Bir ildə neçə ay var,
Hansılardır, kim sayar?
Bəs neçə fəslimiz var?
Hər bir fəslin özünün,
İçində neçə ay var?
Fəsillər maraqlıdır
Adam lap heyran qalır
Bir fəsildə donursan,
Birində qaralırsan
Bir fəsildə yağış yağır
Birində hər yan gül açır
Bir fəsildə isti olur,
Bir fəsildə adam donur,
***
Mart, aprel, may aylarında
Dünyanın gözəl çağında
Təbiət yuxudan durar.
Ağaclar ağ çiçək açar
İsti ölkələrdən quşlar,
Uçub geri qayıdarlar.
Hər bir tərəf yaşıllaşar.
Tamamilə başqalaşar
Novruz bayramımız gələr
Səmənilər göyərdilər
Hamı sevinər, şadlanar
De, bu fəsil nə adlanar?
***
İyun, iyul, avqust ayı,
Sevindirər uşaqları.
Günəş hər yanı isidər,
Uşaqlar dənizdə çimər,
Hətta məktəb də bağlanar,
Hamı gəzməyə yollanar,
Bağçada uşaq azalar.
Gözəl fəsil belə olar!
Bəs, bu fəsil nə adlanar?
***
Sentyabr, oktyabr, noyabrda,
Hər yan olar qızıl donda.
Təbiət tamam dəyişir
Bir başqa cür gözəlləşir!
Süfrələr meyvəylə dolur,
Bağ-bağçalar sarı olur
Tez-tez gur yağışlar yağır,
Dağı, dərəni isladır
Bu fəsildə dərs başlanır
Uşaqlar dərsə yollanır
Bu fəsil necə adlanır?
***
Dekabr, yanvar, fevral
Soyuq fəsil sayılar.
Hər bir tərəf qar olar
Şaxtadan sular donar
Əlcək taxar uşaqlar
Qartopu oynayarlar.
Belə soyuq fəsildə
Sürüşürlər xizəkdə
Şaxta baba qonaq gəlir
Çoxlu hədiyyə gətirir
Fəslin adını kim bilir?