilinə yaxın yaşayırdılar. Qonşuluqda bir balıqçı Rəfail baba vardı, o hər gün rezin qayığını, torunu, tilovunu götürüb balıq tutmağa gedərdi. Osman hər dəfə dərsə gedəndə balıqçı baba ilə rastlaşırdı. Rəfail baba Hətta bir dəfə  Osmanı da özü ilə balığa aparmışdı. Osman dənizi, balıqları o qədər çox sevirdi ki, Rəfail baba tutduğu balıqların ən balacalarını tutub gizlincə atırdı suya. 
Rəfail baba Osmanı çox istəyir, dənizin sirrlərini ona açırdı:
-    İstəsən dəniz sənin ən yaxın dostun olar. Sevincini də, kədərini də onunla bölə bilərsən! Nəyisə çox arzulasan, arzunu dənizə de, onda mütləq həyata keçəcək. Dənizlə dost ol, o həmişə təmiz olur, çirkab xoşlamaz, dənizdən sonra qaçıb adi suda yuyunma, qoy dənizin sehrli, gözəl suyu canında qalsın. Nədənsə narahatçılığın olanda, dərdini dənizə de, görəcəksən necə yüngülləşirsən, ürəyin sakitləşir... 
Osmanın ata-anasına tapşırardı: 
-    Osmana dəyməyin, may ayı başlayan kimi dənizdə üzsün! Ondan sonra elə sağlam olacaq ki... Soyuqdəymə onun yanından yel olub ötə də bilməyəcək. Ondan sonra soyuqlar düşənə qədər də qoyun üzsün. 
Rəfail baba dənizdən çox balıq ovlayanda kefi kök olar, oxuyardı:
Dəniz sevən olar sağlam,
Bilməz nədir dəva-dərman.
Dəniz qoynunda böyüyən,
Uzaq olar dərdi-sərdən!
Osman böyüyəndə Rəfail baba kimi hər gün dənizə getmək istəsə də, balıq tutmaq istəmirdi. O, dənizdə işləmək, gəmidə kapitan olmaq istəyirdi.  
Bu axşam Osman saat doqquz olan kimi yatmağa gedəndə hamı təəccübləndi. Ana soruşdu:
-    Osman, səndən çıxmayan iş, nə olub, nə əcəb səndən belə tez yatırsan?
Osmanın yerinə nənə cavab verdi:
-    Nə olacaq, bumbuz suda çimib, azarlayıb! Başına dönüm, gəl belinə banka qoyum! - Nənə belə deyəndə Osmanın gözü bərəldi:
-    Niyə nənə, mən xəstələnməmişəm, banka lazım deyil!
Ata da təəccübünü gizlətmədi:
-    Maraqlıdır, səndən çıxmayan iş, həmişə saat on bir olmasa yatmırsan.
-    Bu dəniz sirridir, ata! Heç kəsə aça bilmərəm! Rəfail baba deyib ki, dəniz sirrini bircə qağayılara açmaq olar! -  Osman belə deyəndə hamı gülüşdü. Bircə nənə sakitləşmədi: 
-    Hara yatsın, uşaq azarlayıb, ayaq üstə durmağa halı yoxdu, ona görə tez yatır. Gecə qızdırması qalxmasa yaxşıdır. 

Sualtı dünyanın çiçək ətirli yuxuları

Osmanın isə kefi çox yaxşı idi. Yataq otağına girən kimi sevincək çarpayıya tullandı.
O, özünü xoşbəxt hiss edirdi. Neçə ay idi ki, həsrətlə dəniz mövsümünün açılmasını gözləyirdi. Deməli, bu gündən o hər gün dənizdə çiməcəkdi. Keçən ildəki kimi... Hətta, gecələr yuxuda da dənizdə üzəcəkdi, gözəl, yuxular görəcək, balıqlarla suyun altında maraqlı macəralar yaşayacaqdı. 
Osmangilin evi dənizin düz yaxınlığında idi. Dəniz ləpələrinin səsi evdə eşidilirdi. Özü də bu oğlan dənizdə yay, yaz, payız o qədər çimmişdi ki, onda dənizə, suya, sahilə, qəribə bir məhəbbət yaranmışdı. Hətta suyun dərin yerində hərəkətsiz ayaq üstə dururdu, qəribə burasında idi ki, batmırdı. 
Doğrudan da Osman üzüb sahildən elə uzağa gedirdi, kənd camaatı narahat olur, nigaran qalır, bunda günahı ata-anada, Osmanda da yox, hətta Rəfail babada görürdülər. 
