(nağıl)
Tutuquşunu tanıdıq. Yəqin soruşacaqsan: “Bəs Nuşu kimdir?”. Eşit və bil! Nuşirəvan bir dəcəl oğlandır. O qədər dəcəldir ki, evdə onu danlayırlar: “Ağıllı ol, dəcəllik eləmə, sakit ol, kitab oxu, dərs oxu, Nuşu!”. Məktəbdə də “Sakit ol, dərsini oxu!”, deyib, danlayırlar. Hamısı da əbəs! Nuşu dəyişmir ki, dəyişmir...
Vayyy, yandım!
Bir gün dərsdən qayıdanda Nuşu Yaşıl bazara girdi. Bilirəm yenə soruşacaqsan: “Uşağın bazarda nə işi?”. Səbrin olsun, gerisinə qulaq as!
Ana səhər işə gedəndə Nuşuya demişdi:
- Günorta işim çoxdur, evə gələ bilməyəcəyəm. Evdə hazır yemək yoxdur, heç yumurta da yoxdur, bazardan alarsan, bişirib yeyərsən!
- Uraaa! – Deyə, Nuşu çox sevindi. Yumurta çox xoşladığı yemək idi. Bu, onun üçün çox asan bir iş idi. Tavaya azca yağ tökürdü, yağ isinən kimi iki yumurtanı sındırıb, tavaya salırdı. Dostu Urfan da gələndə çox vaxt özü yumurta bişirirdi, qəşəng süfrə açırdılar, bir yerdə yemək yeyirdilər. Qonaqlıq kimi...
Elə ona görə Nuşu bazara döndü. Bazar evlərinə yaxın idi. Yumurta alıb evə gəldi. Paltarlarını dəyişib yemək işinə başladı. Bıçaqla yumurtanı ortadan böldü, tavaya saldı. İkincisini böləndə elə bərk qışqırıq qopdu, Nuşu qorxudan yumurtanın qabıqlarını tavaya saldı.
Əslində Nuşu qorxaq deyildi. Hələ balaca vaxtı kəndə gedəndə qaranlıqdan qorxmur, tualetə özü tək gedirdi. Yolda qarşısına it çıxanda qaçıb başqa uşaqlar kimi, anasının arxasında gizlənmirdi. Gecə qorxulu yuxu görəndə, anasının yatağına qaçmırdı. Nə başını ağrıdım, indi isə Nuşu qorxdu. Soruşacaqsan: “Nədən qorxdu Nuşu?”. Əslində Nuşunun yerinə kim olsaydı qorxardı. Elə mən özüm də... Deyəsən səni hövsələdən çıxartdım. Gözlə, deyim nədən qorxdu Nuşu!..
Nuşu nədən qorxdu?
Nuşu ikinci yumurtanı tavaya salanda yumurtadan balaca bir quş çıxdı. İsti tavaya düşəndə quş əməlli-başlı uşaq səsi ilə qışqırdı:
- Vayyy, yandım, vay, yandım! Sən nə edirsən? ‒ Deyib quş tavadan kənara tullandı. Bu dəfə də düşdü un yığılmış balonun içərisinə.
Nuşu qorxusundan arxaya tullananda ayağı nəyəsə ilişdi, arxasıüstə oturdu yerə, key-key danışan quşa baxmağa başladı. Bir anlığa fikirləşdi: “Bəlkə gördüyüm yuxudur?!”. Özünü çimdiklədi. Gördü yuxu deyil. Balonda canlı nəsə var, özü də danışır.
Un balonunun ağzı həmişə bağlı olardı. Ana çox səliqəli idi. Hər şeyin yerində olmasına, mətbəxin səliqəli görünməsinə çox diqqət verərdi. Tərslikdən bu gün balonun ağzı açıq qalmışdı. Ana səhər yeməyinə quymaq bişirmişdi, işə tələsik getdiyindən balonu yerinə qoymamışdı... Səni lap hövsələdən çıxartdım. Gerisinə qulaq as...
