Veysəl və Cin

 (nağıl)
                              
-    Uşaqlar, şənbə günü Qobustana - gedəcəyik! 
-    Uraaa!
-    Yaddan çıxarmayın rahat paltar, rahat ayaqqabı geyinin.
-    Mən də gəlim? – Veysəl soruşdu.
-    Əlbəttə gəl! Niyə gəlmirsən? Vacib nə işin var ki, kollektivdən ayrı düşəsən?
-    Elə bir işim yoxdu. Şənbə günü günortaya qədər yatmaq istəyirdim. Nə var  Qobustanda, qayalıq, daşlıqdır... Orda maraqlı nə ola bilər?
-    Uşaqlar sənə düz ad qoyub. Tənbəl Veysəl! Sən ki yatmağı tarixi abidəyə, qoruğa baxmaqdan üstün tutursan, deməli tənbəlsən. Dərs oxumursan, deyirsən başıma girmir. Gəzib bir az dünyagörüşünü artırsan pis olmaz. 
Görərsən ki, əcdadlarımız harda yaşayıb, qayalarda nə rəsmlər çəkiblər. Özü də kağız, qələm olmayan zamanda. 
-    Müəllim, gəlməsin, azca gəzib, deyəcək oturaq, yoruldum. Parkdakı  kimi. 
-    Yox, hamı bir nəfər kimi gəlsin! 
Səhər Qobustana gedəndə avtobusda hamı gülüb-danışır, Veysəl isə qaşqabağını tökmüş, elə bil hamıdan küsmüşdü. Arxada oturmuş, başını dizinə qoymuşdu. Çatanda dodaqaltı deyinə-deyinə avtobusdan düşdü, ayaqlarını sürüyə-sürüyə arxada getdi. Nə dedilər, deyindi. Müəllim eşitməsin deyə, yavaşdan dedi: “Hə, nə olsun?”.
-    Baxın, burda isə arxeoloqlarımız yeri qazıb torpağın  altından təzə tapıntılar tapıblar. – Müəllimə belə deyib qazılmış yeri göstərdi. Orda sınıq küp qalıqları, qədim saxsı qablar, alətlər vardı. Həmin ərazi lentlə bağlanmışdı ki, ora girilməsin. Veysəl soruşanda ki, “ O küplərin içərisində qızıl ola bilər?”. Hamı güldü müəllimə dedi:  
-    Niyə olmur ki, olanda qızıl da olur! İndi isə gedək çıxaq qayaya!

-    Yorulmuşam, aşağıdan qayaya baxaram. Heç  yerə dırmaşan deyiləm, burdaca oturum, siz çıxın, - deyib Veysəl daşda oturdu. Müəllimə dedi:
-    Onda uzağa getmə, qayadan baxanda səni görüm, nigaran qalmayım!
Əslində Veysəl yorulmamışdı. Sadəcə fikrindən qəribə arzular keçirdi. İstəyirdi yeri qazıb, ordan qızıl tapsın, varlansın, milyonları, fabriki, işçiləri olsun. Hamısı Veysələ tabe olsun. Şəxsi məktəbi olsun. Müəllimlər ondan çəkinsin, heç vaxt Veysəldən dərs soruşmasınlar. Ondan dərs soruşanı işdən qovsun! Evdə ata-anası ona acıqlanmasın. Nə qədər istədi, yatsın, neçə saat istədi televizora baxsın. Heç kəs, heç yerdə - nə evdə, nə məktəbdə, ona “Tənbəl Veysəl” deməyə cürət eləməsin! Sinfin ən gözəl, ən qəşəng geyinən qızı hər gün Veysəli evə ötürsün. Vəssəlam! Bu idi Veysəlin arzuları.
Bu arzularla da Veysəl dayanmadan işə başladı. Elə ki, müəllimə, uşaqlar qayaya çıxdı, tez yaxınlıqdakı beli götürüb yeri qazmağa başladı. Veysəl günün altında tər tökə-tökə oturduğu daşın ətrafını yorulub əldən düşənə qədər qazdı. Heç nə tapmayıb hirsindən qapqara qaraldı. Uşaqlar gəlib onu bikef gördülər:
-    Nə olub, niyə qaşqabaqlısan, nədən narazısan, özün getmədin də bizimlə.  İndi də bizə tərs-tərs baxırsan! – Əli dedi. Veysəl onu acıladı:
-    Qayada maraqlı nə var ki, iki saatdır getmisiz, qayıtmaq bilmirsiz! 
