Günəşli xalçanın sirri  

(nağıl)

Biri vardı, biri yoxdu, İran məmləkətinin qədim Təbriz xanlığında Məhbubə adlı bir xalçaçı qadın var idi. Məmləkətdə onun kimi gözəl xalça toxuyan yox idi. Elə ki, xalça hazır olardı, Məhbubə onu əri Daşdəmirə verərdi ki, aparıb satsın, evə bazarlıq eləsin. Daşdəmir də yalançı, fırıldaqçının biri idi. Xalçanı ya itirər, ya batırardı. Buna görə də onlar çox kasıb dolanardı. 
Onların Gülçiçək adlı göyçək, mehriban qızları var idi. Ana xalça toxumağı ona öyrədirdi.  Sehrli hanada xalça toxumaq asan deyildi. Hana Məhbubəyə nənəsindən qalmış, nənə demişdi:
-    Hananı sənə vəsiyyət edirəm, sənə verirəm! Bu hananı satmayasan, atmayasan, üstünü xalçasız qoymayasan. Dediyim şərtlərə əməl eləsən, xalçan sehrli olacaq.
-    De, nənə, əməl edərəm!
-    Həmişə xovlu xalça toxu, ortasına Günəş qoy. Hanaya oturanda pəncərə qarşısına qabda su və dən qoy. Sən toxuyanda quşlar dəni yesin, suyu içsin. Hazır xalçanı Günəşin altında isit, sonra bük, 40 gün, 40 gecə qaranlıq yerdə saxla. Onu pis nəfəsli, qara qəlbli adamlardan qoru. Kiməsə hədiyyə etmək istəsən, ver. Kasıb olsan belə, xalçanı ürəyindən keçən kəsə ver. Yaxşı tanımadığın adamı hanaya yaxın buraxma!
Məhbubə həmişə bütün şərtlərə əməl edirdi, bircə xalçanı Daşdəmirə verəndə xalça ya itir, ya batır, ya da fırıldaqçının biri xalçanı alır, pulunu get-gələ salıb, vermirdi. Neçə dəfə Məhbubə istəmişdi özü bazara getsin, Daşdəmir qoymamışdı.
Onlar  gündən-günə kasıblayırdı. Bir xalça da çox gec hazır olurdu. 
Axırıncı dəfə Məhbubə xalçanı toxudu Daşdəmirə verdi ki, aparıb satsın. Axşam nə qədər gözlədilər, Daşdəmir qayıtmadı. 
Bəziləri dedi xalça üstündə dava düşüb, iki quldur dalaşanda qılınc ona dəyib. 
Məhbubə ağladı, sızladı, onlar yenə kasıb qaldı. Amma Məhbubə həvəsdən düşmədi, yenə başladı xalça toxumağa. Bu dəfə o, Gülçiçəyə də xalça toxumağı öyrətmək istədi. Amma, Gülçiçək öyrənə bilmədi. Çünki, o Günəşlə birgə yuxudan durmalı idi. Balaca qızın isə gözləri yumulur, yatmaq istəyirdi. Məhbubə buna görə qızına acıqlanmadı:
-    Hələ yaşın azdır, bir gün öyrənəcəksən, - dedi. – Otur yanımda, əllərimə bax! 
Nağıl dili yüyürər, yüyürər, zamanı ötüb keçər, deyərlər. İndi də belə oldu, vaxt gəlib yetişdi, Məhbubə yenə gözəl bir Günəşli xalça toxudu.  
Elə ki xalça hazır oldu Məhbubə onu Günəşin qızmar vaxtında yerə açdı. Gözlədi o vaxta qədər ki, xalça əməlli-başlı isindi. Sonra evə gətirib qaranlıq yerə qoydu.
Qırx günün tamamında xalçanı götürəndə divarın küncündə hörümçək toru görüb qızına dedi:
-    Qızım, bazara gedirəm, bu hörümçək torlarını alarsan.  
-    Yaxşı ana, təmizlərəm!
