Şahzadə ilə Əkiz bacıların nağılı


(nağıl)

Biri vardı, biri yoxdu, Günəş vardı, Ay yoxdu, ona görə də yaxşılar azdı, zalımlar çoxdu. Həmin vaxtda da pislər çoxalır, pisliklər artır, yaxşılıqlar azalırdı. Pislər də çoxalır, yaxşılar azalırdı. 
Belə zamanda göydən yerə mələklər gəlir ki, yaxşı insanların dadına çatsın. Mələklər yerə enəndə qanadlarını gizlədir, adi adam olurlar. İnsanlara yaxşılıq öyrədir, onları yaxşılıqla sınağa çəkirlər.
Belə bir zamanda qəddarlığı, amansızlığı, zalımlığı ilə tanınmış bir Furuz şah vardı. Şah hər il bir ölkəyə hücum edər, həmin ölkəni çapıb-talayar, insanlarına zülm edər, adamlarını qula döndərərdi. Furuz şah bir gün yenə qoşun başçısını yanına çağırtdırıb ona əmr verdi:
-    Sənə on gün vaxt verirəm! Hazır ol, qənimət yürüşünə çıxırıq. Qonşumuzdakı İpək ölkəsi ipək parça toxuyub satmaqla həddindən artıq varlanıb. Üstəlik o qədər taxıl əkib, bütün ətraf ölkələrə taxıl satır. Bir yandan da taxıldan varlanır. Bizim isə qızılımız, varımız-dövlətimiz get-gedə azalır. Biz tez varlanmalıyıq! Bunun üçün mütləq İpək ölkəsinə hücum edib, oranı yerlə-ueksan eləməliyik. Var-dövlətlərini ələ keçirməliyik! Bu haqda fikrin nədir? 
Qoşun başçısı düşünüb dedi:
-    Qüdrətli şahım! Bəlkə əvvəlcə İpək ölkəsinin şahına məktub yazıb çaparla göndərək, məqsədimizi bildirək. Bəlkə elə müharibəsiz bu işi yoluna qoyacaq, varından-dövlətindən özü ayırıb bizə verəcək. 
Furuz şah hirslə ayağa qalxıb qışqırdı: 
-    Mənə ağıl qoyma, Qoşun başçısı! Hələ bu vaxta qədər Furuz şaha ağıl qoyan olmayıb. Sən özünü şahdan ağıllımı hesab edirsən? Yoxsa gözlərin Gün işığından qamaşır?
-    Yox, şahım! Fikrimi soruşdun, mən də cürət elədim, dedim! Əhv et şah, başımdan böyük danışdım! Yalvarıram, məni Gün işığına həsrət qoyma! 
Şah bir az sakitləşib dedi:
-    Keçdim günahından, amma heç vaxt Qüdrətli şahının üzünə ağ olma! 
Qoşun başçısı şahın qəddarlığına bələd idi. Ona görə sevincək şahın ətəyindən öpüb dedi:
-    Var ol, Şahım! Səltənətin var olsun! Taxtı-tacın ucalsın! 
-    Özün də get, sənə on gün vaxt verirəm! Yüz  minlik qoşunla müharibə səfərinə hazırlaş! 
-    Baş üstə, Şahım! – Qoşun başçısı şaha təzim edə-edə şahın yanından çıxdı. Elə həmin vaxtdan da hərbi səfərə hazırlaşmağa başladı. 
Şah isə öz qərarından razı halda, saray bağında gəzməyə çıxdı. O, səhər yeməyini bağda yeyərdi. Şah süfrəsi təmtəraqla hazırlanar, süfrəyə ən dadlı yeməklər düzülərdi. Şah səhər yeməyi yeyəndə bağban əlində bir fincan bal gətirib dedi:
-    Şah sağ olsun, bu təzə baldır, indicə kəsmişəm. 
-    İndicə necə kəsmisən, bizim pətəklər axı çox uzaqdadı. 
-    Bu bal bizim arıların balı deyil. Başqa baldır. Məndə dünən gördüm. Ağacda yuva salıblar, orda da şana düzəldiblər, bal qoyublar. O qədər ləzzətlidir, dadından doymaq olmur. 
