Mən səndən doymamışam

Mən səndən doymamışam

Bu da əsrin sonu. Neçə illərdən bəri hamının ürəyində nigaranlıqla gözlədiyi əsrin axırı. Hələ uşaqlıqdan eşitdiyimiz “2000-ci ildə dünya dağılacaq” - şayiəsinin sonu. 

Hamı üzdə özünü toxtaq göstərsə də, nigarandır daxilində. Belə bir nigaranlıqlar içərisində qəfil zəlzələ Vətənimi silkələdi; özü də bərkdən. İnsanları, evləri tir-tir titrətdi. Güclü yeraltı təkan sakit sulu Xəzərimi təlatümə gətirdi. Bir anda dənizin səhra kimi sükuta dalmış dibi lərzəyə gəldi. Sanki dünya dağılmağa başlayırmış kimi. Allah, sən saxla! Özün keç günahlarımızdan!

Əsrin sonuna az qalmış Türkiyədə baş verən dəhşətli zəlzələ, Yunanıstanın yamyaşıl meşələrinin, çöllərinin bir günün içərisində kağız kimi alışıb-külə dönməsi, qasırğalar, tufanlar, su daşqınları, saysız-hesabsız faciə bəlkə də dünyanın axırının çatmasından xəbər verdi. Hər kəsin ürəyinə gəldi ki, dünya dağılır, dünya dağılır!.. 

Dayan, Dünya, dayan, hara gedirsən belə? Bəlkə neçə əsr bundan əvvəl Nostradamusun qabaqcadan dediklərini həyata keçirirsən? O falçı alimin dəhşətli yuxularını gerçəkləşdirməyi beləmi vacib bilirsən? Dayan, dayan, ay Dünya, belə rəhmsizcəsinə dağılma, viran olma!

Dünya, bəlkə yorulmusan haqsızlıqlardan, müharibələrdən, nahaq tökülən qanlardan, viran olan şəhərlərdən, kəndlərdən?! Bezmisən şərlərdən, böhtanlardan, acılardan, ağrılardan?! Səbrin tükənib, daha dözə bilmirsən, dağılmaq istəyirsən? 

Dağılmağına səbəb budursa, gərək çoxdan dağılaydın, soyuq bir qış gecəsində - Xocalı yurdu dağıdılanda. Gərək onda sən də donaydın, özü də həmişəlik. Buzlaqlara çevriləydin.

Bütün bəşəri susdurmağa can atan, Dünya! Dayan! Bir az sakit ol, məni eşit! 

Hələ dağılma, Dünya, səndən doymamışam. Hələ açılmamış nə qədər arzum var. Bəxtim qönçə, arzularım tər qalıb. Sevib-sevilməmişəm, sevgili olmamışam. Dadmamışam övlad şirinliyini. Cavanam, a Dünya, rəhmin gəlsin mənə, axı qocalmamışam. Hələ dağılma, Dünya, mən səndən doymamışam! 

 

Əsrin sonunda vətənimdə baş

vermiş zəlzələyə həsr olunub