Bala quş balonun içərisində o qədər çırpındı, bütün mətbəx ağappaq un oldu. Nuşu isə hələ də tərpənməz idi. Başına o qədər un tökülmüşdü, üzü, saçları ağappaq olmuşdu. Nəhayət ki quş balondan çıxdı. Silkələnib masanın üstündəki qoğalın üstünə tullandı. Nuşunu görəndə o qədər güldü:
- Anam mənə hər şey danışıb, amma sənin kimi ağappaq oğlandan heç nə danışmayıb.
Aman, burda hər şey istidir
Bala quş elə səlis, aydın danışırdı, Nuşu bir az özünə gəlib soruşdu:
- Birinci dəfədir eşidirəm yumurtadan cücə çıxsın, insan kimi danışsın!
Quş hirslə silkələndi:
- Toyuq balasıyam, mənə cücə deyirsən?!
Nuşunun dili topuq vurdu:
- Balacasan, ona görə cücə dedim. Bəs kimsən?
- Tutuquşuyam! İnsan dili bilən Tutuquşu! – Belə deyəndə bala quş hirslə və sürətlə tullandı çaynikin üstünə. Qonan kimi də qışqırıb yerini dəyişdi:
- Aman! Burda hər şey istidir, ayaqlarım yandı!
Sonra soyuducunun başına qonub dedi:
- Bura isti deyil, hər yan da yaxşı görünür. Aman! Orda nəsə yanır! – Deyib Tutuquşu qazın üstündəki tavanı göstərib qışqırdı.
Nuşu “yanır”, sözü eşidən kimi yerindən dik qalxdı. Qazın üstündəki yumurta yanıb qapqara olmuşdu. Tez qazı söndürdü. Quş yenə susmadı:
- Dəhşət! Mən də belə qapqara olacaqdım, yaxşı ki vaxtında canımı qurtardım!
Nə olar, məni yemə!
Nuşu ağzını açmağa macal tapmamış quş ağlamağa başladı:
- Yazıq canım, gör kimə rast gəlmişəm. Sən məni bu cür qapqara qaraldıb yeyəcəksən? Belə deyib quş jalüzün arxasına girdi, jalüzün pərdəsini aralayıb özünə göz yeri düzəltdi, səsini isə kəsmədi.
Bu vaxt qapı döyüldü. Qapının döyülməsini heç kəs eşitmədi. Quş hay-küylə ağlamağına davam elədi:
- Nə olar, məni yemə də!!! Xahiş edirəm, yalvarıram, məni belə qapqara qızardıb yemə!
Tutu bu sözləri deyəndə, qonşu uşaqları onun bu sözlərini eşitdilər, vahimələndilər. Bayram günü Nuşunu papaqatdıya çağırmağa gəlmişdilər, bunu eşidəndə qorxudan tez qaçıb dağılışdılar. Onlar bilirdilər ki, bu ev Nuşirəvangilin evidir. Bəs orda nə baş verirdi ki, uşaq kiməsə yalvarırdı: “Nə olar, məni yemə də!!! Xahiş edirəm, yalvarıram, məni belə qapqara qızardıb yemə!”.
Amma bir azdan onlar qapıdan Nuşunun gülər üzünü görəndə sakitləşdilər. Nuşunu həyətə çağırdılar, getmədi, səbəbini də heç kəsə demədi, bildi ki, inanmayacaqlar.
Tutuquşu elə gülməli görünürdü, Nuşu ona gülür, elə hey gülürdü. Bayaqdan susmayan quş, jalüzün arasından yazıq-yazıq Nuşuya baxıb, ağlaya-ağlaya ona yalvarırdı. Nuşu quşa baxanda gülməyini saxlaya bilmirdi ki, onu sakitləşdirsin. Axırı Nuşu birtəhər gülməyini dayandırıb quşu sakitləşdirdi:
- Qorxma, səni yemərəm!
- And iç, inanım!