Şah balın dadına baxdı, bal xoşuna gəldi. Axırıncı qaşığı da götürüb ağzına qoyanda baxdı ki, balaca bir arı qondu balqabına, qabın dibində bal yeməyə başladı. Bağban istədi əl çalsın, arı uçub getsin, bu vaxt şah qaynar çayını arının üstünə töküb, onu məhv elədi. Bu vaxt hardansa üç arı birdən uçub gəldi, bal qabının kənarına qondular, şah onları da yandırmaq istəyəndə uçub getdilər. Şah qəhqəhə çəkib əlini-əlinə vurdu:
-    Belə qorxarsız, ha... İpək ölkəsinin də şahı bu günlərdə sizin kimi qorxub qaçacaq. Ha, ha...
Elə bil arılar bunu başa düşdü. Onların üçü də bir vaxtda qayıdıb Furuz şahı sancdılar. Biri sağ qaşından, o biri sol qaşından, üçüncüsü də başından...
Bağban və nökərlər nə qədər çalışdı, heç nə edə bilmədilər. Şah qəzəblə qışqırdı:
-    Aman, öldüm ağrıdan! Bağban rədd olsun bu arılar da, onların balları da... İki nəfər də götür, tez ağacı kəsib yandırın! Qoy arılarla birlikdə onların pətəkləri də yanıb kül olsun. Bu axmaq arılar deyəsən Furuz şahı yaxşı tanımırlar! 
Bir azdan Furuz şahın başı, üzü şişdi, elə şişdi, oldu nə boyda, gözləri şişdən görünməz oldu, heç nə görmədi. Bir yandan kor oldu, bir yandan kar, o biri yandan da danışa bilmədi. Onu evə aparıb yatağa uzatdılar. 
Şahın gözəl və ağıllı bir xanımı, yeniyetmə oğlu və qızı vardı. Şah süfrə başında o qədər amansızlıqlarından, kobudluqlarından, etdiyi zülmlərdən danışardı ki, onlar səhərlər özlərini yatmışlığa vurardılar ki, şahla bir yerdə səhər yeməyi yeməsinlər. Şah başqalarına olduğu kimi öz ailəsinə qarşı da çox kobud idi. Onların fikri ilə razılaşmaz, özünü hər kəsdən ağıllı sayar, düz sözlərinə də dəyər verməzdi. 
Şah yatağa düşən kimi müvəqqəti şahlıq onun yeniyetmə oğlu, şahzadə Teymura keçdi. Teymur şah olan kimi qoşun başçısına əmr verdi. 
-    Atamın xəstəliyi ilə əlaqədar müharibəyə hazırlıq dayandırılsın!
Xəbərdən camaatın içi güldü. Sevindiklərindən çalıb-oynadılar. Çünki, Furuz şahdan savay heç kəs müharibə arzulamırdı. 
Qoy camaat sevinməkdə olsun, görək, şah necə oldu...
Elə ki şahı arılar sancdı, yatağa düşdü, Şahzadə Teymur bütün həkimləri, münəccimləri toplayıb atasının sağalmağı üçün dərmanlar axtardı.  
Çox təbib gəldi, amma xəstəyə çarə edə bilən, üzünün şişini azalda bilən tapılmadı. Şahın üzü gündən-günə şişir, artıq nəfəs almağı da çətinləşirdi. Bütün həkimlər xəstəliyin qarşısında aciz qalmışdılar. Şahın doğmaları - xanımı, övladları artıq həkimlərdən əllərini üzmüş, ümidsiz olmuşdular. Ümidləri mollalara, münəccimlərə qalsa da, onlar da şahın xəstəliyindən ürəkaçan bir xəbər demirdilər. 
Şahzadə taxtda dərdli-dərdli oturduğu bir vaxtda, gözətçi otağa girib dedi: 
-    Şahzadə sağ olsun, bir münəccim gəlib, deyir şaha dərman taparam. 
-    Qoy gəlsin!
Münəccim içəri girib Şahzadəyə ədəblə təzim edib dedi:
-    Şahımıza sağlamlıq diləyirəm, Şahzadənin ətəyindən öpürəm, ona tezliklə nigarançılıqdan qurtarmağı, xoş xəbər eşitməyi arzu edirəm!
-    Ümid edirəm şad xəbəri sən mənə verib, əvəzində məndən bəxşiş, ənam alacaqsan! 
