(nağıl)
Biri vardı, biri yoxdu, Nailə adlı bir qız vardı. Nailə hələ balaca olsa da çox ağıllı, dərrakəli və çox da gözəldi. O hətta 10- a qədər saymağı bilir, hətta bir neçə hərf də tanıyırdı. Bağçadakı oğlanlar da, qızlar da onu çox istəyir, onunla dost olmağa çalışırdılar.
Bir gün bağçaya ANS televiziyasının "ELLİ və Dilli" uşaq verilişindən çəkiiliş qurupu gəlmişdi ki, yaxşı uşaqları verilişə çəksin. Onların Nailədən o qədər xoşları gəldi ki, onu çəkdilər.
Sən demə, verilişə Küpəgirən qarı da baxırmış. Onun da Nailədən xoşu gəldi. Qərara gəldi ki, qızı oğurlasın. Elə də elədi.
Uşaqlar təzəcə həyətə çıxmışdılar birdən Küpəgirən qarı hardansa uçub gəldi və bir göz qırpımında qızı qucaqlayıb, süpürgəsinə oturdub, göyə qalxdı.
Nailəni çox istəyən oğlanlar Kamal, Tural, Kənan özlərini itirmədilər. Tez Küpəgirən qarının arxasınca qaçdılar.
Az qaçdılar, çox qaçdılar, şəhərdən çıxdılar, kəndə girdilər, dağa çıxdılar, meşəyə çatdılar. Az getdilər, çox getdilər, axır ki, Küpəgirən qarının izinə düşüb ona yaxınlaşdılar. Bu vaxt uşaqlar bir çaya çatdı. Çayın üstündə nə taxta körpüsü var, nə də asma körpüsü. Nailəni xilas etmək üçün çaydan keçmək lazım idi. Kamal ilə Kənan soyunub çaya tullandılar. Tural isə soyuna bilmədiyindən orda qaldı. Çünki onu həmişə anası soyundurub geyindirirdi. Özü soyunub geyinə bilmirdi. Ona görə də ağladı.
Kamal isə üzə bilmədiyindən bir az suda çapalayıb geri qayıtdı. Kənan çayın kənarından uzun bir qamış qırdı. Qamışın ucundan tutub idmançılar kimi nə qədər hündürə tullandısa düz düşdü Küpəgirən qarının süpürgəsinin üstünə. Küpəgirən qarı qorxudan yavaş-yavaş düşdü yerə. Dİli pəltək vura-vura dedi:
- Mənə dəəəyməəə! Dostuna pislik eləmərəm!
Kənan hirslə Küpəgirən qarıya dedi:
- Sən nə cürətlə mənim dostumu oğurlayırsan?
Küpəgirən qorxudan əsməyə başladı:
- Səhv eləmişəm, dostunu tutmuşam. Bilməmişəm ki onun sənin kimi cəsur, qorxmaz dostu var. Mən qızı nəvəmin yanına aparırdım ki, bildiklərini ona da öyrətsin!
Küpəgirən qarı bilmirdi necə etsin ki, nəvəsi də ağıllı balalar kimi ağıllı olsun. Kənan Nailəni Küpəgirən qarının əlindən xilas elədi. Onlar həmişəlik dost oldular. Bir-birlərindən heç vaxt incimədiər, küsmədilər.
Nağılçı: Gülzar İbrahimova