-    Amma uşaqlar onu kefsizliyinin əsas səbəbini başa düşmədilər. Avtobusa minəndə Veysəl axırıncı dəfə dönüb arxaya – qazdığı yerə baxdı. Torpaqda nazik, uzun bir şey gördü. Qayıdıb onu götürdü. Baxdı tütəkdi. İstədi çalsın, gördü, torpaqlıdı, ağzına vurmadı. Qaçdı ayaqyoluna, orda tütəyi yudu. Sonra üfləyib çaldı. Yuyanda içinə su dolmuşdu deyə, əvvəl içərisindən su tökürlü. Sonra isə tütəkdən əvvəl incə, sonra isə kobud səs çıxdı. Daha sonra isə ağ tüstü çıxdı. Birdən tüstü çəkildi, yerində qara cin peyda oldu. Qara cin Veysələ baş əyib, “Ağam, əmr et!”, dedi:
Veysəlin qorxudan ürəyi elə silkələndi ki, yerə çırpıldı. İstədi krandan tutsun, kran sındı, su fəvvarə vurdu. Güclü su axını divara yapışdırılmış və içərisinə yumşaq sabun doldurulmuş  qabı yerə saldı. Veysəl istədi qalxsın, yer sürüşkən olduğundan yenə yıxıldı. Hər yan sabun köpüyü oldu. Tualet, Veysəlin üst-başı, saçı, hər yan. “Sən kİmsən?” deyə, Veysəl həyəcanla qışqırdı.
-    Mən Qara cinəm, sən də mənim ağamsan! Mən min il bundan əvvəl zəlzələdə torpaq altda qalmışam. Tütəyin ağzını torpaq tutduğundan tütəkdən çıxa bilmirdim. Məni xilas elədin, bu gündən düz üç gün, üç gecə mənim ağamsan. Ondan sonra Qərib Cinlər Diyarına qayıtmalıyam. Yoxsa, baş cin qəzəblənər, məni əsir edər. Mən bu üş gündə bütün sehrimlə sənin qulluğundayam. Nə istəsən, əmr et, ağa Veysəl!
-    Nə cin, nə ağa? Mən yuxu görürəm? 
-    Yuxu görmürsən, ağa Veysəl. İstəsən, əmr elə, bu saat buraları yerlə-yeksan edim. İstəsən əmr et, hər yan əvvəlki kimi olsun. Sənin də üstün qupquru olsun. Ya da qayıdım, yenə qara tütəyə girim. 
-    Gir tütəyə!, deyən kimi Cin bir an tütəyə sovruldu. Veysəl tütəyi çaldı, yenə tütəkdən Cin çıxdı. Veysəl bir neçə dəfə bunu təkrar elədi. Cin hər çıxanda Veysələ baş əyib deyirdi:
-    Əmr et, ağa Veysəl! – Hər dəfə də belə deyəndə Veysəli gülmək tuturdu. 
-    Nə oldun, Veysəl, hardasan, niyə gəlmirsən? – Bayırdan səs gələndə Veysəl “Gəlirəm!” tələsik cavab verdi.
-    Tez gəl, səhərdən bir avtobus səni gözləyir!
-    Aman, avtobusda necə minəcəyəm, sabun içindəyəm. Cin, yaxşısı budur, hər şeyi əvvəlki kimi elə, paltarlarımı da qurut! 
-    Sən əmr et, ağam! – deyib Cin qollarını yuxarı qaldırıb kobud səslə dedi:
-    Ey cinlər, əcinələr, ağamın əmri həmən yerinə yetsin! 
Veysəlin təəccübdən ağzı açılı qalmışdı. Cin belə demişdi, bir anda hər şey dəyişdi. Kran elə bil heç sınmamışdı. Sabun dağılmamış, Veysəl islanmamışdı. 
-    Nə yaxşı!..
-    Xoşuna gəldi?
-    Əlbəttə!
-    Nə əmrin olsa yerinə yetirməyə hazıram, ağam! Cin bunu deyib hind qaydası əllərini cütləşdirdi, baş əydi, bir anda tüstüyə dönüb tütəyə girdi. 
Beləliklə, o gündən Veysəllə Qara cinin macəraları başladı.
Veysəl tütəyi tapdığına çox sevinirdi. Kitab oxumasa da, “Əlibaba və sehrli çıraq” nağılının kinosunu görmüşdü. “Qoca Həttabıçın macəraları”nı eşitmişdi. 