Sonra Şahzadə atasının başına gələnləri münəccimə danışdı. Münəccim ona qulaq asıb dedi:
-    Şahzadə, izn versəydin, bir şaha baş çəkərdim...
-    Əlbəttə, - deyib Şahzadə taxtdan düşdü, münəccimlə bərabər atasının yataq otağına keçdi. 
Münəccim otağa girən kimi pəncərədə bir küncə qısılmış qırmızı arını gördü. Ona diqqətlə baxmağa başladı. Sonra yaxınlaşıb pıçıltı ilə ondan soruşdu:
-    Sən niyə burda gizlənmisən?
Arı qanad çalıb, bir az da qızardı. Münəccim yenə arı ilə danışdı:
-    Çıx get, - dedi, - şah ölür, ondan nə istəyirsiz?
Arı vızıldaya-vızıldaya o biri pəncərəyə qondu. Münəccim pəncərəni açıb arını bayıra salıb arxasınca qışqırdı:
-    Bir də səni şaha yaxın duran görməyim...
Bayaqdan onlara baxan Şahzadə bu yerdə dözməyib dedi:
-    Sən xəstəyə baxmaq istədin, amma bayaqdan arı ilə danışırsan, arı tutursan, arı qovursan. Onu xidmətçilər də edər. 
-    Düz buyurursan Şahzadə! Bütün bunları xidmətçilər edə bilər, amma arıların vızıldaya-vızıldaya nə dediklərini xidmətçilər heç vaxt başa düşə bilməz.
-    Arı vızıldayıb sənə nə dedi ki...    
-    Bu arı adi arı deyil, qırmızı arıdır. Qırmızı arıların balı bütün dərdlərə dərmandır. 
-    Mənim də atamın dərdinə dərmandır? 
-    Bəli, Şahzadə! 
-    Onda indicə əmr edim, həmin baldan tapıb gətirsinlər!
-    Səbrli ol, Şahzadə, dediklərimə diqqətlə qulaq as!
-    De, Münəccim, eşidirəm!
Münəccim şaha yaxınlaşdı, əlini şahın üzündə gəzdirib dedi:
-    Şahzadə, bil ki, qırmızı arılar çox xeyirxah, rəhmlidirlər. Balları şəfalıdır. Amma elə ki həmin arılara pislik elədin, incitdin, tamam dəyişirlər, qızarırlar, pisləşir, qorxulu, kinli bir canlıya çevrilirlər. Bilirsən o pəncərədəki arı niyə qısılıb bir küncdə gizlənmişdi?
-    Yoox, bilmirəm. Niyə?
-    Orda gizlənib, hər gecə gizləndiyi yerdən çıxır, atanı təzədən sancır. Ona görə atanın üzü hər gün şişir. İndi mən o arını bayıra saldım, səhər atanın üzü şişməyəcək. 
-    Necə?
-    Bəli. Onlar həmişə qisas alacaqlar. 
-    Nəyin qisasın?
-    Sənin atan Arıların böyüyü olan Ana arının ən kiçik balasının, sonbeşiyinin üstünə qaynar çay töküb, yandırıb, öldürüb. Arılar bunu bağışlamayacaq.         
-    Atam doğrudan da rəhmsizdir. Bəs neyləyək arılar onu bağışlasın?
-    Gecə rəml ataram, ulduzlar necə düzülsə, o formada yataram, yuxuda nə görsəm, o da atanın şəfası olacaq. Yuxu görməsəm, qalxıb səssiz gedəcəyəm. Deməli, dilim, ağzım qurusun, şahın xəstəliyinin çarəsini tapa bilməyəcəyəm.
-    Bunu da sınayarıq. Başqa çarəmiz yoxdur.  
Münəccim gecəni gözlədi, elə ki ulduzlar göydə göründü, diqqətlə onlara baxdı. Ulduzlar  dövrə vurub par-par parıldayırdı. Münəccim də ayaqlarını qarnına yığdı, ulduzlar kimi yumrulandı, yuxuya getdi. Yatan kimi yuxuda Ay gördü. O vaxt yaxşı insanlar Ayı ancaq yuxuda görürdülər. Ay Münəccimlə insan kimi danışdı. O, dedi: 
-    Ey Münəccim, nə olub, nə istəyirsən ki, ulduza  dönmüsən, ulduzlarıma qoşulmusan, onları yamsılayırsan?
