Çıx həyatımdan! Görünmə gözümə! Şeytanmısan, ya jadugərmisən, qız? Öldürmək istəyirsən məni? Bütün günü məni izləyir, bir an da olsa rahatlıq vermirsən? Nə istəyirsən məndən? Qəsdin məni məhv etməkmidir?
Rahat burax məni, gözəl, rahat burax! Çəkil gözlərimin qabağından! Silin beynimdən! Mənim başqa işlərim var axı. Dərdim-sərim ancaq sən deyilsən ki...
Bütün günü başımda dolaşıb fikirlərimi qarışdırır, varlığınla məni məhv edirsən. Yalnız səni düşünürəm. Elə hey səni axtarıram. Biranlıq da olsa, gözlərim önündən çəkilmirsən. Hara baxıramsa, ancaq sənin o sehrli, adamı məftun edən çöhrəni görürəm; yol gedəndə də, işləyəndə də, yeyəndə də, yatanda da, günün altında yananda, yağışdan islananda, qar soyuğundan donanda da fikrimdə, gözlərimin qarşısında yalnız sənsən. Toyda səni yada salıb gülümsəyirəm, yasda səni yada salıb ağlayıram. Hər yerdə sənsən. Təkcə sən. Özü də bir an unudulmadan, bircə dəqiqə də yaddan çıxmadan.
Belə yaşamaqmı olar, gözəl? Səndə tilsimmi var, səndə qara sehrmi var? Rahat burax məni. Bezmişəm belə yaşamaqdan, bezmişəm ürəyimdə danışmaqdan, sənə yalvarmaqdan. Çıx həyatımdan, get! Yalvarıram sənə, çəkil yolumdan!
Min dəfə lənətlər olsun sənə rast gəldiyim ana! Ağlımı yerindən oynatdığın günə! Məni məndən ayırdığın günə!
Məni bu günə saldığına görə nifrət edirəm sənə. Mənə bu qədər acılar çəkdirdiyinə, mənə etdiyin zülmlərə görə, çıx mənim həyatımdan! Görməyim səni; ya gəl, həmişəlik olaq, sevgili olaq - yarım ol, bir yerdə qalaq, bir yerdə olaq, ya da get taleyimdən...