Amma heyf ki, Qara cin ona cəmi üç gün vaxt verdi. Tələsməliydi ki, bu üç gündə bütün arzuları yerinə yetsin. Buna görə də Cinin gücündən düzgün istifadə etməli idi. Fikirləşirdi: “Belə bir sehrli tütəyimin olması xəzinədən də qiymətlidir!”. Bu qara tütəklə var-dövlət də qazanmaq olar, hörmət də. Üstəlik dünyanı gəzmək, görmək də olar. Amma bu “Üç gün”, məhdudiyyəti ona mane olurdu. 
Avtobus Veysəlgilə çatanda axşam idi. O, tez evə qaçdı ki, otağında Cinə istədiyi əmrləri versin. Blok qaranlıq idi. Tütəyi çaldı ki, Cin bloku işıqlandırsın, amma Cindən səs çıxmadı. Kor-peşman evə qalxdı. Ata-ana nə qədər sorğu-suala tutdularsa da, Veysəl, “Yorulmuşam”, deyib otağına keçdi, qapını bağladı. Sonra neçə dəfə tütəyi çaldı, yenə Cindən bir xəbər olmadı. Bir neçə saatdan sonra nəhayət, Cin tütəkdən çıxdı. Çıxan kimi stolun üstünə sərildi.
-    Nə olub? 
-    Əhv et, ağam! Çıxa bilmirdim tütəkdən! İlk dəfə avtobusa minirdim, başım gicəlləndi, ürəyim bulandı. Avtobus tüstüsü nəfəsimi kəsdi. İndi yaxşıyam. 
-    Lap yaxşı. İndi ki yaxşısan, de görüm nə istəsəm yerinə yetirə bilərsən? 
-    Bəli ağam!
-    Kiminləsə dalaşsam, onu yıxarsan?
-    Müharibəyə gedirsən? 
-    Yox, sualıma cavab ver! 
-    Nə əmr etsən, mümkündür, ağam!
-    Burdan məni Amerikaya apararsan? Atama bahalı maşın da ala bilərsən? Anama qızıl hədiyyə almaq istəsəm, o da mümkün olar?
-    Yox, nə istəsən yalnız yaşadığın ölkədə mümkündür. Burda hara istəsən apararam. Amma sən mənim ağamsan, şəxsən sənə nə lazımdısa, onu edə bilərəm. Başqa heç kimə, heç nə verə bilmərəm!
-    Onda çoxlu oyuncaq istəyirəm! Binamızın aşağısındakı oyuncaq mağazasında nə oyuncaq, velosiped, top, badmenton, tenis stolu, oyun kompyuterləri, leqalar, konstruktorlar var, hamısından istəyirəm!
-    Bu saat! – deyən kimi bir anda ev doldu Veysəlin arzuladıqları ilə. Bir yataq çarpayısından başqa hər tərəf oldu oyuncaq, oyun qurğuları, nələr, nələr. Hətta divara da böyük, stolüstü tennis stolu dirəndi. Veysəl bilmədi nəyi götürsün, nəyə baxsın, nəyi sonraya saxlasın. Sevincdən başını itirib dedi:
-    Otaqda tərpənə bilmirəm, yaxşısı budur, bir-iki oyun qutusunu saxla, qalanını yox elə. Yoxsa sabah yenə atam, anam məni sorğu-suala tutacaq.  
Səhər bazar günü olduğundan Veysel doyunca yatdı. Oyananda isə çox yatdığının peşmançılığını çəkdi. Axı, Cin ona cəmi üç gün vaxt vermişdi. Tələsmək lazım idi. Günortaya yaxın tütəyini də götürüb parka getdi. Parkın gizlin yerində tütəyi çaldı. 
-    Buyur Veysəl ağa, əmriniz nədir? – Deyib Cin baş əyib soruşdu.
-    İstəyirəm çoxlu pulum olsun!
-    Pul nədir? 
-    Pul verirsən, nə istəyirsən, alırsan.
-    Yəni demək istəyirsən qızıl istəyirsən!
-    Yox pul, necə səni başa salım. Hər ölkənin özünün pulu olur. Adamlar da, pul qazanır, sonra da xərcləyib istədiklərini alırlar. 
-    Bildim, qızıl pul istəyirsən! Bu saat mənim ağam. Bu saat sənə bir sandıq qızıl gətirərəm!