Münəccim Aya cavab verdi:
-    Ey nurlu Ay! Səndən kömək istəyirəm. Şah ağır dərdə mübtəla olub!
-    Hər şeydən xəbərim var. Onun çarəsi göydə yox, yerdədir.  
-    Yerdə hardadır, dərmanı nədədir? Sən bütün sirrlərdən agahsan, dərdlərin dərmanından xəbərdarsan, mənə də deyə bilərsənmi?
-    Deyərəm, bir şərtlə ki, Furuz şah sağalandan sonra zalımlığından əl çəkməlidir. Çəkməsə dərdi geri qayıdacaq!
-    Dediklərini çatdıraram Şahzadəyə, Gözəl Ay. Sən şahın sağalmağına yol göstər...
-    Qırmızı arıların balıdır şahın dərmanı. Onu üzünə çəkən kimi şişi çəkiləcək, sağalacaq. 
-    Sağ ol, Nurlu Ay!
-    Gerisinə də qulaq as! Hələ sözümü bitirməmişəm.
-    Söylə, eşidirəm. 
-    Şah Qırmızı arılara pislik edib. Onların balından yeyib, sonra da günahsız bir arını öldürüb. Bu xəyanəti Qırmızı arılar bağışlamaz. Öz ballarından şaha verməzlər ki şəfa tapsın.
-    Bəs neyləyək?  
-    Burası bir az çətin olacaq. 
-    Çətin də olsa de!
-     İki gözəl qız var. Ala gözlü, sarışın saçlı, mələk üzlü, sərv boylu iki bacı var. Əkiz bacılardı. Oxşardırlar. Amma birinin əlinin içərisində - ovcunda qara, xal var, o birisində yoxdur. Onlardan birinin qəlbi sevgi ilə doludur, o birininki paxıllıqla. Qəlbi sevgi ilə dolu olan da şahı sağalda bilər. Qırmızı arılar o qızı sevir. Qız balı əlinə sürtüb şahın hər iki üzünə şillə vurarsa, şah şəfa tapar, sağalar. Bax, belə... Ay belə deyəndə elə bil kimsə Münəccimin üzünə şillə vurdu. Münəccim qışqırıb yuxudan dik qalxdı. 
Tez Şahzadənin yanına gedib yuxusunu ona danışdı. Şahzadə sevincək dedi:
-    Şad xəbər olasan! Bal tapıb atamın üzünə sürtərik. Əkiz qızları axtarmağa gərək olmaz. 
Sonra Şahzadə eşitdiklərini anasına da söylədi. Bağbanı çağırtdırdılar.  Şahzadə soruşdu:
-    Atama Qırmızı arının balından vermişdin yeməyə, ondan bizə tapa bilərsən? 
-    Şahımızı arı çalan kimi şah əmr etdi arılar olan ağacı od vurub yandırım. Sonra şahın vəziyyəti pisləşdi, başım qarışdı, ağacı yandırmağı unutdum. Günahkaram Şahzadə. Amma yaxşı ki yandırmamışam. İndi dadımıza çatar. 
-    Düz eləmisən, indi bizə lazım olanda belə balı hardan tapacaqdıq?
-    Gedim həmin baldan bir fincan gətirim!- Bağban dedi. 
-    Tez gətir, bağban! – Şahzadə əmr etsə də, aradan xeyli keçdi, amma bağban qayıtmadı. Ondan səs çıxmadı. Şahzadə keşikçini göndərdi ki, gedib baxsın, görsün, bağban harda qaldı. Keşikçi xəbər gətirdi ki, bağbanı arılar sancıb, ayaqları, əlləri tutulub. 
Şahzadə bu dəfə bal gətirməyə özü yollanmaq istədi. Anası onun qarşısını kəsib dedi:
-    Getmə, oğul. Burda bir sirr var. İki nəfər arıçı göndər gedib arı yuvasından bal götürsünlər.
Şahzadə anasının sözünü eşitdi. Arlçıları bağa yolladı ki, bal götürsünlər. Arıçılar dolu pətəkdən çox çətinliklə iki qaşıq bal götürə bildilər. 
