Müsibət

   (hekayə)

    Bir gün başqa planetdə  yaşayanlardan birisi yerdən gələn səs  dalğalarına qulaq asanda eşidir: «Hüsü kəndində  Mərdəli kişinin çox ağıllı və işgüzar səkkiz qızı var».
       Başqaplanetlinin ağlına gəlir ki, gedib Mərdəli kişinin qızlarından birini gətirib evlənsin.      
       Planetdəki yoldaşlarından birini də götürür uçan boşqabla Yerə, - eşitdiyi ünvana uçur. 
       Onlar uçan boşqabı çəpərə yaxın bir yerdə saxlayıb, həyətə girirlər. O saat kəndin uşaqları uçan boşqabın ətrafına yığışırlar. 
       Mərdəli kişi qonaqları görüb sevinir. Onları qarşılayır. Həyətdə, ağac kölgəsində otururlar. Özü də qonaqlarla oturub söhbət eləyir. 
       Arvada, qızlara  tapşırır ki, yaxşı stol açsınlar, qonaqlara lazımınca qulluq eləsinlər. 
       Başqa planetdən gələn adamlar hər şeyə göz qoyurdular. Onlar fikir verib gördülər ki, arvad da, qızlar da günün altında işləməkdən qapqaradırlar. 
      Qızlardan biri bal-yağ, başqa birisi meyvə, digəri çay, belə-belə səkkizinin hərəsi bir şey gətirib süfrəyə düzdü. Hər dəfə də qonaqlar onların işləməkdən qapqara qaralmış iri əllərini görəndə diksindilər. Səkkiz qızın səkkizi də biri-birindən kobud idi. 
      Başqaplanetlilər  narazı-narazı bir-birlərinə baxıb «him-cim» elədilər. 
     Bu vaxt Mərdəli kişinin cır səsi onları xəyaldan ayıltdı:
     -Çayınızı için, soyutmayın, - dedi və nazik, ağappaq əlləri ilə çayları göstərdi. Onun səsi də qadın səsi kimi incə və məlahətli idi.  
       Mərdəli kişinin ağappaq üzü, qara saçları vardı. Canı zəif olduğundan bağ-bağat işlərinə getməzdi. Bütün günü özünü kölgəyə verər, arvadı ilə qızları qulluğunda durardılar. Ona görə də gün ona dəyməmiş, elə ağ qalmışdı. Mərdəli kişidə qadın zərifliyi, qadın incəliyi vardı.
       Arvad həyətdən bir xoruz tutub kəsdi. İri odunları xırda-xırda doğrayıb ocaq qaladı. Suyu isidib toyuğu suya basdı. Başqa planetdən gəlmiş adamlar arvadın  damarları çıxmış, kobud, qara əlləri ilə toyuğu necə yolmağına tamaşa elədilər. Bu onların heç xoşuna gəlmədi. 
        Tez bir zamanda toyuq çığırtması hazır oldu. Başqa planetdən gələnlər heç nə yemədilər, ev sahibinin xətri qalmasın deyə, toyuğun yağından hərəsi bir qaşıq içdi. Yeyib-içəndən sonra gəlmələrinin səbəbini də açıqlamadılar. Ev sahibi də güya utandığından heç nə soruşmadı.   
        Gecə oldu, Mərdəli kişi soyunanda qonaqlar fikir verdilər ki, onun bədəni qar kimi ağdır. Canı yanmışın bədənində bir xal da yox idi. 
         Səhərisi uçan boşqabın yerində Mərdəlinin arvadı quru torpağın üstündə oturub dizlərinə döyür, ağı deyirdi. Qızları da səsinə səs vermişdilər. Kəndin camaatı onların başına yığılmışdı. Müsibət baş vermişdi. Qonaqlar Mərdəli kişini də özləri ilə aparmışdılar. Müsibət!

 

 Müəllif: Gülzar İbrahimova