Veysəl fikirləşirdi Cini necə başa salsın, bu vaxt qarşısında böyük bir sandıq gördü. Sandıq elə parıldayırdı, Veysəlin gözü qamaşdı: “Bu nədir?”, soruşdu.
-    Sandığın içərisi qızılla doludur ağa! Nə qədər istəyirsən xərclə!
Veysəl sandığı açanda gözünə inanmadı. Sandıq ağzına qədər qızılla dolu idi. Tez örtdü görən olmasın. Qorxudan dedi:
-    Tez bunu yoxa çıxart, bizi tutarlar, elə bilərlər oğruyuq. Mənə adi pul lazımdı. Mən istəyirəm dondurma alım, amma pulum azdı. Pulum cəmi bir dodurmaya, iki karuselə minməyə çatar. İstəyirəm pulum çox olsun, cox dondurma yeyim, çox da karuselə minim.
-    Ah qoca başım, indi anladım. Bu saat! – deyən kimi Veysəlin qarşısında dondurma arabası dayandı. İçərisi də dolu cürbəcür dondurmalar. 
-    Amaann! – Dondurmaları görəndə təəccübdən Veysəlin gözləri bərəldi. Bir-birinin ardınca neçə döndurma yedi. “Doydum”, deyəndə araba yox oldu. 
-    Ağam, indi söylə hansı yelləncək xoşuna gəlir? 
-    Istəyirəm, bax o sürətlə gedən kosmik gəmi karuseli var ha, onda firlanam. Elə bərk fırlanır, uşaqlar onun adını “Vəhşi karusel” qoyub. O birilərdən iki dəfə bahadı. Özü də düz beş dəfə fırlanmaq istəyirəm! Veysəl belə deməyi ilə özünü karuseldə gördü:
-    Uraaaa! Deyib bərkdən qışqırdı. Cin də onun yanında idi. Adi adam kimi iki nəfərlik yerin birində oturmuşdu ki, birdən “ağasına” nəsə lazım olar. Amma görünməz idi deyə, onu görmürdülər. Bir neçə dəfə fırlanandan sonra eşitdilər ki, hay-küy düşüb. 
-    Ay oğlum, möhkəm dayan, karuseli dayandıra bilmirik!
-    İndi usta gəlib dayandıracaq!
-    Gözlərini yum, başın gicəllənməsin! 
Cin bu səsləri eşidəndə güldü. Karusel də elə sürətlə firlanırdı, danışmaq olmurdu. Veysəl çətinliklə soruşdu:
-    Nə olub?
-    Karuseli dayanmadan fırladıram, saxlaya bilmirlər. Hamı qarışıb bir-birinə! Ağam, sən nə vaxt arzu etsən, onda dayandıracam!
-    Dayandır!  
Veysəl karuseldən düşəndə hamı onun qarşısına qaçdı. Qoluna girən kim, ona su verən kim. Hətta təcili yardım da çağırmışdılar. Çünki hələ Kosmik karuseldə bir dəfəyə bu qədər fırlanan olmamışdı. Elə Veysəl də özündə deyildi. Çünki Kosmik karusel bir uşaq üçün normadan çox artıq fırlanmışdı. Söz soruşurdular, cavab verə bilmirdi. Ətrafa çoxlu adamlar toplaşmışdı. Karuseldən düşəndə Veysəl az qaldı yıxılsın, qoluna girib təcili yardım maşınına apardılar. 
Uşağın ürəyinə qulaq asmaq üçün həkimə sakitlik lazım idi. Ona görə maşının qapını örtdü. Fenendoskopu götürdü, uşağın köynəyini açdı ki, ürəyininin döyüntüsünə qulaq assın. 
Bu vaxt həkim gözlərinə inanmadı. O, gördü uşağın bədənindən ağ tüstü çıxıb insan kimi qışqırdı:
-    Qoymaram, mənim ağamı kəsəsən!
Veysəli gülmək tutdu. Bir anda başgicəllənməsi keçdi. Başa düşdü ki, ya cin elə bilir onu əməliyyat edirlər, ya da harasını isə kəsirlər. Gözlərini yumub, qarnını tutub güləndə, qəfildən gülməyini dayandırdı. Hiss elədi ki suyun içərisindədi. “Həkim bu nədir?” - Deyə qışqırdı. Başı üstdə Cini görəndə sakitləşdi. Bildi ki bu qara Cinin hoqqasıdır. Özünü paltarlı suda görüb hirsləndi:
-    Bu nədir, bu nə hoqqadı?
