Qoy dünya tanısın

Qoy dünya tanısın

 

Bir oğlan rəsmi çək, rəssam

Çiynində kamera olsun,

Bir əsər yarat ki, ustad

Səsi aləmə yayılsın!

 

Bir igid rəsmi çək rəssam,

Qəlbi el yaralı olsun.

Gözündə düşmənə nifrət,

Elinə məhəbbət olsun!

 

Rəsmdə çəkib göstər ki,

Oğlan tank üstdə otursun.

Rəsmi elə həssas çək ki,

Baxan Çingizi tanısın!

 

O xalq faciəsin çəkdi,

Sən onun faciəsin çək!

O millətin dərdin çəkdi,

Sən millət qəhrəmanı çək!

 

O çəkdi dünya tanısın

Nifrətdən doğulanları.

Sən də çək, dünya tanısın,

Çingiz kimi oğulları!

 

O ürəyində çəkirdi

Sən kətan üzərində çək

O çəkdiyin gizləyirdi

Sən isə açıq-aşkar çək