Mübariz olmağın tək yolu

Mübariz olmağın tək yolu

Bala Dili jurnalı 12.02.2011-ci il saat 12:00-da Kitab Klubunda Mübariz İbrahimovun xatirəsinə həsr edilmiş tədbir keçirib. Tədbirin keçirilməsinə səbəb Bala Dili jurnalının 3 ay bundan öncə səhifəsində elan etdiyi rəsm müsabiqəsinin yekun mərhələsi səbəb olub. İlin sonuna qədər davam edəcək müsabiqə Milli Qəhrəmanımız Mübariz İbrahimovun igidliyinə, onun xatirəsinə həsr edilərək "Vətən sən sağ ol!" adlandırılıb.

 

Tədbirdə qaliblərdən başqa, 18 saylı məktəbin şagirdləri və qonaqlar iştirak ediblər. Elin sevimlisi Şəmistan Nəzərli qalib balalara Mübariz İbrahimovun igidliyi haqda söhbət açıb. Düşməndən necə intiqam almasından danışıb. Qorxmadan, çəkinmədən yağı üstünə təkbaşına hücumundan bəhs edib. Qəhrəman oğula yenicə bəstələdiyi mahnısından söz açıb. Uşaqları Mübariz kimi mübariz olmağa çağırıb: "Yalnız ağılla, çalıqşqan və zəhmətkeş olmaqla buna nail olmaq olar!". O, balaları qalib olmaları münasibətilə təbrik edərək onlara Azərbaycanın qalib gəlməsini arzulayıb.

İlin yazıçı qadını adını almış Nüşabə Məmmədli, Qarabağ dəhşətlərinin qalın romanlar müəllifi olan yazıçı xanım uşaqların qarşısında çıxış edib.

Qarabağ müharibəsi veteranı İsmayıl Həkimli uşaqlara müharibənin dəhşətli təəssüratlarından danışıb, onlara bir də belə günləri görməməyi arzulayıb. Eyni zamanda düşmənin başımıza gətirdiklərini heç zaman unutmamalarını tapşırıb. İncəsənət Gimnaziyasının şagirdi Urfan öz həzin, məlahətli sehirli səsi ilə Azərbaycan gözəlliklərinə həsr edilmiş mahnılarla xatirə gecəsinə yadda qalan anlar bəxş edib.

Rəsm müsabiqəsinin təşkilatçısı, Bala Dili jurnalının şef redaktoru, yazıçı Gülzar İbrahimova qalibləri ANS PRESS-in qaliblərə ayırdığı hədiyyələrlə, Bala Dili jurnalları ilə təbrik etdi. 1, 2 , 3 - cü yerləri tutmuş qaliblərdən başqa, 8 nəfər də qalib olub. Bundan başqa, Mübariz İbrahimovun heykəlini düzəltmiş Fərid adlı məktəbli də hədiyyəsiz qalmayıb.

ANS PRESS adından qalibləri təbrik edən təşkilatçı bildirib ki, bu gün müsabiqəyə rüb üzrə yekun vurulsa da, müsabiqə ilin sonunadək davam edəcək: "Bu gün rəsm müsabiqəsində iştirak edə bilməyən uşaqlar ilin sonunadək istənilən vaxt müsabiqəmizə qoşula bilər. Gün o gün olsun ki, Azərbaycanımız bütün imtahanlardan qalib çıxsın, bütün sarsıntıları, sıxıntıları geridə qalsın! Nəinki Azərbaycan balaları, yer üzünün bütün balaları xoş anlar yaşasınlar, xoş günlər görsünlər".

İnformasiya anspress.com saytından götürülmüşdür.