-    Qoca kişisən, bu cür risk edirsən, O körpəni niyə öyrədirsən üzüb sahildən o uzaqlıqda aralanır... 
Rəfail baba hər yerdə Osmandan danışırdı:
-    Kəndimizin fəxridi. O suda batmaz, o uşaqda balıqlaşma gedir! 
Bir dəfə Osman dostları ilə “Anfibiya adam” filminə baxanda həycanla dedi:
-    Mən də Anfibiya adamam! 
-    Doğrudan, “Amfibiya adamsan”!.- dostları o gündən Osmana “Amfibiya oğlan” adı qoydular. 
Bu gün Osman dənizdə çimib, mövsümü açdı. O qədər sevinirdi... Sevincinin hüdudu, qədəri, sevinci sonsuz olsa da onu əsas sevindirən dənizdə çimməkdən də çox, həmin gecə görəcəyi sehrli yuxular idi.
Həqiqətən də Osman belə rəngli, möcüzə, sirr dolu yuxuları yalnız Xəzər dənizində çiməndən sonra yatanda görə bilirdi. Antaliyaya olanda dənizdə çimsə də, sehrli yuxular görə bilmirdi. Bu sehrli yuxular 3 yaşından Osmanın yuxusuna girirdi. 
Yuxular o qədər maraqlı idi ki, Osman onları qağayılardan başqa heç kəsə danışmırdı. Qorxurdu ki, kiməsə danışsa, daha heç vaxt həmin yuxuları görməsin. 
İndi gəl, Osman sirrini qağayılara açmazdan öncə mən sənə açım!
Yuxular elə əsrarəngiz idi ki, sanki nağıllar ələmi idi...
Sahil... Dupduru, göz yaşı kimi su. Osman qaçıb suya tullanır. Üzür, üzür, dənizin lap dərininə üzür. Elə ki suyun dibinə çatdı, bu vaxt bütün balıqlar – özü də bir-birindən gözəl, rəngli  balıqlar onun ətrafında üzməyə, onunla oynamağa başlayır. Osman sevinə-sevinə, gülə-gülə onlara qoşulur. Hətta balıqlara qoşulub mahnı da oxuyur. Qəribədir, bu vaxt ağzına su dolmur. Hamı deyir, balıqlar gülmür. Amma balıqlar elə gülürdülər, elə gülürdülər, səslərindən dənizin balıqqulaqları əks-səd verirdi. 
Osmanı balıqlar o qədər çox istəyirdilər, onu görəndə, sevindiklərindən ayrılmaq istəmirdilər. Osmanın sualtı dünyaya gəlişi balıqları elə sevindirirdi, bilmirdilər sevindiklərindən neyləsinlər. Onlar Osmana sürətlə üzməyi  öyrədirdilər. 
Hətta ona elə bir şey öyrətmişdilər, Osman suyun içərisində heç bir hərəkət etmədən, dərin yerdə düz dayanırdı, amma batmırdı. Başqa uşaqlar bunu bacarmırdı. 
Balıqlar sevinir, atılıb düşür, bərkdən qəhqəhə ilə gülür, şənlənirlər. Dövrə vurular, bir anda hamısı birdən suyun üzünə qalxıb, yenə də dənizin dibinə baş vururlar. Bütün bunları onlarla birlikdə Osman da edir, balıqlarla üzmək ona xoş gəlirdi. Onlar birgə dəniz bağçasına üzürdülər. 
Dəniz bağçasında elə güllər vardı, Osman heyran olmuşdu. Maraqlısı budur ki, o suda olsa belə, bu gözəl dəniz  güllərinin ətrini hiss edirdi. Dəniz bağçasında Osmanın yanına bir sürü delfin də üzürdü. Maraqlıdır, amma deyirlər Xəzərdə delfin olmur. Delfinlər qeyri-adi cəldliklə maraqlı hərəkətlər edirilər. Onlar elə səslə oxuyurdular, füsünkar, ecazkar bir musiqi yaranırdı. 
Yuxu gördüyü gün Osmanın burnundan nə güllərin gözəl ətri, nə də qulağından delfinlərin heyranedici musiqisi gedirdi. Bu səslər o qədər Osmana xoş gəlmişdi ki, o bu il skripkaya da yazılşdı ki, delfinlərdən eşitdiyi qəribə musiqini gələcəkdə skripkada çalmağa çalışsın. 
