(nağıl)
Biri vardı, biri yoxdu, bir məmləkətdə Güləbətin adlı gözəl, ağıllı, işgüzar bir qız vardı. Onun Gültəkin adlı bir qız dostu vardı, o isə, nə gözəl idi, nə ağıllı, nə də işgüzardı. Amma onların sözləri tutar, birlikdə deyib-gülər, toya da, xınaya da bir gedərdilıər. Həm də qızların bir-birlərindən başqa bir kimsələri yox idi.
Qızlar hər gün meşədən bulaq suyu daşıyar, küçələri gəzdirib satar, bu minvalla beləcə, yarıac-yarıtox dolanardılar.
Bir gün yenə də qızlar meşədən su gətirməyə getmişdilər. Gültəkin səhəngi yerə qoyanda fısıltı eşitdi. Güləbətin yerə baxanda dəhşət içərisində pıçıldadı:
- Gültəkin, bax, yerdə ilan var!
- Vaaayyy!
- Qorxma, su ilanıdır, zəhərli deyil! Amma tez səhəngi qaldır, düz bala ilanın üstünə qoymusan!- Güləbətin dedi.
- Aman, yəqin ona görə anası dayanmadan qıvrılır-açılır.
Sonra qızlar bir xeyli sürünüb gedən ana ilə bala ilanın arxasınca baxdılar.
- Bala ilan güclə sürünür, deyəsən beli əzilib.
- Düzdür, yazıq ilan. İlan qarğışı çox pis olar. Qarğış eləməsə yaxşıdır.
- Bilə-bilə eləməmişəm ki...
Səhər Güləbətin nə qədər axtardı, Gültəkini heç yerdə tapa bimədi. Nigaran qaldığından səhərə qədər gözünə yuxu getmədi. Komasına qayıtdı ki dincini alsın, bir də gördü, qayadan bir nəfər düşür aşağı, özü də daşlardan, divarlardan tuta-tuta.
“Deyəsən kordur. Kordursa qayada nə işi var. Geyimindən varlı adama oxşayır. Görəsən kim ola?”. Belə fikirlərlə qız kora yaxınlaşanda gördü oğlanın üz-gözü qan içərisindədir. Soruşdu:
- Səni kim bu hala salıb oğlan?- Elə bunu soruşmuşdu, oğlan huşunu itirib yerə yıxıldı.
Qoy bunları burdaca da qoyaq, üst-başımızı dəyişək, gedək şah sarayına.
Artıq neçə illər idi məmləkətin şahı xəstələnmişdi, dərdinə heç yerdən dərman tapılmırdı. Bir gün bir dərviş şahın nəbzini tutub dedi:
- Şahım, axır ki, dərdinə dərman tapdım!
- Nə dərmandır o?
- Xınalı qayanın başında bir nar ağacı bitib. Bu nar ağacı İldə cəmi bir dəfə çiçək açır, elə çiçək açan kimi də çiçəklərini tökür, üstündə cəmi-cümlətanı üç çiçək qalır. Həmin çiçəklər də növbə ilə hərəsi bir gecə nar olur. Həmin nardan bircəsini yesən, tamamilə sağalacaqsan.
- Elə bu? Buna görə mən bu qədər əzab çəkmişəm? Bu ki çox asandır!
- O qədər də asan deyil, şahım! Nar çox qiymətlidir. Xəstəyə şəfa verər, qocanı cavanlaşdırar, cavan onu yesə, qüvvətlənər! Ona görə də, tilsimkarlar, ifritlər, divlər, cadükərlər bu nardan yemək istəyir, yetişən kimi birinci onlar dərirlər.
- Mən qoşunu ora göndərərəm, nar yetişən kimi gətirərlər mənə!
- Nar ağacı səsdən hürkəndə nar gətirmir. Səs olsa, hürkər!
- Neyləyək, dərviş?- şah soruşdu:
- Düz on gündən sonra nar yetişəcək. Bir igid göndər, nara keşik çəksin, yetişən kimi dərib gətirsin sənə! Həmin adam etibarlı olmalıdır ki, narı özü yeməsin.
Şahın cavan, yaraşıqlı, güclü, amma lovğa bir oğlu vardı. O, dedi:
- Ata, özüm gedib narı gətirərəm!
- Get! Gör, dərviş necə desə, elə də edərsən!
Düz on gündən sonra şahzadə Xınalı qayaya dırmaşıb nar ağacını tapdı. Düz səhərə qədər ağacın altında keşik çəkdi. Səhərə yaxın gördü hava birdən işıqlandı. Əvvəl elə bildi gün doğdu. Sonra baxdı ki, doğan gün deyil, nar ağaçı elə çiçək açır ki, çiçəkləri ətrafa nur yayır. Şahzadə ömründə belə gözəl çiçəklər görməmişdi. Dərvişin sözləri yadına düşdü: “Nar çiçək açanda yaxınına getmə! Hürkər, çiçək açmaz, nar olmaz!”.
