Şahzadə və Mələk

(nağıl)

Biri vardı, biri yoxdu, bir padşah vardı. Şahın yeniyetmə, cavan bir oğlu var idi. Şah qocalmışdı deyə, oğlunu öz yerinə şah qoymaq istəyirdi. Şahın əmrinə görə, əvvəlcə şahzadə evlənməli, sonra şah olmalı idi. Şahzadə isə heç kəsi bəyənmir, hər qızda eyib axtarır, tapırdı da.

Bir soyuq qış günü saray adamları - Şahzadə, vəzir, vəkil ova çıxmışdılar. Şahzadə hamıdan aralandı, bir xeyli dərəni dolaşıb çaya endi. Atını necə çapdısa, donmuş çayın üstündən keçəndə buz ağırlığa tab gətirməyib çatladı. Şahzadə düşdü suya, başı buz parçasına elə möhkəm dəydi ki, huşunu itirdi. Şah adamları onun səsini eşidib çapdılar köməyə. Amma çaya enmək üçün bir az vaxt gərək idi.

Qoy şahzadə buzlu çayda qalsın (Ona bu da azdı. Məgər bilmir ki, buzlu çayın üstündə at çapsan buz sınar?..), görək sonra nə oldu.

Meşədə bir Xoşu nənə vardı. Onlar dədə-babadan meşədə yaşar, meşəni qoruyardılar. Xəstələnən, qocalan heyvanlara, quşlara kömək edərdilər.

Xoşu nənənin koması çayın yaxınlığında idi. O, Şahzadənin səsini eşidən kimi onun köməyinə çatdı. Tez yumbalandı çaya, oğlanı qaldırıb şillələdi, ayıltdı.

Vəkil çatdı, şahzadəyə kömək elədiyinə görə qarıya qızıl pul verdi. Qarı götürmədi. Çünki Şahzadəni xilas elədiyinə sevinirdi.

Ovdan qayıdandan sonra Şahzadə bərk xəstələndi, soyuqdan titrədi. Üstünə nə qədər yorğan atsalar da, isinmədi. Onun bu dərdinə heç yerdən dərman tapılmırdı.

Şahzadənin azarlaması xəbərini Xoşu nənə də eşitdi. Saraya gəldi, özü ilə nə qədər dava-dərman gətirdi, hamısını da Şahzadəyə içirtdi, yedirdi, canına sürtdü, heç nəyin köməyi olmadı. Onda Xoşu nənə yaxınlaşıb Şahzadənin qulağına nəsə pışıldadı. Ondan sonra Şahzadə Xoşu nənə deyənə əməl elədi və həmişəlik sağaldı.

Nə pıçıldadı Xoşu nənə Şahzadənin qulağına? Eşit, qulaq as, sirri sən də bil!

Hələ ki, Şahzadəni yataqda xəstə qoyaq, görək məmləkətdə nə baş verir?

Bir tacir, onun da Mələk adlı gözəl, göyçək bir qızı vardı. Tacir qızı ilə rahat, mehriban yaşayırdı. Bir gecəyarı qapı döyüldü. Qapını açıb gördülər ana və qızıdır. Ana az qala yalvarırdı:

- Rəhm elə, mərhəmətli insan, çox soyuqdur, bizi bir gecəliyə qonaq saxla, gecələməyə yer ver!

- Allaha da qurban olum, qonağna da, gəlin evə!

Ana-bala bir neçə gün burda qonaq qaldılar. Arada getmək istəyəndə qoymadılar. Ana çox qayğıkeş və xeyirxah adam idi. Qızı Nənəxanım çirkin və tənbəl olsa da, o da mehribandı.

Elə ki, qırx gün oldu, qonaqlar gedəndə Mələk də bikef oldu, atası da.

Nənəxanım ayrılanda elə ağladı, elə ağladı, ağzındakı bütün əyri, çürük dişləri göründü. Bu neçə gündə Mələk də Nənəxanıma alışmışdı. Dedi:

- Getmə Nənəxanım, qal, bacı olarıq!

- Qızımın bacısı yoxdu, özünə bacı tapmışdı! – ana belə deyib kövrəldi.

- İndi ki, belədi, getməyin, qalın! - Ata belə deyəndə hamı sevindi. Ata işi belə görüb qadının razılığını aldı, onunla kəbin də kəsdirdi. Qadın oldu Mələyin ögey anası.

