(nağıl)
Ayı meşəni gəzib dolandı, amma yeməyə heç nə tapa bilmədi. Yoruldu, bir ağacın kölgəsində uzandı ki, dincəlsin. Birdən uzandığı yerdə ağacda pətək gördü. Pətək bal ilə dolu idi. Ayı sevindi:
- Amaaan, burda nə qədər bal var, O qədərdir ki, pətəklər aşıb-daşır.
Arı balı çox xoşlayırdı. Ona görə elə sevindi, elə sevindi...Tez qalxıb, boylandı pətəyə. Baxdı, baxdı, ağzının suyu axdı, udqundu, sonra sevinə-sevinə iki pəncəsini batırdı bala, üstünə bal axıda-axıda, yeməyə başladı. O arada udqunub deyirdi:
- Bal elə dadlıdır, elə şirindir... Mən ömrümdə belə şirin bal yeməmişəm!..
Ayı baldan o qədər yedi, o qədər yedi, qarnı şişdi. Axırda hıçqırmağa başladı. Gözlədi hıçqırması kəssin, sonra yenə yesin. Ayı görməmişlikdən baldan əl çəkə bilmirdi.
Neyləsin, neyləsin, bilmədi neyləsin. Qabı da yox idi ki, balı töküb aparsın. Ona görə baldan götürüb başına-gözünə yaxdı. Sonra bədəninə sürtdü. Arılar uzaqdan ona baxır, hirslənir, vızıldaşırdılar. Onlar ayının belə yaramaz hərəkətini görüb hirsə vızıldadılar:
- Zəhmətimizə heyfin gəlsin. Yedin, doydun, get. Qoy başqaları da yesin. Balı başına niyə yaxırsan? Balı heyif etmə!
Kobud Ayı güya hirsləndi. Elə nərə çəkdi ki, arılar qorxudan uçub ağacın oyuğuna girdilər. Ana arı oyuqda pətək düzəldirdi. O, arıları həyəcanlı görüb soruşdu:
- Nə olub sizə, balalarım?
Hamı həyəcanla vızıldadı:
- Ayı balımızı yeyir!
- Qoy yesin, - Ana arı dedi, - ayılar balı xoşlayır.
- O bizim pətəyimizi dağıdır!
- Niyə dağıdır ki? Ona nə pislik eləmişik? - Ana arı belə deyb ağacın oyuğundan bayıra çıxdı. O, pətəyin dağılmış halını görəndə çox pis olub Ayıdan soruşdu:
- Sən bizim böyük zəhmətlə yığdığımız balı niyə dağıdırsan?
- Niyə dağıdıram, saçıma sürtürəm ki, saçlarım parıldasın!
- Biz hər çiçəkdən şirə çəkib bal düzəltmişik ki, bütün canlılar onu yesin, faydasını görsün. Sən isə onu yerə tökürsən!
- Bəs mən neyləyirəm, mən də faydasını görürəm! Baxın, görün nə qəşəng yerə tökülür. Elə bil şəlalədən su tökülür. - Belə deyib Ayı bir ovuc bal götüdü, sinəsinə yaxdı.
Ana arı ağlaya-ağlaya bir Ayıya, bir bala baxdı, bala çox heyfi gəldi.
Ana arı bir də baxdı ki, Ayı qabaq pəncəsi ilə balı götürür, tökür ayaq pəncəsinə, bu vaxt balın çoxu yerə tökülür. Ayı balın üstünə çıxıb onu tapdalamağa başlayanda Ana arı dözməyib dedi:
- Dayan, dayan, bu ziyankarlıqdır! Həddini aşdın sən!
Ayı ayaq pəncələrini bala sürtüb güldü:
- Qoy ayaqlarımın altına da balın xeyri dəysin də...
Ana arı daha dözməyib, bərkdən vızıldadı:
- Balı niyə tapdalayırsan, çıx-get, tapdalama balı!
O biri arılar da hirslə vızıldayıb Analarının dediyini təkrar elədilər:
- Balımızı tapdalama, çıx get burdan!
- Yaxşı edirəm. İşiniz bal toplamaqdır, gedin, işinizlə məşğul olun. Mən balı necə yeyərəm, özüm bilərəm. Xoşunuza gəlmir, baxmayın! Mənim isə bal ilə oynamaqdan xoşum gəlir. Xoşum gəlir, edirəm. Vaxtı keçrirəm ki, bir azdan acıyanda yenə bal yeyim.
Ana arı çox hirsləndi:
- Necə? Xoşuma gəlir edirəm? Elə isə onda biz də xoşumuza gələni edəcəyik!
- Sizin xoşunuza gələn nədir?
- İndi görəcəksən! - Belə deyib Ana arı qanadlarını yuxarı qaldırıb çəpik çaldı. Sonra bərkdən vızıldayıb dedi:
- Arılar, hazır olun! İndi biz ən xoşladığımız "Arı-vız-vız-vız" oyunu oynayacağıq. Yəni, "Arı-vız-vız-vız" mahnısı oxuya-oxuya ayıya biz batıracağıq! Qoy o gözü ilə görsün ki, hər kəs xoşuna gələni edəndə nələr baş verir...
- Vay qorxdum, - deyə Ayı tənə ilə dedi. Sonra da arılara acıq vermək üçün yerə tökülmüş balın üstündə atılıb-düşməyə, gülə-gülə təlxəklik eləməyə başladı.
Bir anda hardansa mindən çox arı uçub gəldi, Ana arını dövrəyə aldı. Ana arı amiranə səslə dedi:
- "Biz-biz" oyunu başlandı!
Belə deyən kimi bütün arılar vızıldayıb Ayının üstünə cumdular. Daha Ayıda salamat yer qoymadılar. Onu elə çaldılar, elə çaldılar, Ayının nərəsi dağlara, daşlara yayıldı. Başı, üzü, beli, qarnı, ayaqları elə şişdi, elə şişdi, o boyda Ayı ayıya yox, şara oxşadı. Yumbalandı, yumbalandı, düşdü gölə, ondan sonra güclə canını arılardan qurtardı. Elə o gündən də Kobud Ayı pətək görəndə ordan uzaqlaşdı, bal görəndə ağzını tutub, ordan qaçdı.
Nağılçı: Gülzar İbrahimova