- And içirəm, sənə dəymərəm! Gəl dost olaq, Mənim adım Nuşirəvandır, qısaca “Nuşu” deyirlər. Sən kimsən?
Xoş gəldin dünyaya!
Quş gizləndiyi yerdən çıxıb qanad çaldı. Stolun üstünə qonub dedi:
- Mən Tutuquşuyam, qısaca “Tutu” deyə bilərsən!
- Yumurtanın içinə niyə girmişdin?
- Yumurtanın içində neyləyərlər? Dünyaya gəlirdim!
Nuşu özünü qınadı:
- Düzdür, səfeh sual verdim! Xoş gəldin dünyaya! Bəs danışmağı hardan bilirsən, sehrli quşsan?
- Niyə ki? Bütün tutuquşular danışa bilir. Sadəcə çoxu danışmır ki, insanlar tutub onları qəfəsə salmasın!
- İnsanlarda uşaq doğulanda danışa bilmir. Tutuquşularda elə deyil?
- Bizdə də elədir, sadəcə anam məni qanadlarının altında isidəndə o qədər nağıl danışıb, mən öyrənmişəm.
- Mənə də danışarsan? Yaman nağıl xoşlayıram!
- Niyə danışmıram?! Qulaq as, danışım!
O nə səs idi, qorxdum!
Nuşu yerini rahatlayırdı nağıla qulaq assın, acından qarnı elə guruldadı, yadına düşdü ki, dərsdən gələndən heç nə yeməyib. Birdən quş harasa yoxa çıxdı. Nuşu soruşdu:
- Hardasan?
- Burda! – Səs yenə jalüzun arxasından gəldi.
- Ora niyə girdin yenə?
- O nə səs idi, lap qorxdum!
- Nə səs idi?
- Nəsə gurultu səsi eşitdim.
Nuşunun yadına düşdü ki, Tutu bir az əvvəl onun qarnının guruldamağından qorxub, qaçıb pərdənin arxasında gizlənib. Yenə gülməkdən uğundu. Quş onun gülməyini görəndə qorxusu keçdi. Pərdənin arxasından çıxdı:
- Nəyə gülürsən? Mən qorxuram sən gülürsən. Anam danışan nağıllarda, hekayələrdə belə dostluq haqda eşitməmişəm. Dostun biri qorxur, o biri gülür. Belə şey olar?!
Quş ürəyi yemisən?
Tutu belə deyib hirslə əllərini belinə qoydu. Yox, bağışla, qanadlarını belinə qoydu. Onun qəribə duruşunu görəndə Nuşunu yenə gülmək tutdu. Amma bu dəfə özünü saxladı ki, dostu inciməsin:
- Küsəyən olma! Qarın gurultusundan da qorxarlar?
- Unutma ki, mən quş tayfasıyam! Eşitməmisən ki, qorxaqlar üçün nə deyirlər?
- Bilirəm. Deyirlər, “Quş ürəyi yemisən?”.
- Elə isə məni qorxutma! Yeməyini ye, daha qorxulu gurultunu eşitməyim!
Nuşu quşun bütün sözlərinə, hərəkətlərinə gülürdü. Özünü güclə saxladı. Yeməyini yeyib qurtarana qədər, neçə dəfə pıqqıldayıb gülsə də, arada üzrxahlıq elədi ki, dostunun xətrinə dəyməsin:
- İncimə, elə gülməlisən, sözlərin yadıma düşəndə gülməyim gəlir.
Nuşu yeməyindən Tutuya da təklif elədi, o yemədi:
- Un qabına düşəndə qarnıma o qədər un tozu gedib, aclığım yoxdur! Amma su içərəm!
Həmin gün Nuşu tonqaldan tullanmağa da getmədi. Çünki Tutu uşaqların tonqal üstündən tullanmağından qorxdu. Nuşu dostunun xətrinə bayram tonqalına elə pəncərədən baxdı. Tutu ondan “özünü oda atmamağı”, xahiş elədi.
