Hürməz və ya Ad gününə ən gözəl hədiyyə

(hekayə)

   Məktəbin yanında böyük idman meydançası vardı. Osmangilin evi elə yerdə yerləşirdi ki, o dərsə gələndə də, dərsdən qayıdanda da, meydançanın yanından keçməli olurdu/ O, hərdən dayanıb maraqla idman yarışlarına baxırdı. Çünki, özü də böyüyəndə idmançı olmağı arzulayırdı. 
Meydançada çox vaxt bir böyük, ağ it gəzişirdi. İt o qədər sakit idi, adını Hürməz qoymuşdular. Çünki onun hürdüyünü hələ eşidən olmamışdı. Səssiz gəzər, heç kəsi qorxutmazdı. Məktəbin dəcəl uşaqları onu incitsələr də, daş atsalar da, yenə də başqa yerə getməzdi. Eləcə yol kənarında oturar, məktəbə gedənlərə, məktəbdən qayıdanlara baxardı. 
    Bir gün Osman sinif yoldaşları ilə məktəbə gedəndə uşaqlardan biri Hürməzə daş atdı. Osman Təhməzə açıqlandı. Az qaldı onunla dalaşa:
-    Neyləyib o sənə? Sakitcə oturub, niyə daş atırsan?
-    Sənə nə qalıb? Xoşum gəlmir ondan, çıxsın, getsin! 
-    Quduz it olardı, cumardı üstünə, ağlın başına gələrdi. 
İt ayağa qalxdı, uşaqlara tərs-tərs baxıb mırıldandı. Sonra isə dilini çıxarıb daş dəyən yeri yaladı.  Osman itə yaxınlaşdı, çantasını açıb ordan kolbasa çörək çıxartdı. İtin qarşısında yerə qoyub dedi:
-    Al, ye! 
İt küsmüş kimi üzünü o tərəfə çevirdi. 
Osman onun könlünü almağa çalışdı:
-    O pisdir. Ona fikir vermə, uşaqların çoxu səni çox istəyir.
Elə bil Hürməz onu başa düşdü. Ləzzətlə kolbasanı yeməyə başladı. Ondan sonra Hürməz həmişə Osmanı görən kimi yanına qaçır, quyruğunu bulaya-bulaya bir az yanında gedəndən sonra yenə oturduğu yerə qayıdırdı. 
Bir gün Osman məktəbdən - şahmat dərsindən qayıdırdı. 2-ci növbənin dərsi təzə başlamışdı deyə, məktəbin həyəti sakitlik idi. 
İdman meydançasında Hürməzdən başqa heç kəs yox idi. O da həmişəki kimi yerində oturmuşdu. Osmanı görən kimi yanına qaçdı. Düz darvazaya qədər onu yola salıb yenə qayıtdı yerinə. 
Osman darvazadan çıxmaq istəyirdi ki, iki nəfər onun qarşısını kəsdi. Onu itələyib təzədən meydançaya saldılar, darvazanı isə bağladılar. Boyları çox da hündür deyildi. Əyinlərində qəribə geyim var idi. Biri foksçu paltarı geyinmişdi, o biri də eynək taxmışdı, amma o da əyninə qəribə paltar geymişdi. O saat bilinirdi ki, özündən böyüyün kostyumudur. Qalın bığları olmasaydı, 13-15 yaşlı oğlana oxşayardı. Əlində də dəyənək var idi. Osman hirslənib maskalı oğlanı möhkəm itlədi. O biri adamı vurmaq istəyəndə, kostyumlu adam əlindəki dəyənəyi yuxarı qaldırıb kobud səslə qışqırdı:
-    Tez elə, nə qədər pulun var, cibindən çıxart! 
-    Kimsiz, nə istəyirsiz?
-    Pullarını çıxart, artıq-əskik danışma!
Belə deyəndə Osman güldü. Başa düşdü ki, yoldaşları ona sataşır. Bir apreldir deyə, aldadırlar. Gülüb dedi:
-    Bu saat deyəcəyəm kimdir! Səs mənə tanış gəlir!
Osman bunu demişdi, bir də səsə çevrildilər ki, Hürməz hürə-hürə onların üstünə cumdu. Vəhşiləşmiş it dəyənək qaldıran oğlanın üstünə elə tullandı ki, dəyənək əlindən çıxıb darvazadan yola uçdu. 
Hürməz onu möhkəm dişlədi. Hərə qışqırıb bir tərəfə qaçdı. Osman darvazaya qısıldı. O biri maskalı maskasını çıxarıb bir tərəfə tulladı və bərkdən qaçmağa başladı. Osman Təhməzi tanıyıb qışqırdı:
-  Gəl darvazadan bayıra qaç, tez elə! 
Amma Təhməz özünü bayıra salmağa çatdırmadı. Hürməz özünü Təhməzə çatdırıb onu da baldırından dişlədi. 
Hadisə bununla bitmədi. Orxanın əlindəki dəyənək yoldan keçən mersedesin üstünə neçə düşmüşdüsə, maşının şüşəsi çilik-çilik olmuşdu. Yolda hərəkət dayanmışdı.
Uşaqların 1 Aprel zarafatları xəstəxanaya düşməklə nəticələndi. Üstəlik Orxanın atası mersedesin şüşəsi üçün cərimə də ödədi. Həm Təhməzi, həm Orxanı müayinə edib, onlara iynə vurdular.
Hürməzi isə Sanitariya Mərkəzindən gəlib apardılar. Uşaqlar kobud zarafatlarının nəticəsini gördülər. Hürməz Osmanı müdafiə etmək üçün Təhməzlə Orxanı dişləmişdi. 
Vaxt keçdi, bütün işlər qaydasına düşdü. Amma Osman o gündən çox qəmgin gəzirdi. Heç nə onun kefini açmırdı. Bunun səbəbini yalnız atası başa düşdü. Osman atasına demişdi ki, Hürməz onun ucbatından cəza alıb. Onu xilas etməyə çalışıb.
 Bir gün ad günündə Osmanın atası Samir əmi hamını bağa apardı. Osman Hürməzi bağda görəndə gözlərinə inanmadı. O, Hürməz üçün həm darıxmış, həm də ondan nigaran qalmışdı. Bu Osmanın həyatında ad gününə edilən ən gözəl hədiyyə idi. 


    Müəllif: Gülzar İbrahimova