(nağıl)
Bir dəniz sahilində bir balıqçı ailəsi yaşayırdı. Balıqçı hər gün dənizdən iki balıq tutardı. Balıqlardan birini evdə bişirib yeyərdilər, o birini aparıb bazarda satar, çörək, qənd, çay alardı. Çox rəhmli olduğundan balıqlara qıymaz, toruna çox balıq düşsəydi, onları təzədən dənizə atar, cəmi ikicəsini götürərdi.
Balıqçının Osman adlı balaca oğlu var idi. Bir gün Osman sahildə gəzir, əlində isti təndir çörəyi yeyirdi. Birdən Osman gördü ki, bir ilan fısıldaya-fısıldaya yuvadakı quş balalarını yeməyə gedir. Bala quşlar uça bilmirdilər. Onlar qorxudan cik-cik edir, köməyə səsləyirdilər. Osmanın quşlara o qədər yazığı gəldi ki, qorxmadı, ilanın qarşısını kəsib onu quşlara yaxınlaşmağa qoymadı. Həm də İlanı qəzəbləndirmək üçün yavaşca ona tərəf əyilib pıçıldadı:
- Dəymə bala quşlara, yazıqdılar, qoy yaşasınlar. Sənə isti çörəyi verərəm, yeyərsən!
İlan əvvəl hirsləndi, Osmanı çalmaq üçün bərk fısıldadı. Osman əlindəki çörəyi xırdalayıb qarşısında yerə tökəndə, təndir çörəyinin ətri onu necə vurdusa, çörəyi yedi, sonra sürünüb getdi.
Osman sevindi, quşları tumarladı. Yuvanı qaldırıb hündür bir yerə qoydu ki, ilan-filan toxunmasın.
O vaxtdan neçə il keçdi. Bir gün Osman dənizdə çiməndə gördü yaxında gözəl bir Qu-quşuuçur. Qu-quşuoğlanın başı üstündə üç dəfə dövrə vurub, suya ağ rəngli, par-par parıldayan bir daş saldı.
Osman daşı sudan qaldırdı. Ona baxanda gözləri qamaşdı. Daşdan xoşu gəldi. Onu aparıb anasına verib dedi:
- Ana, gör nə qəşəng daş tapmışam?
- Nə gözəldir, amma, bu çox bahalı daşdır, hardan tapdın onu?
- Dənizdə çimirdim, bir qu-quşu onu suya saldı. Ana sevinib Osmanı öpdü.
Səhər qəribə bir əhvalat baş verir. Gördülər ağ mirvarinin yanında bir balaca, qara mirvari var. Məəttəl qalıb Osmandan soruşdular:
- Yenə mirvari gətirmisən?
- Yooox...
Onda ağ mirvarinin balası olub. Qiymətli mirvarilər elə olur, qaldıqca artır. Yəqin qara mirvari də ağ mirvarinin balasıdır! - Ana dedi.
Ata mirvarini götürüb bazara aparır, onu baha qiymətə satıb puluna dadlı yeməli şeylər, hərəsinə bir dəst bahalı paltar, bir də evlərinə xalça-palaz alıb gətirir. Hamısı sevindiklərindən bayram keçirirlər.
Nə isə, nağıl dilində hər şey yüyrək olur.... Yenə səhər açılanda görürlər bu gün də mirvarinin yanında balası var. Lap çox sevinirlər. Yenə balıqçı onu satır. Amma bu dəfə pulu saxlayır ki, pulları çox olanda özlərinə ev tiksinlər. Canları köhnə daxmadan qurtarsın.
Belə, belə, yaxın bir vaxtda balıqçı uçuq komasını sökür, yerində böyük, qəşəng bir ev tikdirir. Bazarda hamı bilir ki, balıqçı bu pulu hardan tapıb. Xəbər gedib şəhərin acgöz şahına çatanda o qəzəblənir:
- Necə yəni? Balıqçı xəzinə tapıb, heç şaha xəbər də vermir! Belə iş olar? Tez onu yanıma gətirdin!
Balıqçını şahın hüzuruna gətirdirlər. Şah qəzəblə soruşur:
- Xəzinəni hardan tapmısan?
