Dünyanın ən varlı hökmdarları kim olub

Dünyanın ən varlı hökmdarları kim olub

Respublka Uşaq Kitabxanasında uşaq yazıçısı Gülzar İbrahimovanın (Gülzar nənə) «Bir zalım şah vardı» adlı kitabının təqditmatı keçirildi.

 

Tədbirdə Yasamal rayonu 53 saylı, 18 saylı, 158 saylı məktəblərin 5, 6,7 - ci sinif şagirdləri iştirak etdilər.

Tarixi faktlardan, mənbələrdən əsaslanaraq Gülzar xanım neçə əsr bundan əvvəl dünyanın ən varlı hökmdarı olmuş Nadir şahın və Cahan şahın həyatını, şahlığını qələmə alaraq böyüklər üçün nağıl yazmışdır. Yuxarı sinif şagirdlərində böyük maraq oyadan əsər geniş müzakirə olundu.

- Bu səpgidən olan yazılar - onlar ya roman, ya povest, ya nağıl şəklində olsalar da bir şeyə - uşaqların tarixi yaxşı bilməsi məqsədi ilə yazılır.

Tac-Mahal nağılında yazıçı xanım Hindisan şahı Cahan şahın hakimiyyəti illərindən, onun sevgisindən və sevimli arvadı Mumtaz Mahalın xatirəsini əbədiləşdirmək üçün Tac Mahal kimi möhtəşəm bir abidə tikdirməyindən bəhs olunur.

“BİR ZALIM ŞAH VARDI” kitabinin müzakirəsində M.Müşfiq adına 18 saylı

məktəbin dil-ədəbiyyat müəllimi Aynur Cəfərqızı cıxışında qeyd etdi:

“Böyük türk şairi N.Hikmət çox gözəl deyib: “məncə, ədəbiyyat bütün növləri ilə nağıldan başlayır, nağılla da bitir. Ritmi, yığcamlığı, xəyalı, hərəkəti, arzusu ilə cəmiyyətdə tayı-bərabəri olmayan, ümidlərimizi, qorxularımızı, sevinclərimizi tam dərinliyi, genişliyi ilə daşıyan yeni əşyalar, yeni insanlar yaradır nağıl...”

“Bir zalım şah vardı...” kitabını oxuduqca düşündüm ki, yaxşı ki, Gülzar İbrahimova söz sənətini seçib və dünyanın kədərli olayları qarşısında öz qələmi ilə mübarizə aparır. Və yaxşı ki, Gülzar xanım nağıl da yazır, indiki dünyamızın çoxzamanlı müasir nağılını dünyaya danışır...

Bu gün Azərbaycan məktəbinin qarşısında Vətən tarixini dərindən bilən, onun müqəddəratını düşünən, haqqını-hüququnu müdafiə etməyi bacaran vətəndaş yetişdirmək kimi bir vəzifə durub. Ədəbiyyat bu vəzifənin həyata keçirilməsi üçün bir vasitədir. Mənim fikrimcə, qarşımızda ayıq təfəkkürlü, oyaq baxışlı, yeni informasiyalara, məlumatlara həris uşaqların vaxtında müstəqillik dövrümüzün ədəbiyyatı-nağılları, məhz belə olmalıdır-Gülzar nənənin nağılları kimi.

“Bir zalım şah vardı” sevgi kitabı dünyanın ən böyük hökmdarlarının məhəbbətlərindən və dəhşətlərindən yaranmış sevgi xəzinəsidir”-kitabın arxasında belə yazılıb. Doğrudan da, bu nağıllarda faciəli bir ikilik var. Yazıçı bir tərəfdən ədalət, sevgi, hünər, fədakarlıq, musiqi, gözəllik səltənəti önündə ehtiramla baş əyir, digər tərəfdən, mənəviyyatca puç, heyvani ehtirasların əsiri olan, harınlaşdıqca qorxaqlaşan, yalnız dünya malından zövq alanları qəzəblə damğalayır.

Tarixi əhvalatları nağıla çevirməkdə yazıçının məqsədi oxucularını yalnız bu hadisələrdən xəbərdar etmək deyil, o bununla bu günün, sabahın ixtiyar sahiblərini ibrət almağa çağırır

“Bir zalım şah vardı” nağıllar silsiləsinin ictimai-siyasi kəsəri ilə yanaşı, bədii-poetik orijinallığını da qeyd etmək lazımdır. Bu nağıllarda adət etdiyimiz nağıl sonluqlarına rast gəlmədik. Adətən, nağılların sonunda göydən üç alma düşərdi. Nədənsə, Gülzar nənə nağılını bitirərkən yağış arzulayıb, leysan yağdırıb: qızıl yağışı, süd yağışı, səadət yağışı. Bəlkə də, qəlbini bizlərə boşaltdığı üçün, qəmli-sevincli duyğularını dönə-dönə alqışladığı balalarla paylaşdığı üçün yağış arzulayıb Gülzar nənə. Bəlkə də, nağıl boyu yaşadığımız qorxu, dəhşət hislərini yuyub-aparsın deyə... bilmirəm. Bildiyim odur ki, bu orijinal sonluqlar nağılları başdan-başa şeirləşdirib, ikiqat nağıllaşdırıb-şirinləşdirib.

“Eşit Gülzar nənəni! Qızıl yağışı yağanda qaç gizlən! Qızıldan hələ heç bir şaha, heç bir Süleymana, heç bir insana sevinc gəlməyib. Gözlə ki, səadət yağışı yağsın, sən də səadət yağışının altında dayanıb islanasan, öz səadətini tapasan! Eşit Gülzar nənəni, eşit!

Hə, balacan, bu sözlərdən sonra bütün həyəcanlar yoxa çıxacaq, duyğulu baxışların uzaqlara dikiləcək. “bu dünya gözəldir, daşı-torpağı, otu-ağacı ilə. Biz insanlar onu sevib daha da gözəlləşdirmək üçün gəlmişik bu dünyaya”-qənaətinə gələcəksən, bir də kövrək səadət yağışının pıçıltılarını eşidəcəksən...

Bəli, əziz uşaqlar, Gülzar nənənın “Bir zalım şah vardı...” kitabındakı nağılları sizin şirin-şirin yatmağınız üçün yaranmayıb, onlar bizi ağıllı olmağa, həyatı, vətəni sevməyə, onu qorumağa səsləyir”.

Çox isti, səmimi bir şəraitdə keçirilən tədbir uşaqların ürəyincə oldu. Tədbirin sonunda Gülzar nənə 100 -dən çox uşağa öz kitablarından və azyaşlılara isə ANS PRESS Nəşriyyat Evinin məhsulu olan və özünün şef-redaktoru olduğu Bala Dili jurnallarından hədiyyə elədi.