Ana balı götürdü verdi qızına dedi:
-    Al balı sürt əlinə atanın üzünə çək!
Qızı balı götürdü ki əlinə sürtüb şahın üzünə çəksin, bu vaxt hardansa iki arı uçub gəldi, bir göz qırpımında bal qabını bomboş edib uçub gedilər. Bu elə tez bir anda oldu ki, hər üçü səssiz-səmirsiz bu işə məəttəl qaldılar. 
Siz bir arılardakı kinə baxın! – Deyib Münəccim barmağını dişlədi.
-    Səhər arıçılar təzədən bal götürər, onda mən bilirəm neyləyəcəm. – Şahzadə dedi. 
Səhər arıçılar arıları çaşdırmaq üçün tüstü düzəltdilər. Arılar yuvadan didərgin düşəndə tez bal götürüb Şahzadəyə çatdırdılar. Şahzadə dedi:
-    Qapıları möhkəm bağlayın, otağa arı girməsin.
Qapı-pəncərələri, bacaları möhkəm bağladılar. Şahzadə elə ki arxayın oldu hər yan bağlıdır, İstədi balı atasının üzünə çəksin, bu vaxt Şahzadənin xalatının ətəyindən beş-altı arı çıxdı, bir anda qabı tərtəmiz elədilər. Şahzadə bərkdən əl çalıb qışqırdı ki, bəlkə arılar qorxub uça, azca da olsa qabda bal qalar. Amma o, qaba baxanda pərt oldu. Qab elə təmiz idi, elə bil yuyulmuşdu. İşi belə görəndə Münəccim dedi:
-    Arılar sehrlidir. Onlara gücümüz yetməyəcək. Yuxumu necə görmüşəmsə, elə etməliyik. 
Şahzadə Münəccimlə razılaşdı. Münəccim əkiz qızları axtarıb tapmaq üçün əyninə nimdaş, yamaqlı paltarlar geyindi, məhəllə-məhəllə, əkiz qızları soraqladı. 
Münəccim gecə gəzdi, gündüz dolaşdı, hamıdan ala gözlü, sarışın saçlı, mələk üzlü, sərv boylu qızları soraqladı. “Gördüm” deyən olmadı. Gəzməkdən çarığının qaltı qopdu, dabanları sızım-sızım sızıldadı. Şahın isə vəziyyəti gündən-günə pisləşirdi. 
Bir gün Münəccim yorulub bir yaşıllıqda oturdu ki, dincini alsın. Amma birdən oturduğu yerdən dik qalxdı. Acından ölürdü bir yandan, isti təndir çörəyinin də ətri gəlirdi o biri yandan. Münəccim aclığa dözə bilməyib, burnunu uzatdı irəli, qoxu gələn səmtə getdi. Getdi, gördü kolluqdan çəpər düzəldiblər, çəpərin o üzündə güllü-çiçəkli həyət görünür. Həyətin ortasında bir kasıb daxma, ona bitişik də təndir var. Ocaq tüstüsü, çörək ətri də ordan gəlirdi. Münəccim baxdı ki, başıçalmalı bir qadın təndirə lavaş salır. Bir qız da yelləncəkdə yellənir. 
Münəccim darvazanın ağzında durub gözlədi onu çörəyə qonaq eləsinlər, amma onu görən yox idi. Qadın bir yandan bişirir, yığır, bişirir, yığır, qız da yelləncəkdə yellənir, yellənirdi... 
Ay ev yiyəsi, ay ev yiyəsi! - Münəccim yavaşca çağırdı. Yelləncəkdəki qız yamaqlı geyimdə olan adamı görəndə qışqırdı:
-    Çıx, çıx yolunla get. Özümüz dilənçi günündəyik, sənə verməyə heç nəyimiz yoxdu!
Münəccim getmək istəyəndə təndirdə çörək yapan dedi:
-    Bacı, işin olmasın, qoy bir tikə yesin. Çörəyin ətri hər yana yayılıb. Günahdır, bəlkə acdır!
Təndirdəki çalmalının “Bacı” deməyindən münəccim başa düşdü ki, o da cavan qızdır. 
Çiçək, sənin xasiyyətindir, çatana çörək vermək. Mənim payıma dəymə. Verirsən, öz payından ver. - Yelləncikdəki qız qışqırıbdedi.