Məhbubə xalçanı vurdu qoltuğuna, yollandı bazara. Yol, xan sarayının qarşısından keçirdi. Qoy Məhbubə yolunu getsin, mən sizə xandan danışım.  
İran məmləkətinin qədim Təbriz xanlığında bir Arslan xan var idi. Arslan xan həmişə camaatının qayğısına qalar, məmləkəti ədalətlə idarə edər, camaat da onu sevərdi. Arslan xanın arvadı da yaxşı xanım idi. Kim əl açıb ondan kömək istəsəydi, mütləq ona yardım edərdi. 
Məhbubə xan sarayının yanından keçəndə fikirləşdi: “Xalçanı aparıram bazara,nə bilirəm onu alan yaxşı adam olacaq, yoxsa pis. Pis adam olsa, xalça yenə məndən inciyəcək, yenə kasıb qalacağıq. Yaxşısı budur, nənəmin vəsiyyətinə əməl edim, xalçamı ürəyimdən keçən adama –  xana hədiyyə edim”. 
Məhbubə xan sarayının yanında ayaq saxlayıb elçi daşının üstündə oturdu. Soruşdular:
-    Nədənsə ehtiyacın var?
-    Yox, xana xalça payı gətirmişəm! 
Xalçanı ondan aldılar, baxdılar, xoşlarına gəldi, əvəzində Məhbubəyə bir torba un, bir torba şəkər, üstəlik yüz qızıl da pul verdilər. 
Məhbubə qızılı qaytarıb dedi:
-    Xalçanı satmıram, ürəyimdən keçib deyə, xana hədiyyə gətirmişəm. 
-    Sağ ol, dedilər, - Xanın əvəzindən minnətdarlıq edib, onu yola saldılar. Rəiyyəti xanı sevirdi deyə, ona hər yandan sovqatlar gətirirdilər. Arslan xanın vaxtı olmurdu ki, hamısına baxsın. 
Məhbubə isə xalçadan pul qazanmasa da, onun pis adamların əlinə keçmədiyinə görə sevindi. Həm də nənənin vəsiyyətinə görə əgər xalçanı kiməsə hədiyyə vermək könlündən keçmişdisə, mütləq verməliydi. 
Məhbubə evə qayıdanda yolda qarşısına cındır paltarlı, dilənçiyə oxşar bir qadın çıxdı. Yanında balaca qızı da vardı. Uşaq da çox kasıb geyinmişdi. Qadın dedi:
-    Acından ölürük, bizə yeməyə bir şey verməzsən?
-    Verərəm, əlbəttə, verərəm. – Deyib yeməlilərdən bölüb onlara da verdi. 
-    Un istəmirəm, qadın dedi. Bişirməyə ocağım yoxdur. 
Məhbubə çox pis olub dedi:
-    Bizim yaxınlığımızda bir sahibsiz, yarıuçuq daxma var, istəsən, gəl oranı düzəldək, qal orda, çörəyini də bişir.
Qadın sevincək razılaşdı. Gəlib yığışdı həmin daxmaya. Məhbubə olanından ona yorğan, döşək də verib dedi:
-    Hələ öz qızıma öyrədəndə sənin qızına da xalça toxumaq öyrədərəm.  
-    Nə yaxşı sənə rast gəldim, çox yaxşı adamsan! Sənə bacı olacağam. Söz verirəm. 
Aradan üç gün keçmişdi ki, xan adamları gəlib Məhbubəni saraya apardılar.  Məhbubə qorxa-qorxa fikirləşdi: “Aman Allah, mən nə günah etmişəm, Arslan xanın qəzəbinə gəlmişəm?”.
Xanın hüzurunda qorxudan başını qaldırmadı da...
