Quş dili

(nağıl)

Biri vardı, biri yoxdu, Urman adlı bir zülümkar şah vardı. Onun zülümkarlığı camaatı bezdirmişdi. Şahın Rəhman adlı gözünün ağı-qarası bir oğlu vardı. Şahzadə rəsm çəkməyi xoşlayar, gözəl rəsmlər çəkərdi. Şahzadə on beş yaşına çatanda şah əmr etdi:

- Bəsdir, rəsm çəkdiyin! Bundan belə, Şahzadə, həmişə yanımda ol, dövlət işlərini, hakimiyyətin sirrlərini öyrən!

- Baş üstə, ata!

O gündən Rəhman həmişə atasının yanında oldu. Amma bir gün o, edam zamanı meydana gəlməyəndə şah qəzəbləndi:

- Hardadır Şahzadə! Onu çağırın, meydana gəlsin!

Şahzadə gəldi, atasının əlindən öpüb dedi:

- Ata, cazı verdiyin adam çox qocadır, ona rəhmin gəlsin! Heç olmasa, onu zindana saldır!

- Kəs səsini! Sən hələ çox işlərdən xəbərsizsən! Belə etməsəm, məmləkətdə özbaşınalıq baş alıb gedər!

Sonra şah əmr etdi:

Əmr dərhal yerinə yetirilsin!

      Qocanı dar ağacının yanına gətirən kimi Şahzadə Rəhman bihuş olub yerə yıxıldı. O, atasından fərqli olaraq çox rəhmli, ürəyiyumşaq idi.

Bunu görən şah çox dilxor olub dedi:

- Ayılan kimi şahzadəni səfərə hazırlayın, onu özümlə ova aparacağam! 

Səhər Urman şah adamlarını başına yığıb ova getdi. Şahın ov gəmisi böyük bir adada dayandı. Adanın ortasında hündür, səldırım bir qaya vardı. Qayanın arxa tərəfi isə sıx meşə idi. Şah adamları bu sıx meşədə ova başladılar.

Onlar ov zamanı bir yaralı qartala rast gəldilər. Rəhman quşa baxa-baxa atasına dedi:

- Ata, bu quşu mən götürürəm, çox xoşuma gəldi!

- Uça bilməyən qartal nəyinə gərəkdir? Sənə bundan gözəl qartal gətirdərəm!

Rəhman razılaşmadı. Şah da oğlunun sözünü yerə salmadı. Şah və şahzadə atlarını meşəyə tərəf çapdılar. Təzəcə meşəyə girmişdilər ki, gördülər otlaqda bir ceyran var, balası da dizini qoyub yerə, onu əmir. Ana ceyran ovçuları görən kimi diksindi, qalxdı. Qaçmaq istəyəndə ovçular onu yaraladılar.

Ceyran bir an dayandı. Anaya atılan ox balanın da boynuna dəyib, onu yaralamışdı.  Nökər bala ceyrana yaxınlaşana qədər anası dili ilə balasının yarasını yalamağa başladı.     

Şahzadə bütün bunları gördü, amma sonra nə olduğunu görməmək üçün yumruqları ilə gözlərini bərkdən bağladı. Şah bunu görəndə qəzəblə qışqırdı:

- Aç gözlərini, şahzadə, elə bil oğul yox, qız övladısan!

Şahzadə bir az özünə gəlib hirslə atasına dedi:

- Ata, sən bala ceyrana necə qıydın?

- Qorxağın biri! Bununla belə, sən şaha ağıl da öyrədirsən?! Mən birinci dəfədir ki, ova çıxıram?

Atasının qəzəbləndiyini görüb şahzadə bir müddət susdu. Yavaşca atdan düşdü. Ata baxdı ki, oğlu kor kimi əllərini irəli uzadıb yol axtarır. Məəttəl-məəttəl soruşdu:

- Hara gedirsən? Bu nə yerişdir? Heç Şahzadəyə yaraşmayan yerişdir!

 Şahzadə həyəcanla dedi:

- Qaranlıqda gedə bilmirəm. Niyə birdən-birə hər yan qaranlıq oldu, ata? Axı hələ gecəyə xeyli var... Günəşin üzü tutuldu?