-    Öz payımdan verəcəyəm, Göyçək, narahat olma! Gəl, baba, gəl təndir çörəyi ye!
Münəccim sevincək təndirə yaxınlaşdı. Yaxından qıza baxanda gördü o da gözəl və cavandır. Bardaş qurub oturdu. Elə acmışdı, acından gözləri tor görürdü. Gözü çörəklərdə qalmışdı. Çiçək isti lavaşlardan birini ona verib dedi:
-    Bacıma fikir vermə, ye. Mən həmişə çörəyi paylayıram deyə, o hirslənir, payını ayırır. Mən öz payımdan səni qonaq edirəm. Doyunca ye!
Sonra Göyçək yelləncəkdən düşdü, tərs-tərs münəccimə baxdı, hikkə ilə öz çörək boğçasını götürüb daxmaya apardı. Çiçək isə öz çörək boxçasını yolçunun qarşısına qoydu. Sonra motal dəriyə bükdüyü pendiri açıb Münəccimə uzatdı. Bu vaxt Münəccim onun ovcundakı xalı görüb diksindi, “Ey dadi-bidad”,  deyib yerindən dik atıldı. Qız da istər-istəməz qorxub diksindi. Bu vaxt başındakı yaylığı düşdü, sarışın, qıvrım saçları çiyinlərinə töküldü. 
-    Nə oldu ki... – Deyə, qız soruşanda Münəccim dedi:
-    Elə bildim ovcunun içindəki arıdır, qorxdum. 
-    Qorxma xaldır, - deyib qız güldü.  
-    Siz əkiz bacılarsız?
-    Əkizik!
-    Bacının da əlində xal var?
-    Yox, - deyəndə Münəccim əmin oldu ki, bu elə onun axtardığı qızdır. 
Münəccim lavaşın arasına pendir qoyub ləzzətlə yeməyə başladı. O, qızı tapdığına sevindi. Ürəyində düşündü: “Qızlardan hansının daha rəhmli olduğuna əmin olmaq üçün onları sınamalıyam!”. Buna görə lavaşları bir-bir yeməyə başladı. Sonra birini də yedi, sonra birini də... boxçada iyirmiyə qədər lavaş olardı. Münəccim onların hamsını yedi. Çiçək isə heç narahat olmur, elə hey, “ Ye baba, görünür çoxdan acsan, ye”, deyirdi.
Çörək qurtaran kimi Münəccim ayağa durdu. Göyçəyə dua edə-edə yoluna düzəldi. Başını daxmaya səmt tutub dedi:
-    Sağ ol, Göyçək, çox yedim, halallıq ver!
-    Mən halal-haram bilmərəm. Çıx get, görməmiş qoca! Sən nə qədər yeyirsən... 
Münəccim qızın sözlərindən heç bikef olmadı. Əksinə, sevincək saraya qayıtdı. Başına gələnləri Şahzadəyə danışdı. Münəccimin qızı tapdığına sevindilər. 
-    Tez Çiçək saraya gətirilsin! – Deyib Şahzadə əmr verdi.
Şah adamları gedib Çiçəyi saraya gətirdilər. Qız bu işə məəttəl qaldı. O nəyi səhv etmişdi ki, ona bir söz demədən Şahzadənin hüzuruna aparırlar? 
Çiçək saraya gələndə məəttəl qaldı. Təndirdə acgözlüklə çörək yeyən dilənçi qoca parıldayan qaş-daşlı münəccim paltarında idi. O Çiçəyi gülər üzlə qarşılayıb şahın xanımının yanına apardı. Xanım qızı öpüb-qucaqladı, başlarına gələni qıza danışdı. Çiçək söz verdi:
-    Əziz xanım, nə lazımdırsa edərəm, təki şah sağalsın. 
Şahzadə yenə arıçılara bal gətirtdi. Qız əlinə bal sürtmək istəyəndə hardansa, bir neçə arı peyda oldu. Hamı qorxdu ki, yenə arılar balı yeyib yox olacaqlar. 
-    Hardan yenə bu arılar peyda oldu? Deməmişdim qapıları möhkəm bağlayın... – Deyə Şahzadə üzünü gözətçiyə tutub qışqırdı.
