(nağıl)
Osman quldurlar haqda filmlərə baxmağı xoşlayar, onlarla çox maraqlanardı.
- Ata görəsən indi də quldurlar var?
- Əlbəttə, amma indi onlar ya nağıllarda olur, ya da başqa ölkələrdə.
- Məncə quldurlar hər yerdə olur!
- Bizdə quldur yoxdur!
- Olsaydı, mən onların başına oyun açardım!
- İndi isə yat, bəlkə qəhrəmanlıq qarzuların yuxuda həyata keçdi.
Bir gün Osman dedi:
- Ata, bu gün ayaqqabımın içərisinə su doldu.
- Necə? Dərnəyə gedəndə, yoxsa qayıdanda?
- Qayıdanda.
- Yaxşı ki qayıdanda olub. Dərsdə ayağı yaş qalmamısan. Dur gedək, sənə təzə ayaqqabı alaq!
- Gedək!
- Mən də gəlim? – ana soruşdu.
- Özümüz alarıq. Oğlum böyüyüb, 5 yaşı var. Hazırlıq dərnəyinə tək gedə bilir.
Elə ki deyirdilər, “Osman böyüyüb”, o sevindiyindən elə bil bir az da böyüyürdü.
Ata-bala böyük ticarət mərkəzinə gəldilər. Osman birinci dəfə idi bura gəlirdi. Elə bil hər yan dükanlar şəhərciyi idi. Az qala başını itirmişdi. Bilmirdi hara baxsın. Oyuncaq, suvenir, dəftər-kitab mağazasının yanından keçəndə ağzı lap açıq qalırdı. Hərdən atasının səsinə fikirdən ayılırdı:
- Geri qalma, ayağının altına bax, bir şey istəsən de!
- Dondurma istəyirəm, şokoladlı!
- Təzə gəlmişik, artıq bir dəfə dondurma yemisən, bir azdan yenə alaram. Qaşqabağını tökmə! Bu qədər adamın arasında, izdihamda dondurma yeməzlər. Dəyəcəklər sənə, üstünə dağılacaq. Gedək, ayaqqabılara baxaq!
Dükanda bir-birindən gözəl ayaqqabılar vardı. Üstəlik, əsgər paltarı rəngdə də krossovka vardı. Osman onlara maraqla baxanda ata soruşdu:
- Xoşun gəlir bundan?
- Çox xoşum gəlir. Olar, geyim, baxım?
- Əvvəl ayaqqabı alaq, sonra. Ayaqqabı vacibdir. Pulumuz çatsa, onu da alarıq. Tez-tez yağış yağır. Krossovkada ayağın islanar.
- Onda bu yaşıl, qırmızı xətli, ikirəngli ayaqqabını alaq!
- Yaxşı geyin, görək necə olur?
Ata Osmana xoşladığı ayaqqabını aldı. Qiyməti də baha olmadığından hətta krossovkaya da pul çatdı. Amma kartdan pul çəkmək lazım oldu. Bu da bir az vaxt apardı. Aparatda nəsə problem vardı.
- Hə, gedək! – Nəhayət ki, ata dedi. Amma Osman onub eşitmədi, çünki, mağazada yox idi. Krossovkanı geyəndə ata soruşmuşdu:
- Necədi?
- Çox yaxşıdı, sən dünyadakı bütün atalardan yaxşısan!
- İstəyirsən gey, ayağında qalsın, köhnələrini də qoy bayırda zibil qutusuna. Çox köhnəliblər. Bir az da gəz, gör, necədi, rahatdı?
Osman atası deyən kimi elədi, amma ayaqqabı xoşuna gəldiyindən bir az artıq gəzdi. Qayıdanda da, səhvən başqa ayaqqabı dükanına girdi. Orda da qapı iki tərəfə açılırdı deyə, tamam başqa sıraya çıxdı. Amma özünü itirmədi. Səssizcə bir yanda oturdu. Bildi ki, çox uzaqlaşsa, atası onu tapa biməz. Bir xeyli oturub gözləsə də, atası gəlmədi. Darıxdı. Birdən reproduktordan səs gəldi:
- Diqqət, ticarət mərkəzində Osman adlı 5 yaşlı uşaq itib. O, yaşıl şalvar və ağ mayka geyinib. Yaşıl, qırmızı xətli, ikirəngli ayaqqabı geyinib. Xahiş edirik, kim görsə, bizə məlumat versin.
Ticarət mərkəzində iki quldur, oğru da var idi.
- Aha, eşitdin? - Quldurlardan biri dedi. Onun gözləri qurd gözü kimi işıldadı. Uşağı polislərdən və atasından əvvəl özümüz tapmalıyıq!
- Boş-boş danışma, – yoldaşı hirslə dedi.- Tanımırsan kimin uşağıdır? Atası kasıbdır, varlıdır?
- Bunun əhəmiyyəti yoxdur. Ən kasıb belə balasını qurtarmaq üçün bir qucaq pul tapıb verə bilər.
- O da düzdür. Onda əməliyyata başladıq, neyləyək?