Xanın arvadı dedi: 
-    Ey gözəl qadın! Səni xanın hüzuruna xoş ruhla dəvət etmişik. Eşit və bil! Xan, mən və oğlum artıq neçə illərdir elə bir azara tutulmuşuq ki, gecə səhərə qədər soyuqdan tir-tir əsir, isinmirik. Neçə soba yandırsalar da, yatağımız buz kimi soyuq olur. Ötən gecə, sənin pay verdiyin Günəşli xalçanı xanın altına sərdilər, o gecə səhərə qədər rahat yatıb.
-    Allah xanın köməyi olsun, taxtını, baxtını uca eləsin! Xalçanı bəyənməyinizdən şad oldum! – Deyə Məhbubə sevindi. 
Arslan xan dedi:
-    Məni bu azardan qurtardığına görə bu qadının nəyə ehtiyacı varsa, onu verin, üstəlik xəzinəmdən ona min qızıl da verin!
Ona bəxşiş verib yola saldılar. Məhbubə sevincək evinə gəldi. Şadyanalıq elədilər. 
Səhər Məhbubə gördü ki, yenə küncdə hörümçək toru qalıb, Gülçiçəyə dedi:
-    Sənə demişdim divardan hörümçək torunu yığışdır, deyəsən yadından çıxıb. Eybi yox, səhər yığışdırarıq.
-    Yadımdan çıxmayıb, ana! Gördüm torun üstündə üç bala hörümçək var, ürəyim gəlmədi yuvalarını dağıdım. Nə olar, sən də dağıtma, qoy rahat yaşasınlar. 
-    Yaşasınlar!
 Aradan bir neçə gün keçdi. Arslan xanın adamları gəlib Məhbubəgilin evlərinə yaxın bir yerdə, çay kənarında ev tikməyə başladılar. 
Ev tikilən kimi Məhbubə ilə qızını həmin evə köçürtdülər.  Məhbubə sevindiyindən fəsəli bişirib qonşulara payladı. 
Sonra yenə bir müddətə də bir xalça toxuyub Arslan xanın arvadına bağışladı. Xan oğluyə də xalça toxumağa hazırlaşanda, başına müsibət gəldi. 
Beləəəə...
Məhbubə Nənəxanımla qonşu olandan sonra onlar mehribanlaşdılar. Yemək, içmək, demək, gülmək, şənlənmək... Qızları da yaşıd idi deyə, sözləri tuturdu. 
Bu o vaxta qədər davam elədi ki, Arslan xan Məhbubəgilə ev tikdirdi. Nənəxanım gəldi təzə evə, əllərini belinə qoyub, hikkələndi:
-    Xanın ədalətinə bax! Ikimiz də yaşıdıq, ikimiz də kasıbıq, ikimiz də yetimə baxırıq, birimizə saray tikib verir, o birimiz uçuq daxmada acından ölürük! 
-    Bacı, “mübarəkdir”, de. Bura həm də sənin evindir!
-    Demirəm, bu haqsızlıqdır! Allah da bunu götürməz! 
-    Sakit ol, siz də gəlin, bizimlə qalın!
-    İstəmirəm, lazım deyil!
-    Onda, köç mənim əvvəlki evimə!
-    Lazım deyil mənə köhnə ev! 
Sən demə, Nənəxanım çox pis və paxıl imiş. Elə ki, xan Məhbubəgilə ev verdi, paxıllığından az qaldı ürəyi partlasın. O gündən saraya ayaq dödü ki, ona da ev tiksinlər. Görəndə bu mümkün deyil, başladı fürsət axtarmağa ki, Məhbubəgilin evinə sahib olsun. Oldu da... Necə? Qoy, danışım necə...
Ev alanda Məhbubəni acılasa da sonradan Nənəxanım dəyişib, çox mehribanlaşdı. Gülçiçəyin də, qonum-qonşunun da yanında özünü Məhbubəyə bacı kimi göstərdi. Sonra bir gün çay kənarında gör neylədi...
Nənəxanım və Məhbubə çayda paltar yumağa getmişdilər. Nənəxanım baxanda uzaqdan gördü ki, iki dağın arasından tozanaq qopdu. Bildi ki, sel gəlir. Paltarını çayın ortasına atıb dedi:
-    Ay, donumu su apardı, bacı, tez onu qaytar, ayağım ağrıyır, suya girməyim. 
