Ölmüşəm

Ölmüşəm

 Sizə möhtac olmuşam, qoltuqağaclarım, sizin ümidinizə qalmışam. Tanrım mənim gəzər, sağlam ayaqlarımı alıb, əvəzində sizi verib. Cansız taxta parçalarını...

Heç olmasa, yurdum yağıya qalmasaydı, bugünümə də şükür edərdim. Yurdum viran olmasaydı, can verəndə də “Şükür, sənə, Tanrım!” deyib ölərdim...

Sizin ümidinizə qalmışam, aparın məni ürəyim istəyən yerlərə. Özüm gedə bilmirəm, heç olmasa, siz aparın. Aparın məni Kəpəz dağının başına. Oradan yağıya qalmış, dağılmış, viran olmuş yurduma baxım. Mehlə gələn vətən havasını ciyərlərimə çəkim. Damları uçmuş evlərimizi görüm. Elsiz qalmış yurduma baxım. Hönkür çəkib ürəkdən ağlayım. Doyunca ağlayım.

Sizə möhtac olmuşam, qoltuqağaclarım! Aparın məni başqasının olmuş sevdiyimin pəncərəsi altına! Görüm mənsiz necə qalır? O da mənim kimi saralıb-solubmu? Ya ki xoşbəxt olub? Aparın məni ora, aparın. Aparın məni ora ki uzaqdan da olsa, bircə dəfə etibarsızımı görə bilim. Aparın! 

Aparın məni, aparın xiyabana! Güllərin, çiçəklərin arasından qan qoxuyan Şəhidlər Xiyabanına. Cəbhə dostlarımın məzarı üstünə. Başımı dayayım onların başdaşlarına. Başımıza gəlmiş müsibətlərimizi, dəhşətlərimizi bir yerdə yada salaq. Onlara da ağlayım, özümə də. Ayrılarkən onlarla nə görüşmüşdüm nə də vidalaşmışdım. Görüşüm cəbhə dostlarımla və onlara deyim: “Mən də ölmüşəm, dostlarım, qınamayın məni sağ qaldığıma görə. Mən də ölmüşəm. Qınamayın məni, mən də sizinlə qalmaq istəyirəm!».