Maraqlı tamaşa

Maraqlı tamaşa

(Hekayə)

  Kukla Teatrında maraqlı tamaşa var idi. “Cırtdan” tamaşasına çoxlu uşaq gəlmişdi. Elşən və Gülşən də tamaşada idilər. Onların yanında onlardan iki-üç yaş balaca, sarışın bir qız oturmuşdu. Gülşən onunla tanış olmaq istədi:

 - Mənim adım Gülşəndir, bəs sənin adın nədir?

 Balaca qız şirin-şirin cavab verdi:

 - Mən Səlaləyəm!

 Şəlalənin anası da yanındaydı. O qızının sözünə əlavə elədi:

 - Şəlalədir onun adı, gözəl balalar. Olar, mən Şəlaləni sizinlə otuzdurum? O balacadır deyə, tək qoymaq istəmirəm. Özüm isə dəhlizdə oturacağam ki, balacalara mane olmayım.

 Uşaqlar sevindilər. Elşən dedi:

 - Narahat olmayın, xala, biz Şəlaləni tək qoymarıq!

 Tamaşa çox maraqlı keçirdi. Amma tamaşanın ortasında div uşaqları oğurlayıb mağarasına aparanda Şəlalə qorxdu və divə qışqırdı:

 - Yemə uşaqları, vəhşi div! Burax onları, burax uşaqları!

 Belə deyəndən sonra Şəlalə bərkdən ağlamağa başladı.

 Ətrafdakılar Şəlaləyə baxdılar. Uşaqlar hərəsi bir tərəfdən onu sakitləşdirdilər: Elşən dedi:

 - Bax, indi cırtdan divi aldadacaq!

 - Divin belinə ip bağlayıb çaya atacaq, -deyə Gülşən də Şəlaləni sakitləşdirmək istədi.

 Şəlalə bu sözləri eşidəndə daha qorxmadı. Sevindiyindən güldü. Özü də elə qəhqəhə çəkib güldü ki, yenə də uşaqlar hamısı dönüb ona baxdı.

 Tamaşanın sonuna yaxın div çaya düşəndə isə lap ürəkdən sevindi. Yenə də bərkdən qışqırdı:

 - Sənə yaxşı oldu, vəhşi div, deyə üzünü divə tutub qışqırdı.

 Təkcə Elşən, Gülşən yox, bütün zaldakı uşaqlar balaca Şəlalənin sözlərinə ürəkdən güldulər. Həmin gün uşaqlar üçün çox maraqlı gün oldu.