Evə ayı girib
(Hekayə)
Elşad hər yay kəndə gəlir, yay qurtarana qədər baba-nənəsi ilə bir yerdə qalırdı. O, bu yay da kəndə gəldi.
Baba, nənə Elşad üçün yaman darıxmışdılar. Onlar sevinir, Elşad isə bəlkə onlardan da çox sevinirdi. Kənddə qalmaq onun çox xoşuna gəlirdi. Kənd həqiqətən də gözəl idi.
Elşad bilmirdi hara baxsın- yaşıl meşələrə, mələşən quzulara, analarının dalınca qaçan cücələrə, yoxsa odunların üstündə görünən və birdən-birə itib gizlənən balaca dələyə…
Elşadın lap ağzı açıq qalmışdı. O bir an da bir yerdə dayanmır, bütün günü ora-bura qaçırdı. Hər işdə babasına kömək eləmək istəyirdi. Odun daşımağa kömək edir, heyvanlara ot gətirir, onları hətta aparıb otarırdı da...
Bu çox maraqlı idi. Elşad hətta nənəsinə də kömək edirdi. Nənəsi üçün quyudan su çəkir, qabları su ilə doldururdu.
Bir gün səhər ertə baba ot biçməyə getmişdi. Elşad özünə axşamdan söz vermişdi ki, tez duracaq, o da babası ilə ot biçməyə gedəcək. Amma yatıb yuxuya qalmışdı. Gözlərini ova-ova qalxdı. Axşam çox odun daşıdığından qolları yaman ağrıyırdı. Amma öz-özünə fikirləşdi:
- Eybi yoxdur, qoy ağrısın, mən güclü olacağam.
Gözlərini təzəcə açmışdı ki… nə görsə yaxşıdır?
Nə gördüsə, tez evin içi ilə çardağa qalxıb var səsi ilə babasını çağırdı. Baba onun səsinə hay verdi. Elşad çığıra-çığıra dedi:
-Baba, tez evə gəl, tez gəl, evdə ayı vay!
Baba çox qorxdu:
- Düşmə çardaqdan, gəlirəm! – dedi. «Allah, sən özün bizə kömək ol, uşağa bir şey olmasın! Ayı uşağa dəyməsin! Baba ürəyində fikirləşdi və ot biçdiyi dəryaz əlində evə qaçdı. Qaça-qaça ürəyində uşağı tək qoyduğuna özünü qınadı. Fikirləşirdi ki, sən bir işin tərsliyinə bax, heç on ildən çoxdur, meşədən kəndə ayı gəldiyin görən olmayıb. İndi bu ayı haradan gəlib çıxdı, özü də düz evin içinə girib».
Bulaqdan qayıdan nənə babanın əlində dəryaz, təngənəfəs qaçdığını görüb nigaran-nigaran soruşdu:
- Nə olub, niyə qaçırsan?
Baba tələsik cavab verdi:
- Qorxma, Elşad çardaqdadır, amma evə ayı girib.
Nənə dizlərinə vurub qışqırdı:
- Vay… evimiz yıxıldı…
Baba dəryazı başı üstünə qaldırıb qəfil evə girdi. Amma heç yerdə ayını görmədi. Doğrudan da, heç yerdə ayı yox idi. Elşadı səslədi:
- Elşad, bala, hanı ayı?
Elşad çardaqdan başını çıxartdı:
-Baba, ayı deyəsən uçdu, getdi. Stolun üstündə bala qonmuşdu.
Baba dəryazı yerə qoydu. Yadına duşdü ki, Elşad “r” əvəzinə bəzən “l” deyir. Elşad “arı” əvəzinə, “ayı” demişdi.