Necə oldu ki, Nuşu imladan əla qimət aldı?
Nuşu quşu özü ilə hər yana aparırdı, çünki Tutu evdə tək qalanda Nuşudan küsürdü. Quş heç yerdə danışmır, Nuşunun yanında susmaq bilmirdi.
Nuşu həm dərslərini pis oxuyurdu, həm də dərsdə o qədər şuluq edib başqalarının fikrini dağıdırdı ki, bütün müəllimlər onu arxa partada tək oturdurdular.
Son günlər Nuşu ilə Tutu arxa partada şirin-şirin söhbət edə bilirdilər. Məktəbdə müəllimlər nə danışırdılar Tutu hamısını evdə təkrar edirdi. O qədər təkrar edirdi, istədi, istəmədi, dərslər hamısı Nuşunun başına girirdi. Hətta gecə yatanda da qulaqlarında səslənirdi. Bununla belə, Tutu Nuşunun həyatına girəndən onun günləri daha da maraqlı olmuşdu. Bir gün Tutu riyaziyyat dərsini o qədər təkrar elədi, bütün tənliklər girdi Nuşunun başına. Nuşu istədi kompyuter oyunu oynasın, gözünün qarşısına tənliklər gəldi, istədi kinoya baxsın, qulaqlarında Tutunun inteqral tənliyinin həlli qaydası səsləndi:
- Aman! Sən məni dəli edəcəksən! Bir də səni dərsə aparan deyiləm. Baş qulağımı aparırsan! Otur evdə!
- Mən darıxaram! – Deyib quş hay-küy salsa da, Nuşu qulaq asmayıb onu evdə qoydu, çantasını da götürüb dərsə yollandı. Ana Tutunu çox xoşlayırdı. Onun dənini, suyunu vaxtında verir, başını tez-tez tumarlayırdı. Tutu özünü ananın-atanın yanında elə sakit aparırdı, elə bilirdin, şah quşudur. Amma danışmağı çox sevən Tutu çox çətinliklə susmağı bacarırdı.
Ana evdəki işlərini görüb, çıxdı işlərinin dalınca getdi. Evdə heç kəs qalmadı. Tutunun darıxdığından az qalırdı bağrı çatlasın. Yaxşı ki radioda simfonik musiqi bitdi, “Ovqat” verilişi başladı. Veriliş Tutunun çox xoşuna gəldi. Əvvəldən axıra qədər verilişə qulaq asdı.
Axşama yaxın Nuşu dərsdən gəldi. O sevincək Tutunun üstünə qaçanda quşu bikef görüb pərt oldu:
- Nə olub sənə, xəstələnmisən?
- Yox, küsmüşəm!
- Niyə?
- Məni tək qoyub getmisən!
- Daha səni heç vaxt tək qoymayacağam!
- Nə yaxşı! – Deyib quş sevincini gizlətmədi. Nuşu bu gün sinifdə baş verən hadisəni Tutuya danışdı. Bu gün belə bir hadisə baş vermişdi ki...
Riyaziyyat dərsi başlayan vaxt Nuşirəvan Elvinlə dalaşırdı. Elvin əlaçı idi deyə, müəllim ona bir söz demədi, Nuşirəvanı isə acıqla lövhəyə çağırdı:
- Gəl, dünən danışıb başa saldığım dərsi danış, tənlikləri həll elə, teoremləri də əzbər de!
Nuşirəvan rəng verib, rəng aldı, çünki evdə heç kitabın üzünü də açmamışdı. Həyəcandan əl-ayağı əsməyə başladı. Dili topuq vurdu:
- Müəllim, olar kitaba baxım, əvvəlini yadıma salım?
- Zəhmət çəkmə, mən başlığı yadına salaram!