Gözətçi qorxa-qorxa dedi:
-    Hər yan bağlıdır, Şahzadə!
Münəccim sakitcə Şahzadənin qulağına dedi:
-    Şahzadə, arılar sehrlidir. Gözətçilərdə günah yoxdur. Səbrli ol, görək nə olacaq...
Çiçək əllərinə bal sürtən kimi arılar bir anda yox oldular. Münəccim başa düşdü ki, arılar qızı tanıdı, bala dəymədilər. Çiçək münəccim deyən kimi əllərinə bal sürtəndən sonra şahın hər iki üzünə möhkəm şillə ilişdirdi. Şah dərindən nəfəs alıb qışqırdı, özünə gəldi. Bir anda üzünün, gözlərinin, şişi getdi, danışmağa başladı:
-    Mənə yemək gətirin, acından ölürəm!
Həmin gündən şah sağaldı, yenə taxtına oturdu. Amma sehrli arılar şahı sancandan sonra şah tamam dəyişdi. O mehriban, rəhmdil bir şah oldu. 
Sarayda şadyanalıq oldu. Şahın qızı Çiçəkdən soruşdu:
-    Səncə niyə arılar bir səndən başqa heç kəsi bala yaxın durmağa qoymadılar?
-    Ola bilər bir gün mən onları küləkdən, doludan xilas etmişəm, onlar da yaxşılığımı unutmayıblar.    
-    Necə olub o? – şahın qızı maraqla soruşdu. 
Çiçək bir gün başına gəlmiş hadisəni danışmağa başlayanda şahın xanımı da, Şahzadə Teymur da diqqətlə qıza qulaq asdılar. Çiçək dedi:
-    Bir gün çəmənlkdən yarpız yığırdım, gördüm bir topa gözəl gül var, ətri çəmənliyi bürüyüb. İstədim yaxınlaşam gülü yaxından qoxulayam, bir dəstə qırmızı arı uçub gəldi, qondular həmin çiçəklərin üstünə. Yerimdəcə səssiz, hərəkətsiz durdum, onlara tamaşa elədim. İstəmədim məndən qorxub uçsunlar. 
Bu vaxt hava qaraldı, bərk ildırım çaxdı, sonra göydən yumurta böyüklüyündə dolular yağmağa başladı. Doludan biri başıma elə dəydi, az qaldı, huşum getsin. Zavallı arılara yazığım gəldi. Səbətimi arılar olan güllərin üstünə çevirdim, özüm də qaçıb ağacın oyuğunda gizləndim. 
Dolu qurtarandan sonra qayıdıb səbəti götürəndə sevindim. Arılar da, güllər də salamat qalmışdı. 
Birdən arıların hamısı güllərdən ayrılıb mənim çiynimə, üzümə qondular. Qorxdum, elə bildim indicə məni sancacaqlar. Amma mənə heç nə eləmədilər, uçub getdilər. 
O gündən sonra bir dəfə mən xəstələnəndə gördüm su piyaləmin içərisi balla doludur. Bacımdan soruşdum balı kim gətirib, dedi xəbərim yoxdur. Bildim ki bu qırmızı arıların işidir. 
 Yəqin ki qırmızı arılar yaxşılığımı itirməyib, o vaxtdan mənim dostuma çevriliblər. 
Belə deyib, Çiçək gülümsündü. Şahzadə qızın ağlına, rəhmli olmasına və gözəlliyinə bir daha heyran oldu. 
Xanım da, şahın qızı da qucaqlayıb Çiçəyi öpdülər. Şahzadə ona minnətdarlıq bildirdi. Çiçəyə çoxlu hədiyyələr verib evlərinə yola saldılar. 
Qız sevincək evlərinə qayıtdı. Başına gələnləri bacısına danışıb, sevincini onunla bölüşdü. Amma Göyçək paxıllıqdan sevinmək əvəzinə kədərlənib hirslə dedi: 
-    Nə olardı, gedəndə məni də aparardın, mənə də hədiyyə verərdilər. 
-    Saraya qorxa-qorxa getdim. Bilmirdim orda nə olub. 
-    Nə olacaq sarayda? Hamı bilir ki, şah nə vaxtdır xəstədir. 
-    Mən də bilirdim şah xəstədir, amma onu mən sağaldacağımı hardan bilirdim... Bu lap sehr oldu. 