-    Ya sahibim, bağışla sənə deməmiş gətirdim bura. Həkimin yanında danışa bilmədim, ona görə. Həkim səni kəsmək istəyirdi, ona görə yox elədim səni. 
Veysəlin hirsi soyudu:
-    Dənizə niyə saldın məni? Özü də paltarda. Payızda su sərin olur axı. 
-    Gördüm xəstələnmisən, səni gətirib saldım suya. 
-    Xəstələnəni isti saxlayarlar, soyuq suya atmazlar. 
-    Dəniz bütün azar-bezarları suyuna qatır, aparır, adamı sağaldır. Sən xəstələnən kimi özünü at dənizə, ordan sağlam çıx, mənim ağam! 
-    Bəsdir, mənim ağam, mənim ağam, xoşum gəlmir “ağam” sözündən!
-    Baş üstə Ağa Veysəl!
-    Onu da demə! Sadəcə Veysəl de!
-    Necə əmr edərsən Veysəl ağa!
-    Mənə soyuqdu, dənizin suyunu isit! 
-    Dənizin suyunu isitməyə gücüm çatmaz. Min ildir torpağın altındayam, gücüm azalıb, amma belə bir şey mumkundur!– Deyən kimi düz dənizin kənarında hovuz əmələ gəldi. Veysəl də hovuzda. Su isti idi. Veysəl isinsə də, sudan çıxanda yenə üşüdü: “Bir tonqal olsaydı, isinərdim”, - deyən kimi qarşısında böyük bir tonqal alışdı, yandı. Veysəl isinən kimi dedi:
-    Gedək, atam-anam nigaran qalar!
-    Necə əmr edərsən ağam! Yox bağışla, Veysəl ağa!– Cin belə deməklə Veysəl qapılarının ağzında oldu. Paltarlarından axan damcılar qapının ağzına düşəndə ana qorxu içərisində soruşdu: 
-    Bu nə haldır, nə olub sənə, niyə islanmısan? 
-    Ana, narahat olma, indi sənə hər şeyi danışaram!
Axşam Veysəl ata-anasından heç nəyi gizlətmədi. İndiyə qədər nə olmuşdusa, hər şeyi olduğu kimi danışdı.  Ata-ana ona qulaq asıb pis oldular: 
-    Veysəl pis xəstələnib, qızdırmadan sayaqlayır. – Ana yavaşca ataya dedi. 
-    Maraqlısı odur ki, hərarəti normadadır. Həkim çağırmalıyıq!
Həkim də Veysələ qulaq asandan sonra böyük şpritsi götürdü ki, iynə vursun, Veysəl o saat hər şeyi başa düşdü. Ona inanmır, sayaqladığını zənn edirdilər. Ona görə tez sözünü dəyişdi:
-    Mən bütün danışdıqlarımı dünən gecə yuxuda görmüşəm, amma elə bilmişəm həqiqətdə olub – deyəndə ana sevincindən onu qucaqladı. Həkim iynəni kənara qoydu. Ata Veysəlin başını tumarladı. Sevincdən gözləri dolmuşdu deyə, üzünü yana çevirdi. Hamı sakitləşdi.  

Gecə Veysəlin yuxusu gəlsə də yatmadı. Çünki Cin üç günün tamamında yox olacaqdı. Ona görə Cinə dedi: 
-    Bilirsən mən nə istəyirəm? İstəyirəm müəllimlər necə ki yaxşı oxuyanları çox istəyirlər, onlarla söhbət edirlər, hansısa məsələni müzakirə edirlər, evlərinə dəvət edib, onlara nəsə öyrədirlər, xoş danışırlar, məni də elə sevsinlər, əzizləsinlər, mənimlə dost olsunlar. 
Cin kitab rəfinə baxa-baxa xeyli fikrə gedib dedi:
-    Müəllimlərin başını bir-iki günlük dəyişərəm, ancaq ondan sonra onların sənə münasibəti yenə əvvəlki kimi olacaq. 
-    Eybi yox, bir-iki günlük də olsa razıyam. Bu çoxdankı arzumdur ki, bütün müəllimlər məni sevsin. 
-    Onda bunu başqa cür edək ki, həmişəlik səni çox istəsinlər.
-    Necə?
-    Bax kitab rəfinizdə elə kitablar var ki, onlar sənin başında olsa, nəinki müəllimlər, hamı səni sevəcək!
