Qələbəyə - Zəfərə inam


Düşmənlərdən qisas alaq!
Məğrur xalqım ayağa qalx, 
Düşmənlərdən qisas alaq!
Azad edək Qarabağı,
Yerlə-yeksan olsun yağı!

Qoy həmişə uca olsun
Dünya önündə başımız,
Qoy həmişə qürur ilə
Dalğalansın Bayrağımız!
Müharibə başlananda Qələbəyə o qədər inamım vardı ki, bu şeiri müharibənin başlanması elan edilməmiş, səhər saat 8-də yazmışam. 2 saatdan sonra isə Baş komandanımız müharibənin başlandığını elan etdi. 
Camaat Ölkə rəhbərinə - İlham Əliyevə inandığına görə hamı bir nəfər kimi - bütün xalq ayağa qalxdı. Düz 44 gün arzumuz-amalımız, işimiz-gücümüz ancaq “Vətənin müdafiəsi” və “Torpaqlarımızın düşməndən azad edilməsi”,“Qisas”a, “Qələbə”yə kömək etmək oldu. 
Digər tərəfdən də müharibənin biz tərəfdən ədalətli müharibə olduğunu dünyaya çatdırmaq vacib idi. Çünki yalançı və riyakar düşmən hər yerdə “Biz sakit, zəhmətkeş xalqıq, amma azərbaycanlılar həmişə bizi öldürür”. Onların belə təbliğatına inananlar və atdığımız addımı həmin vaxt pisləyənlər də oldu.  
Müharibə başlanan gündən ürəyim cəbhədə idi. Müharibənin 15-ci günü olardı, eşitdim idmançı yoldaşlarım cəbhəyə getməyə, əsgərlərə yardım etməyə hazırlaşır. Sevincək onlara qoşuldum, düz cəbhəyə yollandım. Cəbrayıla, Zəngilana qədər gedib çıxdıq. Yolda əsgərlərimizi görəndə ürəyim fərəhindən az qalırdı yerindən çıxsın. Amma tez-tez qarşımızdan yel kimi ötüb keçən təcili yardım maşınları keçəndə Allaha dua edirdim: “Allah, sən günahsız balalarımızı qoru! Qoy yaraları yüngül olsun, tez sağalsın!”. Təəssüf ki, təcili yardım maşınlarının ardı kəsilmirdi. 
Bu yolları mən 40 il bundan əvvəl də getmişdim. O zaman Zəngilandan keçib Meğriyə, ordan da Əldərə kəndinə gedirdik. Yəni, doğma Vətənimə. (Heyf ki, o torpaqlar hələ də erməni işğalı altındadır. Amma, Baş komandanımız söz veribsə, deməli, bir gün mən də doğulduğum yerlərə ayaq basa biləcəyəm). 
Biz o vaxt Zəngilandan keçəndə buranın füsunkar təbiəti, yaşıllığı, yaraşıqlı evləri, sonsuz üzüm bağları, üzügülər, qonaqpərvər, zəhmətkeş  camaatı vardı... İndi isə erməni işğalından yenicə azad olmuş bu torpaqlar yalnız xarabalığı xatırladırdı. Amma Vətənimin xarabalığı da olsa, Vətən elə Vətəndir, xarabası belə hamımıza şirindir. Biz həmin yerlərin yarasını sığallamağa, məlhəm qoymağa hazırıq. 
Zəngilan postlarında hərbiçilər bizə dedilər, sizi daha irəli buraxa bilmərik. İrəlidə döyüşlər gedir. O ərəfədə cəbhə bölgəsinə sıravilərdən heç kəsi buraxmırdılar. Yaxşı ki aramızda vaxtilə dünya çempionu olmuş və hazırda yüksək hərbi rütbəsi olan Hicran Şərifov,  Azərbaycan çempionu olmuş Bəhruz Səmədov və başqaları vardı. Mən də onlara qoşulub əsgər balalarımıza isti corab, yun əlcək aparıb, aparıb payladım. Əsas onlara bir Gülzar nənələri kimi ürəkdən “CAN” deməyə getmişdim. 
Gedəndə bütün Vətənə aid şeirlərimi də əzbərləmişdim ki, əsgərlərimizin qarşısında çıxış edəndə o şeirlərimdən oxuyaram. Amma əsgər oğullarımızı yaxından görəndə, oğullarımızın əhval-ruhiyyəsinin necə yüksək olduğunu görəndə elə kövrəlirdim, elə dolurdum ki, “Can balalarımız, Allah sizi qorusun” deməkdən savay, dilim başqa söz tutmurdu. 
Vətənimin hər gün bir hissəsinin azad olduğu günlərdə sevincimizin həddi-hüdudu yox idi. Bir gözümüz sevinc göz yaşları tökdüyü vaxt, cəbhədən gələn qara xəbərlərdən o biri gözümüzdən qan-yaş axırdı. Neyləmək olar... 
Yaxşı ki, hər şey yaxşı sonluqla bitdi. Zəhmətimiz boşa getmədi. Vətən sevgisi bizi qələbəyə çatdırdı. Haqq qalib gəldi. Buna görə zəhməti keçən hər kəsə minnətdarıq. Əvvəla müharibənin ağır yükünü çiynində aparan Ölkə rəhbərinə, ondan sonra isə qəhrəman əsgərlərimizə! 

 

              Müəllif: Gülzar İbrahimova