Şah özünü atdan yerə atıb oğlunu qucaqladı:

Oğul, nə oldu gözlərinə? Gözlərini bərkdən aç! Yenə görmürsən?

 Şahzadənin dəhşətdən gözləri tutulmuşdu. Ova gedənlər ovdan kor-peşman qayıtdılar. Ana o qədər göz yaşı tökdü, az qaldı gözləri ağlamaqdan tutlsun. Şahzadənin gözlərinin kor olmasına hamı kədərləndi.

Şah hər yandan münəccimlər, həkimlər, təbiblər gətirtdi, amma onun gözlərini heç kəs aça bilmədi.  Şahzadə kor olsa da, hər gün qartalın və ceyran balasının yaralarına məlhəm qoyar, yemlərini özü verərdi. Hər dəfə qartalı, ceyranı tumarlayanda, onların gözlərində yaş hiss edər, “ağlamayın,  bir gün sağalarsız!”, deyərdi. Şahzadə gözlərinin görmədiyinə çox da kədərlənmirdi. Çünki onun gözləri tutulandan şah daha əvvəlki kimi zalım olmur, müharibələr etmirdi. Şah meydandan edam dirəklərini də sökdürmüşdü. Camaat daha əvvəlki kimi qorxu içərisində yaşamırdı.

Günlərin bir günü qərib diyardan şahın hüzuruna bir münəccim gəldi. Onun çiynində bir tutuquşu vardı. Münəccim tutuquşunun yanında nə danışırdısa, quş təkrar edirdi. Münəccim şaha dedi:

- Şah sağ olsun, oğlunun gözünü yalnız bir günlük aça bilərəm!

- Bir günlük aça bilsən, həmişəlik də açarsan. Aç oğlumun gözlərini, məndən əvəzində nə istəyirsən, istə!

- Şahzadənin gözlərini açsa şəfa balı açacaq, o da ancaq mənim vətənimdə olur. O baldan məndə azca var, bu şahzadənin gözlərini bircə günlüyə açar.

- Münəccim, de,  haradır sənin vətənin?

Şah belə soruşanda münəccim ağlayıb dedi:

- Şah sağ olsun, eşit, deyim! Mənim vətənim dünyanın ən gözəl bir yeridir. Cənnət kimi gözəldir. Səyahətə getmişdim, qayıdanda vətənimi tapmadım. Zəlzələ olub böyük bir məmləkətim yoxa çıxıb.

Padşah bu sirrə təəccüb qaldı:

-  Məmləkət necə yoxa çıxa bilər?

- Şah sağ olsun, şahın taxtı var olsun! Bu dərd məni öldürsə də, dərdimə çarə tapmışam. Rəml atıb, fala baxmışam, yalnız sənin övladın mənim yoxa çıxmış məmləkətimi tapa bilər! Rəml göstərdi: “Minlərlə insanın, minlərlə heyvanın, minlərlə quşun göz yaşları qurusa, Urman şahın günahları bağışlanacaq, oğlunun gözləri açılacaq!”.

- Qoca, hardan bilirsən, məmləkətində camaat sağdır? Bəlkə zəlzələdən qırılıblar? 

- Ora göyərçin məktub aparıb-gətirir. Camaat susuz qalıb, yollar bağlanıb, aclıq başlayıb. Camaat çalışır, sıldırım qayaları yarır, çıxış yolu tapa bilmirlər. 

Şah bir xeyli fikirləşəndən sonra nəhayət ki münəccimin dediyi ilə razılaşır. Şahzadə Rəhmanı çağırtdırıb hər şeyi ona başa salır.

- Təki camaat xilas olsun! – deyib Rəhman sevinir. Münəccim dərmanı şahzadənin gözlərinə çəkən kimi onun gözləri görür.

- Mən görürəm! – Deyib sevinir. Münəccim tutuquşusunu da Rəhmana verir:

- Mən qocalmışam, ayağım yer tutmur. Bu quş mənim yurdumda olub, dil bilir, onu özünlə apar, sənə köməyi dəyər!