Məhbubə paltarı götürüb qayıdırdı ki, sel onu haqladı. Nənəxanımın əlində paltarı döyəşləmək üçün qalın və uzun dəyənək var idi. Məhbubə qışqırdı:
-    Kömək elə, sel məni aparır!
-    Neyləyim, girim suya, məni də aparsın...
-    Yox, dəyənəyi mənə uzat!
-    Yaxşı! – deyib, Nənəxanım dəyənəyi Məhbubəyə uzatdı. Amma kömək etmək əvəzinə, dəyənəklə onu bərkdən itələdi çayın ortasına. Elə ki sel onu apardı, ondan sonra hay-həşir qopardı:
-    Vay, evimiz yıxıldı, Vay Gülçəçəyimiz yetim qaldı! – Deyib qışqırdı...
Nənəxanım əlindən gələni elədi ki, Məhbubənin evi ona qalsın. Elə qaldı da...
Gülçiçək əvvəl-əvvəl Nənəxanımı özünə ana bildi. Amma sonra ögey ananın pis üzü yavaş-yavaş açıldı. 
Qızı  Nənəgül günortaya qədər yatdı, Gülçiçəyi isə səhər açılmamış oyatdı. Öz qızı qatığın qaymağını yedi, Gülçiçək suyunu, öz qızı ən gözəl paltarını geyib-gəzdi, Gülçiçək yamaqlısını. Söyülüb-döyülən də Gülçiçək oldu, iş görən də, artıq-urtuq yeyən də..., Öz qızı yedi, yatdı, Gülçiçək isə həyət-həyət gəzib, gül-çiçək satdı. 
Nənəgül yatdıqca şişir, kifirləşir, Gülçiçək gül satdıqca gülə dönüb, çiçək açırdı. Beləliklə, qızlar böyüyüb gənc yaşa çatdılar. 
Bir gün Arslan xanın carçıları car çəkdi:
-    Kim Xan oğluyə üstündə Günəş rəsmi, xovlu xalça toxusa, Arslan xan ona özü ağırlıında qızıl verəcək! 
Əmri eşidən kimi, Nənəxanım dedi:
-    Eşitdin, xan nə əmr edib. Bu gündən heç yerə getmə, anan kimi Günəşli, xovlu bir xalça toxu, verək xan oğluna, əvəzində bizə qızıl versin!
-    Axı mən heç xalça toxumamışam!
-    Toxuyarsan, yoxsa səni salaram anbara, ağzını qıfıllaram! Əlacın kəsilər, toxuyarsan! Nə vaxta qədər küçələrdə gül satıb, qara qəpik gətirəcəksən?    
Belə deyib, Nənəxanım qızı saldı yarıqaranlıq anbara. Hananı qoydu qarşısına, qapını arxadan bağladı. 
Gülçiçəyi yarıqaranlıq anbarda qoyaq,  çıxaq görək, bayır-bacaqda nə baş verir...
Xan car çəkdirən kimi “Günəş rəsmli xalça toxunsun”, bütün xalça toxumağı bacaran da, bacarmayan da, hamı başladı xalça toxumağa. 
Xan oğlu ən gözəl xalçaların üstündə yatdı, onları yoxladı. Xalçanın üstündə yatanda onun titrəməsi kəssə idi, çoxlu qızıl verib həmin xalçanı alacaqdı. 
Amma hələ ki, belə xalça yox idi. Nənəxanım hər gün anbara girir, Gülçiçəyə qışqırır, onu tələsdirirdi. Gülçiçək isə sürətlə toxuya bilmədiyindən xalça gec başa gəlirdi. Nənəgül onu acıladı:
-    Sabahdan xalçanı əməlli-başlı toxumağa başlamasan, anbarın qapısı bağlı qalacaq, acından öləcəksən.
