Anam incidi məndən
Dedi “Yaman tənbəlsən!”.
Qaşqabağını tökdü,
Deyəsən məndən küsdü.
- Amaaan, necə olacaq,
Anam mənimlə daha,
Heç vaxt barışmayacaq?
Qucaqlayıb gecələr,
Nağıl danışmayacaq?
Birdən yaman kövrəldim
Bilmədim ki neyləyim
- Bağışla ana, deyib,
Anamı qucaqladım,
Çox narahat oldum mən,
Anam dilləndi birdən:
- Gəl, çayını iç, dedi!
Hələ üstəlik mənə,
Bir şokolad da verdi.
Mən səhvimi anladım,
Oyuncaqları yığdım:
- Afərin, - dedi anam, -
- Mənim ağıllı balam!
Sonra da qucaqlayıb,
Məni bağrına basdı!
Üstəlik mənə qəşəng,
Bir nağıl da danışdı.
Müəllif: Gülzar İbrahimova