Şahzadə səfərə hazırlaşanda yaralı qartalın da sarğısını açdı. Quşun ayağı tamam sağalmışdı. Qartal pərvazlanıb göyə qalxdı və yenə qayıtdı. Rəhman quşun başını tumarlayıb dedi:

-  Niyə qayıtdın, uç get! Uç get yuvana!

Quş bərkdən “Ququ, qaqu, qaqa!” dedi. Tutuquşu qartalın dediyini insan dilində təkrar elədi. Bundan sonra onlar nə danışdılar, tutuquşu hamısını insan dilində təkrarladı. Rəhman hər şeyi başa düşdü. Qartal dedi:

- Yaramı sağaltdın, sağ ol şahzadə! Mən də sənə kömək etmək istəyirəm!  

- Mənə kömək edə bilməzsən.

- Nə bilirsən, sən dərdini de, bəlkə köməyim dəydi...

- Deyilənə görə, bir gözəl məmləkət var, zəlzələdən yoxa çıxıb. Gedib həmin itmiş məmləkəti tapmalıyam. Camaatı susuz qalıb, onları susuzluqdan qurtarmalıyam. Elə orda da gözlərimə şəfa balı axtarmalıyam!

- Məmləkətin yerini bilirəm! Min belimə səni aparım!  - Qartal öz dilində dedi və Tutuquşu da onu insan dilində təkrar etdi. 

Rəhman razılaşdı. Tutuquşunu çiyninə aldı, Qartalın belinə mindi. Qartal gün batana qədər uçdu, uçdu, nəhayət ki, çatdı dağılmış məmləkətə. Məmləkətin yolları tamam bağlanmışdı. Rəhman quşun belindən – yuxarıdan gördü ki, obanın hər yanı möhtəşəm qayalıqlarla bağlanıb.

Diqqətlə hər yana göz gəzdirəndə, gördü ki, bir yol var, ora bağlanmasa da, böyük qaya parçası ilə tutulub. Yolun yanından çay axırdı. Qartal həmin yerə endi. Camaat quş belində gələn oğlanı cin bilib qaçıb gizləndilər. Rəhman vaxt itrirmədi. Tez var gücünü toplayıb həmin qaya parçasını itələyib, yolu açdı. Sonra şahzadə çayın kənarını qazıb məmləkətə səmt su arxı açdı. Camaat suyu görən kimi doyunca su içib oğlana dua elədilər:

- Ey cavan – dedilər, - sən bizi ölümdən qurtardın, bizə su, həyat verdin! Buna görə gəl bizim
padşahımız ol!

- Sağ olun, mənim öz məmləkətim var. Getməliyəm. Yaxşısı budur şahı öz aranızdan seçin!

- Elə isə, bizdən nə istəyirsən, istə! 

Rəhman onlardan suyun əvəzinə şəfa balı istəməyə utandı. Beləcə, halallaşdı, qayıtdı vətəninə.  Məmləkətinə çatdı. Qartalla da görüşüb vidalaşdı. Quşu öz yurduna yola salanda ona tapşırdı:

- Bu bala ceyranı da apar adaya, ana-balasından ayrılmasın. Ana ceyran balasını axtarıb ağlamasın.

Quş havaya qalxıb qanad çaldı. Qanadından bir lələk düşdü. Qartal dedi:

- Qu, qu, ququ, quququ, ququ, quququuu! Qaqa, ququ, quqaqaquququ!

Tutuquşu Qartal deyəni insan dilinə tərcümə elədi:

Nə vaxt çətinə düşsən, istəyini lələklə havaya yaz! Nə arzu etsən o saat yerinə yetəcək!

Rəhman lələyi götürdü. Amma lələk heç vaxt ona lazım olmadı. Çünki bütün arzuları yerinə yetdi. Heç vaxt çətinə düşmədi. Nə yaxşı...

 Sənə də arzu edirəm ki, sənin də bir gün sehrli lələyin olsun, amma heç zaman o lələk gərəyin olmasın. Nə arzu etsən, sehrsiz-filansız həyata keçsin! Nə istək diləsən, hasil olsun! Nağılımız bitsin, arzularımız isə heç zaman bitməsin, tükənməsin!

 

    Nağılçı: Gülzar İbrahimova