Yatma, nağıl qurtarmamış
Nənə, mənə nağıl danış
Nağılsız yata bilmirəm!
Gəl yanımda otur, danış,
Özüm oxuya bilmirəm!
Sən danış, mən qulaq asım,
Yuxuda hey nağıl görüm,
Qılıncı alıb əlimə
Bütün divləri öldürüm!
Danış «Məlikməmməd»in
Quyuya düşməyindən.
Qızı saçlarından asmış,
Divi öldürməyindən.
Mənə çoxlu nağıl danış
Yatmayım qulaq asım.
Şahdan ya da Şəhrizaddan,
Ya da, qara quldan danış!
İstəyirsən Cırtdanın
Dürmək yeməyindən danış,
Sonra balaca oğlanın
Divi öldürməyindən danış!
Danış ki, Cırtdana necə
Nənəsi dürmək verirdi
Danış ki, o da neylədi
Uşaqları xilas etdi.
Danış mənə Məngülümdən
Şüngülüimdən, Şəngülümdən
Danış buynuzlu keçidən
Bir də danış dəmirçidən
Necə oldu ki, boz keçi
Buynuzunu itilədi
Ganavarın qarnın deşdi
Balaları xilas etdi
Gözlərini yumma danış,
Danış, amma yuxulama.
Yatma, nağıl qurtarmamış
Qorxuram ha, xoruldama!
Ağ atlı oğlan gəlməmiş
Divi yuxudan oyatma,
Sən nağılı qurtarmamış
Nənə, bir də heç vaxt yatma!
Nağıl qurtarmamış yatsan
Gecə yuxum tamam qaçar,
Nağıl qurtarmamış yatsan
Div gələr, səni aparar!