Balıqçı olanları şaha danışanda şah inanmır:
- Get o mirvarini gətir görüm, doğrudan da o gündə bir mirvari balalayır?
- Əlbəttə, şahım, Mən yalan danışmaram!
- Əgər məni aldatsan, ömürlük zindanda qalacaqsan!
Balıqçı gedib evindən Ana mirvarini gətirib şaha verdi. Üstəlik şaha hədiyyə olaraq on mirvari də gətirdi.
Şah on mirvarini xəzinəyə göndərib, heç balıqçıya “sağ ol” da demədi. Onu oturtdu aşağı başda özü isə ana mirvarini qarşısında yerə qoyub gözünü ondan çəkmədi ki, görsün bir daş-qaş parçası hər gün necə balalayır.
Səhər açıldı, amma mirvari artmadı, çoxalmadı. Şah qəzəblənib qışqırdı:
- Atın balıqçını zindana, ağlı başına gəlsin!
Günahsız balıqçını salırlar zindana, gəlin görək balıqçının ailəsi neylədi?
Ana ağladı, sızladı, əlindən nə gəldi ki? Osman da ananın bikef olmasından başa düşdü ki, atasının başında iş var. O da bikef-bikef sahildə gəzib fikir çəkdi. Bu vaxt hardansa bir gözəl Qu-quşupeyda olub insan dili ilə ondan soruşdu:
- Osman, niyə bikefsən?
Adımı hardan bilirsən? – Deyə Osman bu sirrə məəttəl qaldı:
- Mən səni tanıdım! Yadında? Bir ilan istəyirdi məni də, bacı-qardaşımı da yesin, sən bizi zəhərli ilandan xilas elədin. Ona çörək verib, canımızı ondan qurtardın! Səni necə tanımaram?
- Onda mirvarini də göydən mənə sən atmışdın?
- Mən atmışdım!
- Sağ ol, mirvari bizi kasıblıqdan qurtardı.
- Bəs indi niyə bikefsən?
- Mirvari bizi kasıblıqdan qurtarsa da, başımıza bəla gətirdi.
- Nə bəla? – deyə quş soruşdu. Osman başına gələnləri quşa danışdı.
- Qəm yemə, oğlan! Atanı zindandan xilas edərik!Min belimə!
- Necə? Nə yolla?
- Min belimə yolda səni başa salaram! – Quş belə deyib oğlana yaxınlaşdı. Osman quşun belinə oturan kimi quş qanad çalıb uçdu sarayın zirzəmisinə səmt. Zirzəmiyə çatıb dedi:
- Lələyimdən birini çəkib özündə saxla, gözəgörünməz olacaqsan! Bir lələyi də zirzəminin pəncərəsindən içəri at və atana de, lələk sehrlidir, hər kəsi gözəgörünməz edə bilir.
Balıqçı gördü pəncərədən bir lələk düşdü. Osmanın səsini eşidəndə sevindi. Lələyi götürüb gizlətdi. Elə ki, gözətçi ona su gətirdi, tez lələyi əlinə aldı, gözəgörünməz olub qaçdı. Gözətçi bu sirrdən şahı agah elədi.
Səhər şah adamları gəlib balıqçının evini axtardılar, heç kəsi tapmadılar. Çünki, Osman da, ata-anası da sehrli lələklərlə görünməz olmuşdular. Şah hiylə işlədib belə bir tapşırıq verdi:
- Gedin gecə yarı balıqçıgilin evinə, sehrli sehrli lələkləri oğurlayıb gətirin mənə, balıqçını da, arvadını da, üstəlik oğlunu da həbs edin!
Şah adamları şah deyən kimi gecə lələkləri oğurladılar. Sonra da balıqçını, oğlunu, arvadını həbs eləyib apardılar saraya. Amma lələklər başqasının əlində sehrli olmadılar. Saraya çatanda Qu-quşu özünü çatdırıb bir göz qırpımında Osmanı caynağına alıb apardı. Hamı bu sirrə təəccüb qaldı. Onda şah əmr etdi:
- Tez o quşu tapıb yanıma gətirin!