Şahzadə gözlədi, gözlədi, elə ki çiçəklər yerə töküldü, yerində gözəl, böyük, qırmızı bir nar əmələ gəldi, istədi narı dərsin. Bu vaxt hardansa böyük bir qarğa qondu ağaca, başladı narı dimdikləyib, yeməyə.
Şahzadə həyəcanlandı, qılıncını qaldırdı quşu vursun, quş caynaqları ilə şahzadənin gözlərini cırmaqladı. Şahzadənin üz-gözünün qanı bir-birinə qarışdı. Gözləri tamam görməz oldu. Daşlardan tuta-tuta, yıxıla-dura, birtəhər qayadan düşdü. Çağırıb köməyə səsləyəndə səsini Güləbətin eşitdi, köməyə gəldi.
- Səni kim bu hala salıb oğlan, - soruşanda Şahzadə huşunu itirdi. Qız onu komasına apardı, yaralarınu yudu, məlhəm qoydu, bağladı. Axşama qədər ona qulluq edib, tamamilə sağaltdı. Şahzadənin gözü açılanda sevindi. Amma özünü kasıb komada görəndə kefi pozuldu. Qalxıb üst-başını çırpdı. Getmək istəyəndə qız soruşdu:
- Oğlan kim olduğunu, hardan gəlib, hara getdiyini demədin! Niyə yaralanmışdın?
Oğlan qıza heç nə demədən yola düzəldi. Güləbətin bikef oldu:
- Səni sağaltdığıma görə “sağ ol” da demədin!
Şahzadə yenə də “sağ ol”, demədi. O, sarayda belə oyrənmişdi. Hamının borcu idi ki, şahzadənin qulluğunda dursun. Yoxsa cəza alardılar.
Güləbətinin koması qayanın aşağısında idi. O bir də baxdı ki, yaraşıqlı, pəhləvan kimi bir oğlan başında dəbilqə, qayaya dırmaşır. Təəccüblə soruşdu:
- Hara gedirsən pəhləvan? Bu günə qədər heç kəs bu qayaya dirmaşmayıb. Amma indi hər gün bir adam çıxır qayaya. Burda nə sirr var?
- Nə əcəb xəbərin yoxdu? Şah bütün məmləkətdə car çəkdirib axı. Şah xəstədir. Dərmanı qayanın başında yetişən nardadı. Hər kəs o narı dərib gətirsə, ona özü ağırlığında qızıl verəcək! Dünən şahazadə gəlib nar dərsin, qarğa onu yaralayıb.
İndi Güləbətin başa düşdü ki, gələn şahzadə imiş, qızın kasıb komasını görüb, lovğalığından onunla danışmağı özünə yaraşdırmayıb. Pəhləvan atdan düşüb, yavaş-yavaş qayaya dırmaşdı.
Səhər tezdən Güləbətin pəhləvanı bikef görüb soruşdu:
- Nə olub, pəhləvan, niyə bikefsən?
- Yəqin ki, şah mənə cəza verəcək! Gecə nə qədər gözlədim, yatmadım. Səhərə yaxın məni necə yuxu tutubsa, bir də ayıldım, gördüm nar yoxdu. Qarğa yeyib, azca qabığı qalıb. – Deyib pəhləvan dərdli-dərdli ah çəkdi.
- Qəm yemə, cavan, ümidini üzmə, bilmək olmaz nə olacaq!
- Eh, gün kimi aydındır nə olacaq.
Elə ki pəhləvan getdi, Gültəkin də onun arxasınca saraya yollandı ki, şaha yalvarsın, bəlkə ona qulaq asa, rəhmə gələ, cavan pəhləvanı edam eləməyə.
Amma nə faydası, saray darvazasının keşikçiləri onu yamaqlı paltarla sarayın qapısından içəri belə buraxmadılar.
Güləbətini sarayın ağzında bikef qoyaq, görək şah neylədi? Şah eşidəndə pəhləvan yuxuya qalıb, narı gətirə bilməyib, qəzəblənib əmr etdi:
- Şahın əmrini yerinə yetirmədiyinə görə pəhləvan edam olunsun!
Elə ki hamı meydana toplaşdı, şaha xəbər verdilər ki, ağ atlı, ağ paltarlı, üzü örtülü, qərib bir atlı gəlib, şahı görmək istəyir. Deyir vacib sözüm var şaha.