Elə nağıl da bundan sonra başladı. Günlərin bir günü tacir uzaq səfərə çıxdı, o gündən ögey ananın da iç üzü açıldı. O, bircə gündə tamam dəyişdi. Əvvəl Mələyin paltarlarını götürüb qızı Nənəxanıma verdi. Mələk öz paltarını götürmək istədi, verməyib dedilər:

- Neyləyirsən qız, bu bizimdir, özümüzlə gətirmişik, dəymə!

Ögey ana yeməyin dadlısını qızına yedirtdi, dadsız yerini özü yedi. Mələyi bütün günü işlətdi, "yoruldum" deyəndə, onu döydü. Nənəxanım da bir yandan deyinir, Mələyə qışqırırdı:

- Anamı hirsləndirmə, yoxsa, səni evdən qovarıq!

Mələk atası üçün çox darıxırdı. Bir gün Ögey ana evin odunlarını satıb dedi:

- Mələk, qız, görmürsən odun yoxdu, get meşədən odun yığ, gətir!

Mələk deyə bilmədi ki, "Hər yan qardı, indi hardan odun gətirmək olar?". Qorxdu ki, analığı hirslənər, onu döyər. Nənəxanıma dedi:

- Əlcəyim səndədir, onu ver geyinim, qayıdanda qaytararam!

- Təzəni ver mənə, onda köhnəni verim sənə!

- Toxuyub qurtarmamışam, iki barmağı qalıb.

Mələk milləri götürdü ki, əlcəyi toxuyub qurtarsın, Ögey ana hirsləndi:

- Deyirəm qəza, get oduna, bu hələ yerini rahatlayır!

- Ana, səni hirsləndirəndə döy onu! - deyib Nənəxanım da gözlərini Mələyə bərəldib onu cırnatdı. Mələk istədi nəsə desin, analığı maşanı ona tulladı:

- Bu saat çıx get oduna. Axşama qədər odun gətirməsən evə gəlmə!

Mələk ağrıdan maşa dəyən ayağını çəkə-çəkə yola düşdü.

Az getdi, çox getdi, çayın yanından keçəndə gördü soyuqdan əlləri donur, əlcəyinin tayını geyindi, o biri tayını da başladı toxumağa. Təzəcə qurtarmışdı, geymək istəyəndə gördü bir qarı gəlir, belində də odun şələsi. Qarı onu görən kimi ağladı. Mələk soruşdu:

- Qarı nənə, nə olub sənə, niyə ağlayırsan?

- Əllərim donur, gördüm əlcək toxuyursan, nənəm yadıma düşdü. Deyərdi, gəl sənə toxumaq öyrədim! Eşitsəydim, ində əlcəksiz qalmazdım, əllərim donmazdı!

- Ağlama nənə, al əlcəyimi geyin, əllərin donmasın!

- Sağ ol, - deyib qarı sevincək əlcəkləri geyindi. Əlləri isindi, dedi:

- Sən yaxşı qızsan, əlcək əllərimi isitdi!, canım isindi. Hardan gəlirsən, hara gedirsən?

Mələk evin sirrini açmaq istəməyib dedi:

- Dovşanım qaçıb meşəyə, onu axtarıram!

Sən demə, nənə sehrli idi, hər şeyi bilirdi. Ona görə əlini-əlinə çırpıb sevindi:

- Tapmışam sənin dovşanını, o mənim komamdadır, gedək, götür! Mən də neçə gündüz yuvasını axtarıram, tapmıram!

Mələk odun şələsini nənədən alıb ona kömək elədi. Gəldilər komaya. Koma elə dağınıq idi, aləm bir-birinə dəymişdi. Bulaşıq qablar, toz, toratan, çirkli paltarlar... Bir küp də yanı üstə düşmüşdü, içərisində də nə qızıl vardı, dağılmışdı yerə. Qarı dedi:

- Komam səliqəsizdi, qocayam, yığışdıra bilmirəm, neyləyim?

- Darıxma nənə, indi yığışdıraram!

Komanın bir tərəfində dəmir qəfəs vardı. Qəfəsdə də ağ dovşan. Dovşan onları görən kimi tullanıb-düşdü. Qarı dedi:

- Aman, qoca başım! Qəfəsin açarını ağacın budaqda unutmusham, gedim, gətirim!