Nə qədər axtardılar, nə quşu, nə Osmanı tapdılar. Onda şah hər yana car çəkdirdi:
- Osman səhərə qədər sehrli Qu-quşunu mənə gətirsə, ata-anasını azad eləyəcəyəm!
Xəbəri Osman eşidəndə bilmədi neyləsin. Yenə köməyinə Qu-qushu çatdı:
- Bikef olma, Osman! Sən ilanın qarşısına keçib bizi ölümdən qurtarmısan. Səni darda qoymaram! Eşit dediyimi! Apar məni saraya!
- Qoymaram zalım şahın əlinə keçəsən! - Osman Qu-quşunu qucaqlayıb dedi.
- Başqa yolun yoxdur, dediyimi eləsən ata-ananı bəlkə onda qurtara bildik.
Osman bir az fikirləşib Qu-quşu deyən kimi elədi. Şah quşu görəndə acgözlükdən gözü böyüdü:
- Ay uşaq, quşu başa sal, gedib mənə çoxlu mirvari gətirsin!
- Şah, o insan kimi dil bilir!
Qu-quşuinsan dilində dedi:
- Balıqçının ailəsini azad elə, nə istəyin varsa, yerinə yetirərəm!
- Tez balıqçını və arvadını azad edin! – Deyə şah əmr etdi.
Ata, ana, Osman sevincək evlərinə getməkdə olsunlar, görək Qu-quşu neylədi?
Nə qədər mirvari istəyirsən? – Deyə Qu-quşuşahdan soruşdu:
- Mənə nə qədər mirvari gətirə bilərsən?
- Çox!
- Nə qədər?
- Bir torba bəs edər?
- Azdır!
- İki torba bəs edər?
- Yenə azdır!
- Onda səni apararam “Mirvarilər adası”na, ordan özün ağırlığında mirvari götürərsən! Amma unutma şah! Yükün ondan ağır olsa, belimdən sürüşüb düşəcəksən, həmişəlik adada qalıb “Mirvarilər adası”nın sultanı olacaqsan!.
- Bunun nəyi pisdir ki? Hamıdan varlı olaram! - Deyib şah güldü və Qu-quşudeyənlə razılaşdı.
Quş şahı belinə mindirdi. Onlar üç gün, üç gecə yol gedib Mirvarilər adasına çatdılar. Şah Mirvarilər adasını görəndə gözləri bərəldi. Burda mirvarilərdən qayalar vardı. Qayanın biri tamam ağ mirvari idi. O biri qaya qara mirvarilərdən idi. Bir başqası qırmızı, o birisi qızılı, digəri gümüşü... Şahın tamahkarlıqdan az qaldı başına hava gəlsin. Gah qaçıb sandığına qara mirvari yığdı, gah qırmızı, gah ağ, gah qızılı...
Şah Qu-quşunun belinə o qədər mirvari yüklədi, quşun ağırlıqdan beli qatlandı. Nə qədər istədi havaya qalxsın, qanadlarının gücü çatmadı. Silkələndi, belində nə qədər mirvari yükü vardı, şah da qarışıq yerə çirpdi və uçub getdi.
- Vay belim! - Deyə şah qışqırdı!
Elə o vaxtdan da Şah həmişəlik “Mirvarilər adası”nda təkcənə qalıb, adanın sultanı oldu. Camaatın isə acgöz padşahdan canları belə qurtardı.
Elə ki, Osman da böyüdü, on beş yaşlı yaraşıqlı bir oğlan oldu, camaat yığıldı, onu özlərinə şah seçdilər. Qu-quşu da dönüb gözəl bir qız oldu. Ona Ququş adı qoydular. Şah Qu-quş ilə nişanlandı. Osman şaha şahlara layiq bir nişan elədilər. Hamı yedi-içdi arzu-muradına yetdi. Nağılçı Gülzar nənəni də nişana çağırmışdılar. Tummanını yamadı. Saçına, əlinə, ayağına həna qoydu. Kələğayısını başına atdı, nişan mağarına yollandı! Çaldılar, əl çaldı, oynatdılar, oynadı! Hamıya dua edib, şadlıq, şadyanalıq arzu elədi!
Nağılçı: Gülzar İbrahimova