Şah dedi, “Qoyun gəlsin!”.
Ağ atlı gəlib şaha təzim eləyib dedi:
- Mən qara qarğanı məhv edib, narı şaha gətirə bilərəm! Amma bir şərtim var, şahım!
- Sən kimsən? Nə şərtin var?
- Kim olduğumu biləcəksən şah. Amma indi bu sirrdir. Onu açsam, narı gətirə bilməyəcəyəm!
- Söylə şərtini!
- Bu cavan pəhləvan mənim süd qardaşımdır. Bu gün onu edam elətdirmə! Qoy mən şahzadəni yaralayanı tapım, bu sirri açım, narın da keşiyini çəkim, dərib sənə gətirim. Bunları eləyə bilməsəm, narı da gətirməsəm, hər ikimizi edam edərsən!
Şahın başqa əlacı yox idi deyə, razılaşdı. Ağ atlı oğlan tez bir vaxtda atını çapıb Xınalı qayanın başına dırmaşdı. Nar ağacının altında tor qurdu ki, qara qarğanı tora salsın.
Sonra da dinməz oturub keşik çəkməyə başladı. Düz səhərə qədər yuxusuz qaldı. Gün doğana yaxın gördü yuxusu gəlir, əlinin arxasnı o qədər daşa sürtdü ki, dərisi sıyrıldı, yarası qanadı. Ağrıyan yerə duz səpəndə, ağrıdan gözləri bərələ qaldı. Yarası elə göynətdi, elə göynətdi ki, yuxusu tamam qaçdı. Gün doğmağa başlayanda bir də baxdı, hər yan işıqlandı və nar budağından yaşıl qonçə cücərdi. Sonra yaşıl qönçə qızardı, çiçək açdı. Sonra çiçəyini töküb, böyüdü, böyüdü, gözəl bir nara çevrildi. Ağ atlı oğlan istədi narı dərsin, qəfildən böyük, qara bir qarğa narın üstünə şığıdı və narı dimdikləməyə başladı. Ağ atlı oğlan özünü itirməyib qılıncını çıxartdı. Quşu vurmaq istəyəndə quş nardan əl çəkdi, uçmaq istəyəndə ayağı tora ilişdi. Qılınc boşa getsə də, quşun ayağını yaralaya bidi. Ayağı yaralanmış qarğa dəhşətli bir səslə “Qaaarr, qaaaarr”, eləyəndə qaya silkələndi, quşun səsi qayada elə əks-səda verdi ki, səsdən az qaldı ağ atlı oğlanın qulağı tutulsun.
Sonra quş elə bərkdən qanad çaldı ki, qanadların küləyindən qılınc yerə düşdü. Ağ atlı oğlan özünü itirmədi. Atılıb qarğanın caynağından tutdu. Quş silkələnib onun əlindən cıxdı. Yaralı-yaralı, yarasından qan axa-axa göyə qalxdı, uçub yox oldu.
Ağ atlı oğlan qayadan düşdü, atını çapıb narı şaha çatdırdı. Şah çox sevindi. Söz verdiyi kimi pəhləvanı azad elədi. Ağ atlı oğlana isə özü ağırlığında qızıl verdi. Ağ atlı oğlan hədiyyəni götürməyib dedi:
- Şah sağ olsun, mən söz vermişdim şahzadəni yaralayan qara qarğanı tapıb qisas alacağam. Amma qarğa yaralansa da hələ sağdır. İcazə ver, gedim o quşu tapıb məhv edim, sonra hədiyyəni qəbul edim!
- Get, igid, yolun işıqlı olsun!
Ağ atlı oğlan qara qarğanın axan qanının izi ilə getdi, getdi, az getdi, üz getdi, dərə-təpə düz getdi, gəlib bir mağaraya çatdı. Yəqin ki, quş bura girmişdi. Çünki, iz burda qurtarırdı. Məşəl yandırıb bir az irəliləmişdi, gördü balaca bir gölməçə var. Gölməçənin yanında bir qurbağa vardı. Qurbağa dayanmadan qur-qur quruldayır. Ağ atlı oğlan diqqətlə baxdı ki, qurbağanın bir ayağı bağlanıb bir daşa, qurbağa nə qədər güc verir, ağzı gölməşəyə çatmır ki, su içə. Ona görə səsi mağaranı götürüb.
Ağ atlı oğlanın qurbağaya yazığı gəldi. Qılıncını çıxarıb ipi kəsdi. Qurbağa suya tullandı. Doyunca su içəndən sonra insan kimi dil açıb dedi:
- Sağ ol! Yanırdım susuzdan. Mənə yaxşılıq elədin. Hara gedirsən cavan?