Anası və qızı Gülçiçəyi acılayıb anbarın qapısını bağladılar. Gülçiçək bilmirdi neyləsin. O, ağlayıb yuxuya getdi və bir də ayıldı ki, hörümçəklər sıra ilə düzülüb xanaya, onu toxuyurlar. Hörümçəklər xalçanı o qədər toxumuşdular ki, az qalırdı qurtarsın. Qızın ağzı açıla qaldı. Xalça o qədər gözəl idi ki, eynən anası toxuduğu xalçaya oxşayırdı.  
-    Sağ olun, Sehrli hörümçəklər, siz yəqin mənim torunu dağıtmadığım hörümçəklərsiz. Mənə yaxşılıq etmək istəmisiz. 
Səhər Nənəxanımla Nənəgül Gülçiçəyi tələsdirmək üçün anbara girəndə gözlərinə inanmadılar. Xalça hazır idi. Sevindilər. Gülçiçək dedi:
-    Onu Günəşdə isidib, qırx gün qaranlıqda saxlamaq lazımdır. 
-    Dəli olmusan? – deyib Nənəxanım qışqırdı. Qırx günə, qırx xalça toxuyub xan oğluna verəcəklər, ənamı alacaqlar. 
-    Anamı hirsləndirmə! Xalçanı bük, ver bizə! – deyib Nənəgül də ona ağız büzdü. 
Nənəxanım geyindi-geçindi, qızını da bəzədi-düzədi, xalçanı götürüb saraya getdi. 
Xan oğlu  gecə xalçanın üstündə yatdı. Amma səhərə qədər isinə bilməyib, titrədi. Səhər xalçanı sahibinə qaytardılar. 
Nənəxanım hikkəsindən xalçanı Gülçiçəyin üstünə atıb qışqırdı:
-    Xalçanı elə eybəcər toxumusan, heç nəyə yaramadı. 
-    Onu Günəşə vermək lazım idi.
-    Sərsəm danışma, xalçanı. Günəşə ver, Aya ver, neyləyirsən elə, gözüm səni görməsin!
Gülçiçək ağlaya-ağlaya xalçanı aparıb günün altında sərdi. Sonra yaxşı-yaxşı bükdü. Qırx gün, qırx gecə qaranlıqda saxladı. Sonra onu saraya apardı. 
Xan oğlu həyətdə at çapırdı. Gülçiçəyi görəndə qızdan çox xoşu gəldi, soruşdu:
-    Gətirdiyin xalçanı sən toxumusan?
-    Hana açdım, toxumağa başladım, bir az toxuyandan sonra yoruldum, yatdım dincimi alım, ayılanda gördüm ki, hörümçəklər daraşıb xalçaya, onu toxuyurlar. Məni görən kimi qaçıb getdilər, mən də gerisini toxudum. 
Xan oğlu  güldü, elə bildi qız zarafat edir. 
-    Xalça xoşuma gəlsə, dərdimə əlac eləsə, sənə şad xəbərim olacaq!
Səhər carçılar şeypur çalıb car çəkdilər: 
-    Eşidin, bilin! Xan oğlu istədiyi xalçanı tapdı, onu toxuyan qızla evlənəcək!
Xəbər Nənəxanıma çatan kimi, Gülçiçəyi anbara salıb qapını qıfılladı. Nənəgülü isə bəzədi, saraya yollandılar. Xanın hüzuruna gəlib dedi:
-    Xan sağ olsun, əmri eşidib gəldik! Xalçanı mənim qızım toxuyub!
-    Axı, mənim gördüyüm qız başqa idi, - Xan oğlu qızı süzüb, peşiman-peşiman dedi. 
-    O mənim bacılığımdır. Xalçanı mən toxumuşam, yorulmuşdum deyə, onunla yolladım! – deyə Nənəgül yalan uydurdu.
-    Xan əmri bir dəfə verir! Əmr çıxıbsa, xalçanı toxuyanla evlənməlisən, deməli evlənməlisən! Xanın əmri dəyişməz! – Arslan xan hökmlə dedi.