“Bu gecə yenə maraqlı yuxuları görəcəyəm!”, deyib Osman saat doqquz olan kimi sevincək yatmağa getdi. 
Səhər Osman yuxudan bikef oyndı: “Niyə balıqlar bu gecə onun yuxusuna girməmişdilər?”, deyib, sualına cavab tapmaq üçün Rəfail babanı axtarmağa getdi. 
Onu tapmaq üçün boylananda uzaqdan Rəfail babanın qayığını görüb sevindi. O istəyirdi dərdini balıqçı babaya danışsın. Rəfail baba isə görünmürdü. Deyəsən səhər erkən balığa getmişdi. Osman həyətə çıxıb yavaş-yavaş sahilə gəldi. Yaxınlıqda  qağayılar uçurdu. Osman ovcundakı dəni quşlara səpdi. Quşlar yerə qondular, amma həmişəki kimi tez-tez dənləmək əvəzinə duruxub dayandılar. Osman quşlardan bunu gözləmirdi. O, kövrək səslə soruşdu:
-    Gözəl qağayılar, niyə yemirsiz, nə olub sizə? Mənim kefim yoxdur, sizə nə olub? Bilmirsiz, niyə balıqlar yuxuma girmədilər bu gecə, nə baş verib?
Osman bunu soruşmuşdu ki, qağayılar dəstə ilə qanad açıb uçdular, bir az aralıda, sahilə yaxın qum təpəsinə qondular. Osman tökdüyü dən yerdəcə qaldı. Oğlan bundan bir az da doluxsundu, irəli gəlib səsini qaldırdı:
-    Nə olub, məndən küsmüsüz? Axı mən neyləmişəm, nə səhv eləmişəm ki, hamı məndən üz döndərir?
Belə demişdi, quşlar uçub bir anda göyə qalxdılar. Osman başını bikef-bikef aşağı salanda quşlar qonduğu yerdə balaca balıq gördü. 
Balıq sudan aralı düşmüşdü. Osman tez qaçıb onu götürdü. Balıq körpə olsa da ağır idi. Çünki, onun qanadı və qulağının pəri salafan torbaya dolaşmış, torba da qumla, su ilə dolmuşdu. Yazıq körpə balıq o qədər çapalamışdı ki, yorulduğundan heysiz-hərəkətsiz qalmışdı.  Çətinliklə nəfəs alırdı. Hiss olunurdu ki, son anlarını yaşayır. 
Dünən Osman dənizdə çiməndə, burda balıq yox idi. Yəqin ki, dalğalar onu sahilə gecə atmışdılar. Bu vaxta qədər də ona görə sağ qalmışdı ki, dalğalar hərdən sahilə çırpılır, balığın susuzluqdan çatlamış dodaqlarına su dəyirdi.
Osman balığı görən kimi xilas etmək üçün onu əvvəlcə tez götürüb suya saldı. Səhər suyunun  soyuqluna baxmayıb, paltarları islansa da bir az dərinliyə getdi. Balıq suda bir az canlandı. Osman balığın sağ qalacağına əmin olub sevindi. Həyəcanla döyünən ürəyi bir az sakitləşdi. 
Salafan torba eyni vaxtda həm qulağa, həm də qanada ilişdiyindən balıq ondan canını qurtara bilməmişdi. Osman əvvəl salafan torbanın suyunu boşaldıb, yavaş-yavaş onun dolaşığını balığın qanadından və qulaq pərindən ehmalca açmağa başladı ki, balığın qulaq pərini zədələməsin. Amma bacara bilmədiyindən, evə qaçıb qayçə gətirdi. Salafanı ehmalca kəsib balığın canını qurtardı. Körpə balıq çırpındı, suya tullanıb üç dəfə Osmanın başına dolanaraq üzəndən sonra görünməz oldu. Osman sevindiyindən suya baş vurub üzmək istəyirdi ki, nənənin səsinə sevinci üzündə dondu:
-    Çıx sudan, səhərin gözü açılmamış, su isinməmiş niyə suya girmisən?
-    Osman, sən lap ağ eləmisən, səhər saat səkkiz deyil, su isinməyib, səhər yeməyi də yeməmisən, paltarlı-paltarlı suya girmisən! Bu gün sənə daha  çimmək yoxdu! – Deyib ana hirslənsə , də, Osman bu gün dənizdə çimməsə belə, o bundan sonra yenə də gecələr rəngi, əsrarəngiz, möcüzə dolu yuxular görməyə başladı.

 

       Nağılçı: Gülzar İbrahimova