Qiymətli hədiyyə

Qiymətli hədiyyə

(Hekayə)

  Bir gün Rəşadla Lalə divarda bir elan oxudular. “İyun ayında qonşu həyətdə çiçək bayramı müsabiqəsi keçirələcək. Müsabiqədə iştirak etmək istəyənlər öz çiçək dəstələrini ayın son bazar günü saat 12-də münsiflər heyətinə təqdtim edə bilərlər”.

 Lalə dedi:

- Çiçək bayramında iştirak etmək çox maraqlı olar. Gəlsənə biz də bu bayramda iştirak edək. Rəşad Lalə ilə razılaşdı. Qərara gəldilər ki, müsabiqədə iştirak etmək üçün həyətdə gül-çiçək əksinlər. Rəşad evlərindən balaca bel, Lalə isə gül toxumları gətirdi. Onlar bağçada bir xeyli işləyib çoxlu gül əkdilər.

 Aradan bir nesə gün keçdikdən sonra güllər cücərməyə başladı. Uşaqların sevinclərinin həddi-hüdudu yox idi. On gün keçdikdən sonra isə əkilmiş toxumlardan çox gözəl lalələr açdı. Məhəllə adamları Rəşadla Laləyə “əhsən” söylədilər. Onları o qədər təriflədilər ki.

 Rəşad da, Lalə də çiçək müsabiqəsində mütləq qalib gələcəklərinə inanırdılar.

 Gözlənilən gün gəlib çatdı. Müsabiqə qonşu məhəllədə keçirilirdi.

 Rəşad və Lalə əkdikləri güllərin tam açılmışlarından gözəl bir dəstə düzəltdilər. Onu parıldayan gül kağızına büküb müsabiqəyə təqdim etmək üçün apardılar.

 Amma onlar yaxınlaşanda fikir verib gördülər ki, düzəltdikləri gül dəstəsi hamının gətirdikləri gül dəstələrindən solğun görünür və balacadır. Özü də güllər dəriləndən sonra elə bil bir az solmuşdular. Lalə Rəşada heç bir söz deməsə də Rəşad onu başa düşdü. Bir gətirdikləri gülə, bir də münsiflər heyətinin stolunun üstünə yığılmış və gözəl dəstə bağlanmış güllərə baxdı. Bikef oldu, başa düşdü ki, bu güllərlə müsabiqədə heç vaxt qalib gələ bilməzlər. Kefsiz-kefsiz Laləyə dedi:

- Gəl gedək.

 Onlar dinməzcə gülü stolun qoyub həyətlərinə gəldilər. Sakitcə bağçada oturub əkdikləri güllərə baxmağa başladılar.

 Bir xeyli keçəndən sonra uşaqlar gördülər ki, münsiflər heyətinin üzvü və onların ardınca müsabiqə iştirakçıları onların həyətinə gəldilər. Lalə dəstəsi də onların əlində idi. Uşaqlar əvvəlcə heç nə başa düşmədilər. Həyətlərində yaşayan Soltan əmi də münsiflər heyətinin üzvü idi. O, bağçanı, açılmış gülləri hamıya göstərib dedi:

 - Görürsünüz, bizim müsabiqənin ən balaca iştirakçıları öz əkdikləri güldən müsabiqəyə təqdim ediblər. Biz onlara böyük qiymət verməliyik. Onlar ən böyük mükafata layiqdirlər. Balacaların müsabiqəyə təqdim etdikləri gül dəstəsi ən gözəl, ən ətirli güldür. Çünki həmin gül dəstəsi bu balaca uşaqların əllərinin zəhmətidir.

 Təntənəli iclaslarda olduğu kimi hamı əl çaldı. Onlar Rəşad və Laləyə baxıb əl çalırdılar. Rəşad və Lalənin sevincdən gözləri yaşardı. Çəkdikləri zəhmət hədər getməmişdi. Həm həyət yaşıllaşmış və gözəlləşmiş, həm də onlar müsabiqənin ən yüksək hədiyyəsinə layiq görülmüşdülər. Uşaqlar özlərindən də böyük ağ ayı hədiyyələrini münsiflər heyətindən qəbul etdilər. Bu, Rəşadla Lalənin ən sevincli günlərindən biri idi.