Ağ atlı oğlan başına gələnləri danışıb dedi:
- İndi qara qarğanı axtarıram ki, öldürüm!
- Yox oğlan, axtarma qarğanı, o çox qorxulu və tilsimkardır. Səni məhv edər. Cavansan, özünə yazığın gəlsin. Nə qədər Qara qarğa səni öldürməyib, dön bu yoldan!
- Mən gərək onu məhv edim, söz vermişəm!
- Onda qulaq as! Burdan düz gedərsən. Qarşına iki yol çıxacaq biri işıqlı, biri qaranlıq. Qaranlıq yolla gedərsən, gedərsən, bir səs eşidəcəksən. Diqqətlə qulaq asarsan, görərsən nə deyirər. Onlara qulaq asandan sonra, ürəyin necə desə, elə də hərəkət edərsən.
Ağ atlı oğlan qurbağadan ayrılıb, getdi. Az getdi, çox getdi, gəlib qurbağa dediyi yerə - tutuquşular söhbət eləyən yerə çatdı. Onlar insan kimi danışırdılar. Bir tutuquşu o biri tutuquşuya deyirdi:
- Oğlan, nə yaxşı gəldin! Xilas elə məni bu qəfəsdən azad olum!
O biri quş onun sözünü kəsdi:
- Yalan deyir, оna qulaq asma! O səni məhv eləmək istəyir. Qəfəsdən çıxan kimi hər yanı alt-üst edəcək, səni də daşa döndərəcək!
- Ona qulaq asma, o pisdir. Pislik eləyəndə rahatlaşır, sevinir. Yalvarıram sənə, aç qəfəsi, məni azad elə! Səni and verirəm bütün insanların sağlığına!
Bunu eşidəndə Ağ atlı oğlan qəfəsi açıb quşu azad elədi. Tutuquşu azad olan kimi o biri quş hərəkətsiz yerə yıxıldı. Ağ atlı oğlan istədi ona kömək eləsin, tutuqushu qoymadı:
- Əl vurma! O mənim kölgəm idi. Onu Qara qarğa tilsimə salmışdı. Mən azad olan kimi tilsim sındı, kölgəm yerinə qayıtdı. De görüm, insan! Hardan gəlib, hara gedirsən? Bu tilsim dolu mağaradan nə axtarırsan?
Ağ atlı oğlan başına gələnləri tutuquşuya da danışdı.Tutuquşu dedi:
- Burdan qayıt, gir işıqlı mağaraya, görəcəksən qara qarğa orda oturub, aynaya baxır, ağlayır. O əvvəllər bir qız olub. Su ilanının balasını tapdalayıb deyə, qara ilan qəzəblənib, onu əfsunlayıb tilsimkar, zalım, qara qarğaya döndərib. İçəri girəndə elə et ki, Qarğanın xəbəri olmasın. Tez üç dəfə bərkdən de: “Sən çox gözəlsən! Sən çox gözəlsən! Sən çox gözəlsən!”. Tez deyə bilsən, tilsim sınacaq, sağ qalacaqsan. Yoxsa, qarğa səni məhv edəcək.
Ağ atlı oğlan Tutuquşunun bütün dediklərini elədi. Ehmallıca İçəri girdi və qışqırdı:
- Sən çox gözəlsən! Sən çox gözəlsən! Sən çox gözəlsən!
Bu vaxt mağara silkələndi. Yer-göy titrədi. Qarğa qanadlarını açıb elə çırpındı ki, mağara yerləşən dağ ortadan iki yerə bölündü. Qarğa qanadları ilə başını örtdü. Qanadlarını açanda isə vəhşi quş yerində Gültəkin göründü. Gültəkin soruşdu:
- Sağ ol, cavan, kimsən sən, məni tilsimdən qurtardın?!
Ağ atlı oğlan başından çalmasını götürdü, ağzından yaşmağını açdı, üzünü Gültəkinə göstərdi. Onlar: “Gültəkin! Güləbətin!” deyə qışqıraraq qucaqlaşdılar. Dostlar ordan düz saraya qayıtdılar. Güləbətin saraya yenə ağ atlı oğlan paltarında gəldi. Hər şeyi şaha danışıb üzünü açdı. Şah sirrdən agah olub Güləbətinə “Əhsən” dedi. Ona bəxşiş verdi. Üstəlik əmr etdi ki qızlara saray da tiksinlər.
Az müddətdən sonra şahzadənin toyu oldu. Güləbətinlə Gültəkinə qoşulub mən də toya getdim. Doyunca toy aşı yedim, yorulunca yallı getdim. İnanmırsız, inanmayın, kim aldatsa, aldanmayın!
Nağılçı: Gülzar İbrahimova