Gedirəm, mənə elə baxma, gedirəm. «Əlvida!» deyib gedirəm. Səndən ayrılmaq istəməsəm də, həmişəlik gedirəm. Heç getmək istəməsəm də, gedirəm.
Zamanı əvvələ döndərmək olsa, getmərəm. Əllərindən tutsam, boynuna sarılsam, hər şey qayıtsa, getmərəm. Sevgimizi saxlamağa gücüm çatsa, heç vaxt getmərəm, qovsan da, acılasan da getmərəm. Bilsəm, itirdiklərim tapılar, qayıdaram, getmərəm.
Gedirəm, gözüyaşlı, çiynimdə həsrət yükü, ürəyim sevgiylə dolu gedirəm. Sevə-sevə ayrılıram. Belə getmək mümkün olmasa da gedirəm. Sənin istəyinlə gedirəm. Sənin istəyinlə səni sevmişdim. İndi də istəyinlə gedirəm. İstəməsəm də gedirəm. Çox çətin olsa da, gedirəm.
Elə bil, ayrılığa yox, ölümə səmt gedirəm. İşıqdan qaranlığa gedirəm. Qaranlıqdan qorxduğumu bilə-bilə məni işıqsız, pəncərəsiz bir yerə göndərirsən. Özündən güclə ayırıb, göndərirsən sənsizliyə. Sənsiz qala bilməyəcəyimi bilə-bilə. Gözlərində qəddarlıq, üzündə biganəlik, qəlbində rəhmsizlik. Tez dəyişəcəyini ağlıma belə gətirməzdim. Nə tez dəyişdin? Hansı qasırğa qəlbinə girib onu buza döndərdi? Hansı külək tufana dönüb sevginin səmtini dəyişdirdi? Özümü bir şeydə suçlayıram: çox sevdim səni, lap çox. Çox bağlandım sənə, o qədər bağlandım ki, özüm də qorxdum səni itirəcəyimdən, bir gün sənsiz qalacağımdan... Ürəyimə gələnlər başıma gəldi.
Gedirəm, mənə elə baxma, soyuq-soyuq, mənasız-mənasız. Sənin bu baxışlarını görməməkçün gedirəm. Ürəyimdə sevgimizi qorumaqçün gedirəm.
Sənə son sözümü deyib gedirəm. Axtaracaqsan məni. Həmişə axtaracaqsan. Birgə olduğumuz yerlərdə - ilk dəfə məni gördüyün yerdə, sevişdiyimiz yerlərdə axtaracaqsan, küsüşüb-barışdığımız yerlərdə, bax, indi ayrıldığımız yerdə axtaracaqsan məni. Hər yerdə axtaracaqsan məni. Yayın istisində, payızın sarı yarpaqları ayaqların altına səriləndə, qar sənə asta-asta “yalqızlıq” mahnısı oxuyanda həmişə axtaracaqsan məni. Gündüz boş yollarda, gecələr soyuq yataqda axtaracaqsan məni. İsti geyinib donanda, əllərin buz bağlayanda, boşluq içində boğulanda, təklik səni təkləyəndə, həsrət səni qısnayanda axtaracaqsan məni. Kimsə səni bağrına basanda, kimsə gözünə baxanda. Amma heç vaxt tapmayacaqsan.
Saçların ağarandan sonra da gözlərin cavanların arasında axtaracaq məni. Lap nəvənin əlindən tutub gəzməyə aparanda da məni sorajaqsan. Çox-çox gec olsa da. Heç vaxt tapa bilməyəcəyini bilsən də, axtaracaqsan. Mənə oxşarını tapanda gözlərin sevincdən yaşaracaq, bir anlığa da olsa, keçmişə, bizim ikili günlərimizə qayıdacaqsan, sevinəcəksən. Sevinməyinin səbəbini bilməsən də sevinəcəksən. Sonra yenə də axtaracaqsan. Tapa bilməsən də, axtaracaqsan. Axtarmaqdan yorulsan da, axtaracaqsan. Elə hey axtaracaqsan!