- Hər hansı bir tənliyi həll eləmək üçün... Əvvəlcə... Belə demişdi, Nuşu ardını özü danışmağa başladı. Teoremləri əzbər dedi, tənlikləri həll elədi, nəticəni düzgün yazıb, təbaşiri yerinə qoyanda, müəllimə baxdı. Gördü müəllimin və bütün sinfin təəccübdən ağızları açılı qalıb. Elvin belə ağzıaçıq ona baxıb, - Əhsən sənə, bir gündə əlaçı olmaq buna deyərlər! ‒ Dedi.
Müəllim Nuşuya bir yağlı “5” yazdı. Nuşunun sevincinin həddi-hüdudu yox idi. Evə çatan kimi atasına da, anasına da zəng vurub riaziyyatdan “5” aldığını xəbər verdi. Sonra isə olanları Tutuya danışdı:
- Sənin çox danışmağının mənə xeyri dəydi. Riaziyatdan “5” almağı heç yuxuda da görə bilməzdim!
- Əvəzində məni bütün günü darıxdırmısan!
- Səni mütləq sabah məktəbə aparacağam, söz verirəm!
Sabah dərsdə nə baş verəcək?
Tutuquşu ilə Nuşunun növbəti sərgüzəşti
Səhər Nuşu ədədbiyyatdan “əla” aldı. Çünki, Tutu radionun “Ovqat” verilişindən nə ki deyimlər, duyumlar, aforizmlər eşitmişdi, hamısını dedi, Nuşu da onları inşaya yazdı. Nəticədə “əla” qiymət aldı. Nuşu az qalırdı sevindiyindən uçsun.
Deyim-duyumlardan “əla” qiyməti sinifdə təkcə Nuşu aldı. Elə ona görə də müəllim onu “Novruz” müsabiqəsinə yazdı.
Səhər bütün qəzetlər, jurnallar bacarıqlı məktəbli Nuşirəvan Əhmədlinin fenomen bacarığından yazdılar. Televizor kanalları onu göstərdi. Niyə? Çünki on dəqiqənin içərisində o qədər müdrik kəlam, aforizm sadalamışdı ki, hamı heyran olmuşdu.
Bu başqa dərslərdə də belə oldu. Fizikada da, Kimyada da, - demək olar bütün dərslərdə. Nuşu istəməsə də, istəsə də bu baş verirdi. O bütün günü Tutuya qulaq asır, eşitdikləri beyninə girir, özündən asılı olmadan savadlanırdı. Tutu bir dərsi bir dəfə yox, neçə dəfə təkrar edirdi. Danışdığından əlavə hər dəfə Nuşudan soruşurdu:
- Harda qaldım? Sonra nə oldu? Cavab nə qədərdir? Axırıncı teoremi isbat elə!
- Aman, baş qulağım getdi... Deyə Nuşu qışqıranda küsüb susurdu. Tutu da küsəndə çətinliklə barışırdı. Buna görə Nuşu dözürdü ki, dostu ondan küsməsin.
“Bir də ki, bunun nəyi pisdir? Əlaçı oluram!” - Deyə, Nuşu ürəyində sevinirdi.
Amma bir gün xoşagəlməz hadisə baş verdi. Nuşu dərsdən qayıdırdı. Şəhərin mərkəzinə gedib test almalıydı. Metroya mindi. Metro yola düşəndə elə fit səsi gəldi ki, Tutu çantadan hoppanıb oturacağın altında gizləndi. Nuşu bunu görmədi və yaxınlıqdakı stansiyada düşdü. Tutu nə qədər çapaladı vaqondan çıxsın, alınmadı. Qapılar bağlandı. Metroda hay-küy qopdu:
- Vaqona Tutuquşu girib!
- Kimindirsə, yəqin indi axtarır!
- Yazıq quş!
