İqtibas
Tərlan səhər yuxudan oyandı. Günəş pəncərədən düz gözünə düşürdü. Elə gözəl gün idi ki… Tərlan yatağından qalxmamış fikrə getmişdi. O istəyirdi ki, kimə isə böyük bir yaxşılq, köməklik etsin. Kimi isə xilas eləsin. Lap kinolardakı kimi. Amma necə, onu bilmirdi. Elə təzəcə fikrə getmişdi ki, anası onu səsldi:
-Tərlan, bununla neçənci dəfədi səni çağırıram, yuxudan durasan, eşitmək istəmirsən!.
-Ana, ağlıma çox maraqlı fikirlər gəlib onu fikirləşirəm, bir azdan sənə də deyərəm. Azca uzanım, gəlirəm.
Anası başını bulayıb o biri otağa keçdi. Tərlan fikirləşməyinə davam elədi:
- Bax, birdən mənim bacım həyətdəki hovuza düşsə, hamıdan qabaq atılıb onu xilas edərəm!
Elə bu vaxt Tərlanın balaca bacısı Ləman qardaşına yaxınlaşdı:
-Təylan, Təylan, nə olay, yelləncəyə cedəndə məni də apayaysan!.
Tərlan narazı-narazı deyindi:
-Apara bilmərəm, sən özün yellənə bilmirsən, məni çağırırsan ki, səni yelləyim. Məni bezdirirsən. Çıx otaqdan, qapını da ört !
Ləman dodağını salladı, qardaşından inciyərək otaqdan çıxdı. Tərlan yenə yatağından qalxmadı. Düşündü, düşündü: «Bax əgər itim Totu meşədə gəzəndə canavarlar ona hücum eləsə, onların hamısını gülləliyərəm».
Elə bu vaxt Totu qapı arasından içəri soxuldu. Hərəkətləri ilə bildirdi ki su istəyir. Tərlan tənbəl-tənbəl bacısını çağırdı:
-Ləman, Totuya su ver!
Ləman qardaşının səsini eşitmədi. Tərlan Totuya qışqırdı ki, otaqdan çıxsın. Totu qorxusundan bir tərəfə qısıldı. Bu vaxt ana otağa girdi:
-Sən hələ indiyə qədər yataqdasan? Bəlkə nə düşünüdüyünü mənə də deyəsən?
Tərlan bayaqdan bəri nə düşünürdüsə anasına danışdı və bikef- bikef dilləndi:
-Bilirsən ana, mən istəyirəm ki, kimə isə böyük bir yaxşılıq edəm. Kimisə xilas edim. Amma bunu necə edim, bilmirəm!
Ana onu başa saldı:
- Əlbəttə, bu çox ağıllı fikirdir. AmmaTərlan, inan, əgər sən vaxtında yuxudan durub yatağını səliqəyə salsan, məni çox sevindirərsən. Bacını yelləncəyə aparsan, o çox şad olar. Totuya su versən, bu sənin dilsiz canlıya yaxşılığın olar. Bax elə yaxşılıq da bundan ibarətdir. Tərlan səhvini başa düşdü. Anasının boynunu qucaqlayıb üzündən öpdü:
- Düz deyirsən, ana! Bundan sonra mən belə də edəcəyəm – dedi.
Müəllif: Gülzar İbrahimova