Ərköyün qazlar

Ərköyün qazlar

(Hekayə)

  Qumru nənənin qazları var idi. O, qazlarını çox sevir, onlara yaxşı baxırdı. Çünki hər yaz onların iri tüklərini yolur, onlardan balış düzəldir, aparıb bazarda satırdı. Puluna isə özünə vacib olan şeylər alırdı. Həmişə çalışırdı ki, qazları yaxşı yedirtsin, təmiz saxlasın ki, qazların tükləri gözəl olsun, yaxşı pula getsin.

 Qazlar isə sahiblərinin bu qayğısından nazlanır, ərköyünlük edirdilər. Bir də görürdün ki, nənə qazlara dən tökdü, qazlar isə dəni yemək əvəzinə yanlarını bas-basa çıxıb uzaqlara yem axtarmağa getdilər. Nənə yazıq da qalırdı onları axtara-axtara.

Bir gün belə, iki gün belə, axır bir gün qazlar itdi. Qumru nənənin axtarmadığı yer qalmadı. Qazlar isə tapılmadı ki, tapılmadı. Axşama qədər qazları axtaran nənə nəhayət ki, qaranlıqda qazlarını zibillikdən tapdı. Özü də necə… Onun sevimli qazları zibillikdə bir-birlərinin yanında uzanmışdılar. Qazlarını görəndə qarı hönkür çəkib ağladı. Haray-həşir qopartdı. Səsinə gələnlər qarıya kömək elədilər. Qazları sürüyə-sürüyə qarının həyətinə apardılar.

 Qarı nənə ağlaya-ağlaya qazların tüklərini yoldu. Fikirləşdi ki, qazlar əlimdən çıxsa da, heç olmasa onların tükündən balış tutub bazarda sataram. Qazların tüklərini yolandan sonra isə özlərini aparıb tövlənin dalındakı quyuya tökdü.

 Gecə yorğun olduğundan Qumru nənə bərk yatmışdı. Bir də darvazanın bərk döyünməsinə yuxudan oyandı. Yuxulu-yuxulu durub darıvazanı açdı. Demək olar ki, bütün qonşular darvazanın ağzına yığışmışdı. Qaz səsi də aləmi götürmüşdü. Qumru nənəni hamıdan çox istəyən Səfurə xala dedi:

- Ay, Qumru nənə! Qazlarının səsi heç kəsi qoymur yatmağa, onların bir səslərini kəssənə! Bütün qonşular səsə oyanıblar!».

 Qumru nənə qaz adı eşidən kimi qəhərləndi, həm də məətəl-məətəl dedi:

 - Ay, bala, qaz-zad nə gəzir, dünən hamısı qırılıb, tökmüşəm tövlənin dalındakı quyuya, inanmırsınızsa, gedin, özünüz baxın!

 Qonşular Qumru nənənin sözünə inansalar da səs gələn tərəfə getdilər. Ay işığında baxdılar ki, Qumru nənənin qazlarının hamısı tüksüz, yəni lüt, bir həşir salıblar, bir həşir salıblar gəl görəsən. Qumru nənənin təəccübdən gözləri bərələ qalmışdı. Qonşular köməkləşib qazları quyudan çıxartdılar.

 Sonradan məlum oldu ki, Qumru nənənin qazları şərabçılıq zavodunun tullantılarını yediklərinə görə bərk sərpxoş olmuş, nənə də onları ölmüş bilib, yolmuşdu.

 Səhərisi bütün kənd Qumru nənənin tüksüz qazlarına gülürdü. Bu nənəin acığına gəlirdi, axı o qazlarını çox istəyirdi. Qazlar isə hər şeydən xəbərsiz yenə də yanlarını basa-basa gəzirdilər.