Tutu bütün bunları eşidəndə onu lap vahimə basdı. Balaca quş ürəyi çırpındı, “Mən daha dostumu görə bilməyəcəyəm!”, deyə həyəcənla düşündü. Nəhayət quşu tutdular:
- Onu sahibinə qaytarmaq lazımdır! – Dedilər. Nuşu isə yalnız mağazada çantasını açdı, onda bildi ki, Tutu itib. Tez metroya qaçdı. Stansiyada nə qədər axtardı, Tutunu tapa bilmədi. Hamıdan soruşdu. Polisə yaxınlaşdı. Polis dedi:
- Gətirmişdilər yanımıza, balaca bir tutuquşu idi, istədik qəfəsə salaq, saxlayaq, sahibi gələndə ona qaytaraq, uçdu getdi.
- Necə yəni, uçdu?
- Biz də bayaqdan axtarırıq tapmırıq!
Bunu eşidən kimi Tutu düşdüyü stansiyaya qayıdıb Tutunu özü axtarmağa – çağırmağa başladı:
- Tutu, hardasan? Mən burdayam, hay ver, hay ver mənə!
Amma Nuşu nə qədər çağırdısa da, onun səsinə səs verən olmadı. Çünki Tutu növbəti stansiyada gizlənmi, relslərin qaranlıq yerində, mağara kimi bir yerə girmiş, metronun bərk fitinin qorxusundan gizlənmişdi.
Axşam qaranlıq düşənə qədər Nuşu sevimli quşunu axtardı. O elə pərt, elə kefsiz idi, qaranlığın düşdüyünü indi gördü. Tez evə tələsdi.
Ata-anası o qədər nigaran qalmışdılar, hyəcandan evdə qərar tuta bilməyib bayıra çıxmışdılar:
- Hardaydın? – Ata soruşdu.
- Başına bir iş gəlib? – deyə ana soruşanda Nuşu ağlamsınaraq:
- Gəlib! Tutu itib! – Dedi.
Ata və Ana hər ikis güləndə Nuşu həm hirsindən, həm kədərindən özünü saxlaya bilməyib ağladı:
- Niyə gülürsüz? O mənim yaxın dostum idi!
- Sakit ol, onu axtarıb-taparıq! – Deyib valideynləri birtəhər Nuşunu sakitləşdirdilər.
Bununla belə, Nuşu səhər yuxudan duran kimi tez metroya qaçdı. Bütün stansiyalarda düşüb Tutunu axtarmağa başladı. Amma heç kəs onun gözəl, ağıllı, sevimli quşunu görməmişdi. Ən axırda Nuşu o stansuyaya qayıtdı ki, həmin stansiyanı dünən axtarmış, Tutunu orda tapmayıb evə qayıtmışdı. O metronun getməsini və sakitlik olmasını gözlədi. Elə ki tam sakitlik oldu, qışqırdı:
- Tutu, hardasan, hardasansa, səs ver.
Yenə səsinə səs verən olmadığını görüb bikef-bikef yavaşcadan dedi:
- Hardasan, dostum, hardasansa, səsimə hay ver. Gedək evə!
Nuşu başını aşağı saldı, onun gözlərindən axan damcılar düz qarşısında dayanıb ona baxan Tutunun üstünə düşdü:
- İslatma məni! Hardaydın dünəndən?
- Doooostuuum! – Deyə Nuşu həyəcanla Tutunu qapıb qucağına aldı. Hardaydın? – deyib dönə-dönə o üzündən, öpdü.
Dostlar sevincək evə qayıtdılar. Bir neçə gün Tutu evdə qaldı. Çünki bütün günü metro kimi fit verirdi. Nuşu bilmədi neyləsin, gedib bazardan bir bülbül aldı. Həmin gündən Tutu fit verməyi tərgitdi, bülbülün cəh-cəh vurmağını dəfələrlə təkrar edəndən sonra fit verməyi unutdu. Sakitləşəndən sonra Nuşu onu özü ilə yenidən məktəbə apardı. İllər keçdi, Nuşu dostu Tutunun hesabına məktəbi “Qızıl medal”la başa vurdu. Amma o öz “Qızıl medal”ını çıxarıb Tutunun boynundan asdı.
Nağılçı: Gülzar İbrahimova