-    Bacım sehrbaz imiş, mənim xəbərim yox imiş... Sən sehrbaz yox, paxıl bacısan. Hədiyyə alanda tək özünü fikirləşirsən... 
-    Yox bacı, düz fikirləşmirsən. Bilmirdim mənə hədiyyə verəcəklər, amma çox istəyirdim sən də gedəsən. Nə qədər səni yuxudan oyatdım, qışqırdın üstümə, durmadın.
Paxıl Göyçək bacısını nahaqdan acılamaqla heç də sakitləşmədi. Çiçəyə nə vermişdilər, əlindən aldı, üstəlik ondan küsdü də...
Çiçək barışmaq istəsə də barışmadı. Bu o vaxta qədər davam elədi ki, bir gün şah adamları yenə Çiçəkgilə gəldilər. Göyçək bacısını həyətə çıxmağa qoymayıb özü həyətə çıxdı. Şah adamları dedi:
-    Bizə Çiçək lazımdır. 
-    Mən Çiçəyəm, sizə nə lazımdır? - Göyçək yalandan dedi.
-    Hazırlaş, saraya getməliyik. Şahın xanımı səni görmək istəyir!
-    Baş üstə! – Göyçək belə deyib, ən yaxşı paltarını geyinib bəzəndi, sürmələndi. Onu saray gəcavəsində, nökərlərin çiynində saraya gətirdilər.
Xanım onu otağına çəkib sevincək dedi:
-    Sənə şad xəbərim var, Çiçək! Şahzadənin də, bizim də səndən çox xoşumuz gəlib. Hamımız istəyirik ki, sən Şahzadə Teymurun xanımı olasan. 
-    Nə yaxşı, - deyib Göyçək sevincini gizlətmədi. Heç demədi də ki, mən Çiçək deyiləm. 
-    Onda get evə, hazırlaş nişan olacaq. 
-    Kasıb evdə necə hazırlaşım nişana. Yaxşısı budur, qalım burda, hazırlaşım. Belə yaxşı olar. 
-    Əlbəttə, qal. – Xanım məəttəl-məəttəl dedi. 
Göyçək sarayda qaldı. Bir neçə gün sonra nişanda Göyçəyi bəzəyib Şahzadə Teymurun yanında oturtdular. Qız tez-tez oğlanın əlindən tutur, bu Şahzadəyə xoş gəlməsə də, bir söz demirdi. 
Çiçəyi də nişana çağırmışdılar. Çiçək hər şeyi başa düşsə də, həm bacısının qorxusundan susdu, həm də onun xoşbəxtliyinə mane olmadı. Nişanın axırında nişan üzüklərini gətirdilər ki, qızın barmağına taxsınlar, hardansa bir qırmızı arı uçub gəldi, düz qızı üzük taxılan barmağından sancdı. Barmaq şişdi, üzük ora girmədi. İstədilər o biri əlindəki barmağa üzük keçirtsinlər, arı onu da sancdı. Münəccim də nişanda idi. O, bu işdən şübhələndi. İrəliləyib qızın hər iki ovcuna baxdı. Qızın ovcunda xal görməyəndə hər şey ona aydın oldu. Bu paxıl bacıBir küncdə oturmuş Çiçəyə yaxınlaşdı, onun əlini açdı, ovcundakı xalı Şahzadəyə göstərib hiylənin üstünü açdı. Xanım paxıl bacını ordan qovdu. Şahzadə Çiçəklə nişanlandı.. 
Nağıl bitdi, göydən üç alma düşdü. Almalardan birincisi göydən yerə elə hirslə düşdü ki, yerə dəyib neçə yerə parçalandı, ordan da dəydi paxılların başına. “Vay başım”, deyib paxıllar elə qışqırdılar, paxıllıqları başlarından çıxdı, ondan sonra ağıllandılar, rahatlandılar. Nə hirsləndilər, nə gileyləndilər. İkinci alma isə nağılı eşidənlərə çatdı. Onlar da almadan yedilər, arzularına yetdilər. Üçüncü alma nağılı danışana çatdı. O da yedi, “ nə dadlıdır”, deyib, hamıya xoş gün dilədi...        

 

         Nağılçı: Gülzar İbrahimova