Mənsur miniatür
Vətən haqda yazanlar ürəyini ağ vərəqə boşaldır. Yazıları ilə sanki Vətəni qucaqlayır, qələmi ilə başını darayır, sığallayır, onu qucaqlayır, öpür.
Qoy bütün redaktorlarımız, korrektorlarımız məni bağışlasın, mən onların qaydasını pozub, hər yerdə Vətən sözünü böyük hərflə yazıram. Başqa cür bacarmıram. Əlim gəlmir Vətəni kiçik yazam. Axı Vətəni necə kiçik yazmaq olar? Bəlkə bu qaydanı dəyişək? Bilmirəm, mən Babanı, Nənəni də böyük hərflə yazardım, Atanı da, Ananı da… Amma qaydalar var. Səsimə səs verin, gəlin, bəzən yazılmış qaydaları pozaq, onların yerinə yazılmamış qaydaları qoyaq!
Qayıdaq Vətəndən başlayaq! Qış aylarında Vətəndən lap çox yazmaq istəyirəm. Bilmirəm niyə? Bəlkə də bu istək “20 Yanvar” və ya Fevral ayında baş vermiş “Xocalı” adlı yaramızdan sızıldayıb gəlir?!
Heç bir mövzudan yazmaqda çətinlik çəkmirəm. Hələ uşaqlıqdan sərbəst inşa yazanda Vətən mövzusunu seçərdim, yorulmadan vətəndən yazmağı xoşlayardım. Amma 20 Yanvardan, Xocalıdan sonra Vətəndən yaza bilmirəm. Əllərim əsir, ürəyim titrəyir...
Nə ağırmış Vətən yarası. Heç sağalmır. Vətənim bu qış aylarında elə yaralanıb ki... Çətin yaraları sağala... Caaan Vətən, Can!
Yüz dəfə, min dəfə Sənə “can” desəm də, dilim qabarı sağalar, ürəyim qabarı sağalmaz! Yaram çox dərindədir. Elə dərindədir ki, orda əsrlərin də işgəncəsi var.
Caan Vətən! Nə qədər gözəlləşirsən, nə qədər böyüyürsən, baxıram sənə fərəhlənirəm, amma ürəyimin tarixdən gələn sızıltısı elə hey göynəyir, heç sağalmır.
Amma illərdir ki, dünyanın ən qüdrətli, ən güclü dövlətlərinin də “Haqq, ədalət” kəlmələri dillərindən düşmür. Ən çox düzgünlükdən danışanlardı dünyanın əyriləri də, oğruları da qatilləri də... Düşmən də bu sükutdan sevinir.
Unutmasın düşmən! Bir gün haqq yerini tapacaq. Ədalət zəfər çalacaq. Müharibəni başlayanların da, onları qızışdırıb, qırğınlara fitva verənlərin də səsi batacaq, onların hamısı nifrətlə lənətlənəcək.
Sənin isə yenə üzün güləcək, Vətən! Sən ləkəsizsən, təmizsən! Çünki camaatının təmiz nəfəsindın nəfəs alırsan. Xainlikdən uzaq, riyakarlıqdan iraqsan. Sənin xoş xislətli, ləyaqətli insanların, ölməz və unudulmaz şəhidlərin var! Sən zəfərə və xoş gələcəyə layiqsən, Vətən!
Müəllif: Gülzar İbrahimova
Zəfər günündən əvvəl yazılıb