Xan oğlu kor-peşman razılaşdı. Toy tədarükü gördülər. Gəlini bəzəyib bəy taxtına yaxın gətirdilər. Toyda Xan oğlu bikef-bikef oturub Gülçiçəyi fikirləşdiyi vaxt ağ paltarlı, ağ çadralı bir qadın yaxınaşıb qulağına pıçıldadı:
-    Xan oğlu, kefini pozma, iki hana gətirt, bacılardan hansı xalça toxuya bilsə, onunla evlən! 
Xan oğlu sevincək ayağa qalxdı. Çadralı qadının dediyi ürəyindən oldu. O, özü də inanmırdı ki, üzündən axmaqlıq  yağan bir qız, bu gözəllikdə xalçanı toxuya bilsin. Toy evinə iki hana gətirtdi. Birinə Gülçiçəyi, o birinə Nənəxanımı oturtdu. Gülçiçək az vaxtda xalçanı bir neçə sıra toxudu. Nənəxanım isə heç nə edə bilmədi. Anası Nənəgülün qulağına nəsə pıçıldadı.
-    Mən toy günümdə xalça toxuya bilmirəm. Sevincliyəm deyə, əllərim əsir. Sabah toxuyaram! – Deyib Nənəgül qışqırdı. 
Xan oğlu başa düşdü ki, Nənəgül yalan danışır. Anası xalçanı Nənəgülə göstərib soruşdu:
-    Bu xalçanın adı nədir, toxunuşu nədir, deyə bilərsən?
Nənəxanım cavabı bilmədi. Gülçiçəkdən soruşan kimi o dedi:
-    Günəşli, xovlu xalçadı.
-    Afərin! – Dedi, xanım. – Xalçanı toxuyan bu qızdır! 
Arslan xan dedi:
-    Həqiqət budursa, yalan danışanlar cəza almalı, oğlumuz isə Gülçiçəklə evlənməlidir. 
Xan belə deyəndə Nənəxanım cəlladın yanındakı qılıncı qaldırıb, istədi ki, Gülçiçəyi vursun, bir ağ paltarlı qadın onun biləyindən tutub qollarını elə sıxdı ki, qılınc yerə düşdü. 
Nənəxanımı və qızını zindana saldılar.  Arslan xan oğlunun razılığını alandan sonra Gülçiçəkdən soruşdu:
-    Qız, xan gəlini olmaq istəyirsən?
Gülçiçək utanıb başını aşağı saldı. Utana-utana yavaşca dedi:
-    Çox sevinəm, xan. Amma biməsəm ki, ağ çadralı qadın kimdir, nigarançılıqdan sevinə bilmərəm!
Xan üzünü ağ çadralı qadına tutub soruşdu:
-    Kimsən, sən, ey qadın, üzünü niyə bağlamısan?
Çadralı qadın dedi:
-    Zindana atdığınız o qadın bir vaxt məni selin içərisinə itələyib, suda boğmaq istəyib. Indi də qızımı öldürmək istəyirdi. Məni bir balıqçı xilas elədi. Sonra ayaqlarım tutuldu, yeriyə bilmədim, yaddaşım pozuldu, evimin yerini unutdum, gözlərim nurdan düşdü deyə, balamın yanına gələ bilmədim. Sağalan kimi gəldim Nənəxanımın pis əməllərini açıb ortaya çıxartmaq üçün çadrada gizləndim. 
Qadın çadrasını açanda, gördülər ki, bu xalçaçı Məhbubədir. 
-    Ana, - qışqırıb Gülçiçək onun qucağına atıldı. 
Əsl toy-bayram oldu. Mən də toyda idim. Yedim, içdim, sonra da ovcuma həna yaxıb, yallı getdim. Pisləri yamanladım, yaxşılara dua etdim. Duanı yelə verdim, bütün yaxşılara göndərdim. 

 

       Nağılçı: Gülzar İbrahimova