Mələk dedi, "Mən gedim", qarı dedi, "Tapmazsan!". Qarı gələnə qədər Mələk komanı elə təmizlədi, komadan gül qoxusu gəldi. Qız qarıya isti şorba da bişirmişdi. Qarı ləzzətlə yedi. Dovşanın qəfəsini açan kimi dovşan tullandı Mələyin qucağına. Mələk dovşanı tumarladı, dedi:

- Gözəl dovşandı, amma o mənim deyil, apara bilmərəm! - deyəndə, dovşanın gözlərindən iki damla yaş düşdü. Qarı dedi:

- Sənindir, elə olmasaydı, ağlamazdı. Götür, deyəsən sehrli dovşandı, dil bilir. Gördün, səni başa düşdü, ağladı.

Mələk dovşanı götürdü. Getmək istəyəndə Xoşu nənə dedi:

- Dur, bu çovğunda gedə bilməzsən. Mənim sehrli balqabağım var, səni aparar.

- Hələ odun yığmalıyam!

- Balqabağın içərisi odunla doludur. Orda sənə hədiyyə də qoymuşam.

Mələk istədi nəsə soruşsun, qarı əsnədi, elə ayaq üstdə yuxuladı, Mələk onu oyatdı, oyanmadı. Qolundan tutub yatağına uzatdı.

Həyətdə böyük bir balqabaq vardı. Mələk ona yaxınlaşan kimi qapısı açıldı, qız dovşan qucağında içəri girdi. Balqabağın içərisi yumru ev idi. İçində yemək masası, masanın üstündə zərli, bəzəkli qablar, üstündə də bir-birindən dadlı təamlar.

Mələk qarının sehrinə inandı. Doyunca yedi, qarıya dua elədi. Hədiyyəsini də götürdü. Balqabaqdan çıxanda boylandı geri baxdı, gördü odunlardan başqa hər şey yoxa çıxıb. Əynindəki paltarları da bir anda dəyişdi, gözəl bir geyimdə oldu. Hədiyyəni açanda qiymətli daş-qaşdan gözləri qamaşdı.

Mələk gələndə bütün qonşular tamaşasına yığışdı. Onun əynində saray xanımına layiq qırmızı, xəz palto var idi. Bunu görəndə ögey ananın paxıllıqdan gözləri böyüdü. Ana Mələyin əlindən hər şeyi alıb öz qızına verdi. Amma nə qədər dartışdırdılar, paltarlar Nənəxanımın əyninə keçmədi. Nənəxanım hönkür-hönkür ağladı:

- Özüm gedəcəyəm meşəyə, qoy qarı paltarı mənim əynimə görə versin!

Ana nə qədər elədi, qızı qulaq asmadı, qaçıb getdi meşəyə. Qarını tapdı. Qarı Nənəxanımla söhbət edəndə nənəsini yadına salıb ağladı. Nənəxanım dedi:

- Nənən üçün ağlamaq heç sənə yaraşmır. Özün elə qocasan ki, ölmək vaxtın çoxdan çatıb.

Xoşu nənə Nənəxanımı komasına dəvət elədi. Mələyə nə demişdisə, ona da dedi:

- Komam bir az səliqəsizdi, qocayam, yığışdıra bilmirəm, neyləyim?

- Özün bilərsən, istəyirsən yığışdır, istəmirsən yığışdırma!

Eynən hər şey təkrar oldu. Xoşu nənə açar gətirməyə getdi. O gəlincə Nənəxanım qızıl küpündən dağılan qızılları oğurlayıb qoynunda gizlətdi. Sonra da bircə tava yudu, özünə ət qızardıb yedi, qabı da bulaşıq qoyub, uzandı, qarını gözlədi.

Qarı Nənəxanımı da balqabağına mindirdi, yola saldı. Balqabaqda qızın paltarları dəyişdi. Əynindəki adi paltar oldu, şahzadə paltarı. Nənəxanım əl atdı qoynuna, gördü gizlətdiyi qızıllar yoxa çıxdı, elə qışqırdı, elə qışqırdı, balqabaq zərblə evlərinin divarına dəyib çatladı. Bir anda balqabağın içərisi iyləndi. Hər tərəfə pis qoxu yayıldı. Nənəxanm istədi balqabaqdan çıxsın, çıxa bilmədi. Paltarlarının ətəyi də çürüyüb cırıldı. Onu birtəhər balqabağın içərisindən çıxartsalar da, cürümüş balqabaqdan əl çəkmədi. Eşdi, eşdi, oğurladığı qızılları nə qədər axtardı, tapa bilmədi.