-    Necə edəcəksən onu?
-    Kitabların içərisində nə yazılıb hamısını göndərəcəyəm sənin başına, həmişəlik qalacaqlar orda. Sən də savadlı, dünyagörüşlü, müdrik, hər elmdən xəbərdar bir adam olacaqsan?
-    Belə bir şey mümkündür ki? - Veysəl sevincək soruşdu.
-    Qərib Cinlər diyarının Qara Cini üçün hər şey mümkündür.
-    Onda tez elə, istəyirəm! Kim istəməz savadlı olsun?!  
-    Bir şeyi də deyim sənə xəbərdar olasan!
-    Nəyi?
-    Bu kitablarda yazılanları sənin başına yerləşdirməyim üçün ən azı on saat yuxuda olmalısan. 
Veysəl xeyli fikirləşdi. Vaxta çox az qalırdı. Səhər Cin ölkəsinə qayıtmalı idi. On saat yatsa nə qədər sehr fikirləşmişdi, onlara vaxt qalmayacaqdı. Istəyirdi sabah futbol yarışına gedib neçə qol vursun. Bundan sonra məktəb uşaqları onu barmaqla göstərəcək – “Bu həmin oğlandı, bir gündə neçə qol vuran!”. Hətta şahmat yarışından da qalib ola bilərdi. Müəllim onu hamıya nümunə göstərərdi. Səbinə gedən hovuza gedib ordan elə yüksəklikdən tullanardı ki, Səbinə daha ona tərs-tərs baxmaz, dost olardı. 
Ancaq tərslikdən bu gün axşama qədər yatmalı idi: “Eybi yox, əvəzində, çox şey öyrənəcəm, daha demeyecekler, oxu-oxu! Danlanmayacağam. Sinifdə hamı çox şeyi məndən soruşacaq!”. 
Sabahısı gün Veysəl dərsə gecikməmişdi. Özü də çox səliqəli geyinmiş saçlarını yana daramış, tamam dəyişmişdi. Zəngə az qalsa da, müəllimə sinifdə idi. O, ilk dəfə idi ki Veysəlin dərsə vaxtında  gəldiyini görürdü:
-    Nə əcəb səndən belə tez gəlmisən?
-    Səbəb olmadan gecikmək tənbəllərə və kütbeyinlərə yaraşar!
Müəllimənin bu cavabdan çox xoşu gəldi. Sonra Veysəl bir misal da çəkdi: 
-    Həm də müəllimə, atalar düz buyurub ki, hər işi vaxtında görən xeyir tapar!
Müəllimənin ağzı açılı qalmışdı. Veysəl həmişəki kimi səbəbsiz dişlərini ağartmadı, ədəblə salam verib parta arxasına – öz yerinə keçdi. Qarşıdakı partada Gülərlə Fərqanə - iki rəfiqələr mübahisə edirdi:
-    Dedin mənə Qobustana qırmızı krossovkaları geyək, sənə qulaq asdım, qayada sürüşdüm yıxıldım, dizim yaralandı.
-    Mənim üçün onlar rahat idi. Sənə narahat idi geyməzdin!
-    Sən xahiş elədin, mən ona görə geyindim!
Veysəl öz müdrik misalları ilə qızları sakitləşdirdi. Onlar “Tənbəl Veysəl”, ləqəbli oğlanın danışığına heyran qaldılar:
-    Bağışlayın başqalarının söhbətinə qarışmaq, bir az ədəbdən kənardır. Amma Gülər, sənə müdriklərdən bir misal çəkim ki, “Çətinə düşəndə ağıllı özünü təqsirkar sayar, ağılsız isə yoldaşını”. Sən də Fərqanə, yadda saxla ki, “Başqasının ağlı ilə ağıllı olmaq heç vaxt mümkün deyil!”. 
Qızlar dinməzcə oturdular. Dərs çox qəribə keçdi. Bütün suallara hamıdan qabaq Veysəl cavab verirdi. 
Bir neçə gündən sonra müəllimə sevindiyindən Veysəlin valideyninə zəng vurub belə oğul böyütdüklərinə görə onlara təşəkkür elədi. 
Riaziyyat müəllimi Veysəlin bu qədər dəyişdiyini görüb sevindiyindən onu bağrına basdı. 
Uşaqlar ona daha heç vaxt “Tənbəl Veysəl” demədilər.  

 

Nağılçı: Gülzar İbrahimova