- Uşağı axtaraq! Hər yana baxaq! Tez-tez sən birinci siradan üzüyuxarı, mən də axırıncı sıradan üzüaşağı gəlirik. Belə-belə, bütün sıraları gəzirik. Harda uşağı tapsaq tez gizlədirik. Zəngləşirik!
- Soruşan da olsa atasına, ya da polisə aparırıq. Bir xəbər bilən kimi zəngləşək! Haydı, iş başına!
Çox keçmədi ki, qara eynəkli, eybəcər bir əmi Osmana yaxınlaşıb mehriban səslə ondan soruşdu:
- Bala, itmiş uşaq, Osman sənsən?
- Bəli mənəm!
- Məni polisdən göndərdilər, səni tapıb aparmalıyam, atan səni məntəqədə gözləyir.
- Nə yaxşı, axır ki atamı tapdım! Bəs atam özü niyə gəlmədi?
- O çox axtarıb, yorulub, ayaqları ağrıyır. Səni orda gözləyir. Gedək!
- Gedək!
- Gözlə, zəng edim ki səni tapmışam! - Belə deyib, eynəkli kişi, telefonda kimə isə zəng etdi.
- Tez eləyin, lap darıxdım!
Eynəkli kişi zəng etmək üçün bir az aralananda Osman şübhələndi. Ona görə də o da onun arxasınca bir az irəlilədi ki, nə dediyini eşitsin:
- Tez elə, uşaq məndədi. 14-cü sıradayam. Arxa qapıda gözləyirik. Ora gəl, sakitlikdi, polis-zad olmur orda.
Bunu deyəndə uşaq hər şeyi başa düşdü. Ürəyində düşündü ki, necə eləsin, quldurlardan canı qurtarsın. Həyəcanla dedi:
- Əmi, sən get atamı bura gətir, mən burda gözləyərəm.
Bayaqdan sevinən kişinin rəngi dəyişdi:
- Nə danışırsan, mən onlara söz verdim ki, gəlirik. Atan çox sevindi. Səni gözləyir, gəl, gedək.
- Mən dondurma istəyirəm!
- İndi sənə dondurma alaram! Hansından xoşun gəlir? Şokoladlı, meyvəli, yoxsa, sadə?
- Şokoladlı, özü də böyük qabda!
- Yaxşı!
Qara eynəkli kişi Osmanın əlindən tutub onu çəkə-çəkə dondurma satanın yanına apardı. Ona xoşladığı dondurmanı aldı. Osman bir stol arxasına keçib oturdu, başladı yavaş-yavaş dondurma yeməyə. Quldur soruşdu:
- Neyləyirsən?
- Dondurma yeyirəm!
- Bir az tez ye, bizi gözləyirlər!
- Gözləsinlər! Dondurmamı yeməmiş heç yana gedən deiləm!
Osman bunu deyəndə quldur “Sən nə tərs uşaqsan!”, deyib, hirslə stula oturdu. Osman dondurmasını yeyə-yeyə o da telefonuna tez-tez məsaj yazdı.
Osman bir az yemşdi ki, birdən şokoladlı dondurmanı götürdü, onu ikiəlli quldurun üzünə yapışdırıb qaçdı.
- Vay, gözüm! – Deyib quldur elə qışqırdı, hamı ona köməyə gəldi. Amma salfetlə üzünü silə bilsələr də, şokolad gözlərini elə bağlamışdı, bir də üzünü yuyandan sonra onun gözü gördü.
Osman bir xeyli qaçmışdı, birdən qolundan bir nəfər tutub onu saxladı:
- Sən Osmansan?
Bu dəfə Osman ona inanmadı:
- Osman tanımıram, mən Əliyəm!
- Yaxşı onda get, - deyib getdi həmin adam. Bu quldurun o biri yoldaşı idi.
Osman bir az qaçandan sonra bir polis görüb ondan soruşdu:
- Əmi, deyərsən, polis məntəqəsi hardadı?
- Gedək, göstərim!
Osmanı polis məntəqəsində tanıyıb dedilər:
- Darıxma, atan burda idi, getdi səni axtarsın, indicə çağırarıq, gələr.
- Olar sizin radio ilə atamı özüm çağırım?
- Əlbəttə olar!
- Ata, mənəm, Osmanam! Mən səni çox istəyirəm. Səni polis əmilərin yanında gözləyirəm.
Bir azdan quldurları da polisə gətirdilər. Çünki, quldurun üzünün şokoladını təmizləyənə qədər telefonu açıq qalmışdı, ətrafdakılar yazdığı məsajı görüb onu polisə gətirmişdilər. Məsajda yazmışdı. “Uşaq yaman tərsdir, öz xoşu ilə getmək istəmir. Dondurma ilə başını aldatmışam. Tez gəl ki aparıb gizlədək, yoxsa, pul əlimizdən çıxar!”.
Ata-bala görüşdülər. Osman başına gələni danışanda ata onu qucaqladı:
- Mən oğlumla fəxr edirəm!
Polislər uşağa fədakarlıq diplomu verib dedilər:
- Böyüyəndə gəl, polisdə işlə! Bizə sənin kimi cürətli, qorxmayan oğlanlar lazımdır!
- Yaxşı, - dedi Osman, - mütləq gələrəm!
Nağılçı: Gülzar İbrahimova