Azərbaycanın haqq səsi, Zəfər müjdəsi! 


 

Yaxşı ki, müharibənin əvvəlindən haqq səsimizə səs verənlər oldu. Türkiyə, Pakistan, Əfqanıstan, Gürcüstan, Ukrayna və başqa ədalət tərəfdarları haqq səsimizə səs verdilər. Müharibə ərəfəsində ermənilərin haqsız olduğunu özləri etiraf edəndən sonra, bizi dəstəkləyən ölkələrin sayı durmadan artdı. Saysız-hesabsız şəhid verən erməni siyasətçiləri hətta dilə gəlib etiraf etdilər: “Azəbaycan müharibə etməkdə haqlıdır. Onlardır Dağlıq Qarabağın əsl sahibi. Niyə biz başqalarının torpağına görə balalarımızı qurban verməliyik?!”. Gec də olsa, haqq yolunu tapdı. 
Mənim ən çox həyəcanlı günlərim Şuşaya hücum günlərində oldu. Ürəyim çox narahat idi. Sonradan məlum oldu ki, ürəyim düz narahat olub. Ən qanlı döyüşlər Şuşada gedib. 
İgid döyüşçülərimiz qorxmadan daima irəliləyiblər. Canları ilə sədd çəkib düşməni qovub vətənimizdən çıxarıblar. Onlar heç unudularmı? Heç vaxt! Azərbaycan tarixi İlham Əliyev kimi cəngavərləri ilə həmişə fəxr edib. Koroğlularına dastan qoşub. Babəklərinin qəhrəmanlıq salnaməsini yazıb. 
Biz yazıçılar da Ölkə Başçımızın cəngavərliyindən yazıb, onu tariximizdə yaşatmalıyıq. Heç nəyi unutmaq olmaz. Biz murdar düşmənin pisliyini unutmamalıyıq.
Biz Azərbaycan xalqının qəhrəman, igid oğullarını unutmamalıyıq. 
30 illik müharibədə düşmənlə vuruşmuş hər oğul, hər qazi, hər şəhid bizə əzizdir. Biz müharibə günlərində bizimlə daima bir olan türk xalqının da bu yaxşılığını heç vaxt unutmarıq. Çətin anlarımızda yanımızda olan hər kəs bizə əzizdir.
44 günlük müharibədə düşmən ordusu tamam darmadağın edildi. Bu müharibə Azərbaycanı bütün dünyada ucaltdı. Vaxtı ilə Azərbaycana sədaqətlə rəhbərlik etmiş, verdiyi öyüd-nəsihətlə İlham Əliyev kimi pəhləvan bir sərkərdə, əsl oğul böyütdüyünə görə də Sevimli Heydər Əliyev kimi dahi rəhbərimiz həmişə xoş xatırlanacaq. 
Müharibəni zəfərlə başa çatmasına nail olan İlham Əliyev böyük sərkərdə kimi tanındı və dünya tarixinə yazıldı. Rüsvayçı ermənilərin başqalarının torpaqlarını işğal etmək yolu ilə “Böyük ermənistan” yaratmaq xülyası sonlandı. 
44 günlük müharibə Azərbaycanı sülhsevər ölkə kimi dünyaya tanıtdırdı. Müharibə erməninin iç üzünü açıb dünyaya göstərdi.    
Zəfər Azərbaycanı – şəxsən məni bir yazıçı kimi çox sevindirdi. Qaçqınlar, didərginlər sevinə-sevinə dədə-baba yurdlarına qayıdacaq. Onların arzuları dəyişəcək, arzularının yerini daha gözəl arzular tutacaq.  
Əminəm ki, Şəhid ruhları “Qisas alındı”deyə, rahat uyuyacaq. Əsgərlərimiz sırada addımlayanda “Vətən” mahnılarını əvvəlki kimi sızıldayan ürəklə yox, fəxr dolu bir ürəklə oxuyacaq. Qarabağımızın şikəstəsi dünyaya yayılacaq. 
 Bu gün bir xalqın arzusu yerinə yetibsə, deməli o xalq xoşbəxtdir. 
Bu gün Ölkəmin cavanları Prezidentimin dəmir əlindən tutub əl-ələ veribsə, deməli, VƏTƏNİM DƏMİR KİMİ MÖHKƏM ƏLLƏRDƏDİR!

 

          Müəllif: Gülzar İbrahimova