O gündən də ana-bala bir ilana döndülər, Mələyi düşmən gördülər. Amma sehrli dovşan həmişə Mələklə oldu, hər yerdə onun köməyinə çatdı. Bir gün şah car çəkdirdi:

- Şahzadə tilsimə düşüb, xəstələnib, həmişə soyuqdan titrəyir. Hansı qızın toxuduğu yun köynək şahzadəni isitsə, onunla da evlənəcək!

Xəbəri eşidən bütün qızlar şahzadəyə köynək toxumağa başladılar. Nənəxanım toxumaq bilmirdi. Ögey ana köynəyi Mələyə toxutdurdu. Hazır olanda öz qızını bəzədi, düzədi, onu saraya apardı.

Nənəxanımın gətirdiyi köynək Şahzadənin xoşuna gəldi. Əllərini uzatdı qızın əllərindən tutsun, vəzir ondan əvvəl iki mil qoydu şahzadınin əlinə. Şahzadə vəzirin nə demək istədiyini başa düşüb dedi:

- Azca da olsa bu toxunuşdan mənim üçün toxuya bilərsən?

- Əlbəttə! - deyib, Nənəxanım mili və yumağı aldı. Anasına yaxınlaşıb dedi:

- Mənə kömək elə, azca toxuyaq!

  • Mən toxumaq bilirəm? - deyib ana-qız sap qurtarana qədər bir bərbad torba toxudular. Şahzadəni aldatmaq istədiklərinə görə Ögey ananı və Nənəxanımı saraydan qovdular. Köynəyi də "Özümüz toxumuşuq!" deyib, Mələyin adını çəkmədilər. Şahzadə o gündən köynəyi toxuyanı axtarmağa başladı.

Bir dəfə Mələk dovşanına bir koynək toxudu, onu dovşana geydirdi. Dovşan pəncərədən bayıra tullanıb qaçdı. Mələk onu axtardı, tapmadı.

Həmin gün şahzadə eyvanda oturmuşdu, özü də titrədirdi deyə, səkkiz yorğana bürünmüşdü. Bir də gördü bir dovşan dayanıb məhəccərdə ona baxır. Dovşanın əynində eyni Nənəxanım gətirən köynəkdən vardı. Şahzadə sirri öyrənmək üçün yoğanları üstündən atdı, düşdü dovşanın arxasına. Dovşan getdi, Şahzadə getdi, dovşan getdi, şahzadə getdi, gəlib çatdılar tacirin həyətinə. Mələk həyətdə dovşanını axtarırdı. Dovşanı görəndə sevindi. Şahzadə Mələkdən soruşdu:

- Dovşana köynəyi sən toxumusan?

- Mən toxumuşam!

- Mənə də beləsini toxuyarsan?

- Sənə beləsini çoxdan toxumuşam, - deyib evə girdi, şahzadəyə təzə toxuduğu köynəyi gətirdi. Şahzadə köynəyi geyən kimi sağaldı.

- Gəl səninlə dost olaq, - Mələyə dedi.

Tacir səfərdən qayıdan kimi şahzadə Mələyə elçi göndərdi. Şahzadə ilə Mələyin toyu olanda toya ögey ana da, Nənəxanım da gəlməli idilər.

Onların arxasınca yaraşıqlı, zərli-bəzəkli fayton gəldi. Ögey ana qızı ilə bəzənib-düzənib toy evinə yollandılar. Amma toydakılar nə qədər gözlədi, gəlib çıxmadılar. Qonşular dedi:

- Onlar şahzadənin göndərdiyi arabaya minib saraya – toya getdilər.

- Onların dalınca arabanı biz göndərməmişik! – saraydakılar dedi. Xoşu nənə də toyda idi. O dedi:

- Arabanı mən göndərmişdim! - Sonra isə Mələyin başına gələnləri hamıya danışıb, axırda dedi: - Onları gəldikləri yerə göndərdim, bir daha bura qayıda bilməzlər!

- Düz eləmisən! – deyib hamı şadyanalıq elədi.

Düzünü bilmək istəsən, o vaxt mən də ordaydım. Bir yun tuman toxutdurdum, geyindim, bayram eləyənlərə qoşuldum. Qol-qanad açdım. Çaldılar, oynadım. Elə sevindim, elə sevindim, çalmayanda da oynadım. Birdən ürəyimə gəldi, camaat deyər, “bu qoca nənə dəlidi-nədi, çalğısız oynayır!”. Durdum, dayandım yerimdəcə, ürəyimdəcə çaldım-oynadım! Sənə də arzum budur, ürəyindəcə həmişə çalıb-oynasan!

 

Nağılçı: Gülzar İbrahimova