(nağıl)
Biri vardı, biri yoxdu, Qarabağ adlı gözəl bir diyar vardı. Bu məmləkət elə gözəldi, elə səfalı idi, gözəlliyinin sorağı dünyaya yayılmışdı.
Bu mahalda Buta adlı on dörd baharlıq gözəl bir qız yaşayırdı. Buta elə gözəldi, elə gözəldi, söz axtarıram deyəm necə gözəldi, saz axtarıram çalam, qızın gözəlliyinə mahnı qoşam...
Qız meşənin yaxınlığında kasıb bir komada yaşayırdı. Hər səhər komadan çıxanda quşlar gözəlliyinə tamaşaya gələr, səs-səsə verib, ona mahnı oxuyardılar. Özü də o qədər mehriban idi, heyvanları, quşları o qədər sevirdi... Səhər oyanan ceyranlar, cüyürlər, dovşanlar, quşlar, gözəlin dövrəsinə yığışar, ayağına dolaşardılar.
- Buta çaya, su gətirməyə gəlib, gəlin onun tamaşasına! – yəqin ki belə səslənər, deyər, çaydakı balıqlar gözəlin tamaşasına üzüb gələrdilər.
- Tez gəlin, Buta bulaq başına su içməyə gəlib! – Yəqin ki, belə deyib quşlar, kəpənəklər qızın başına dolanardı.
Kimsəsi olmayan yetim qız, meşənin kənarında, kasıb komada, təkcənə yaşayırdı. Camaat istəmirdi ki, yeniyetmə qız meşə yaxınlığında komada tək-tənha qalsın. Nə qədər deyirdilər, gəl kənddə qal, razılaşmırdı:
- Heyvanları sevirəm, onlardan ayrı qala bilmərəm, - deyirdi.
Bircə ovçu Dadaşın Butadan xoşu gəlməzdi:
- “Qız, bu gecə tulkuyə tələ qoymuşdum, nə səbəbə açmısan?”, Gecə dovşan yuvasını ağzına daş qoymuşdum, çıxıb qaçmasınlar, niyə götürmüsən daşı?”, “Dünən qaranquş beşinci yumurtasını, yumurtladı. Ağaca çıxa bilmədim, yumurtaları götürüm. Əlim də çatmadı. Bu gün pilləkən gətirmişəm, yumurtaları götürəm, onları niyə gizlətmisən?
Buta ovçunun sözünə baxmaz, heyvanları qoruyardı. Qız neyləsəydi ovçu Dadaş qəddarlığından əl götürməzdi. Buta hər dəfə bir bəhanə ilə ovçuya yalvarar, heyvanları onun əlindən qurtarmağa çalışardı. Hər dəfə meşədə ovçunu izləyər, hətta zəhərli ilanı da öldürməyə qoymazdı. Hər dəfə ona bir cür mane olardı.
Ovçunun qəddarlığından, zalımlığından canavar qaçıb itərdi, ayı mağaraya girərdi, dovşan yer qazıb, yerə girər, porsuğun yanında gizlənər, tir-tir əsərdi.
Bir gün ovçu Dadaş ov zamanı gözəl marala rast gəldi. Onu şaha aparsaydı, kim bilir nə qədər bəxşiş verəcəkdi. Amma Buta ona mane olurdu. Ovçu neçə gün əziyyət çəksə də, maralı ovlaya bilmədi. Yuva qaya mağarasında elə yerdə idi, ovçu ora dırmaşa bilmədi. Ona görə gecə-gündüz maralı güddü. Elə ki, maral yuvadan aralandı, nişan aldı, maral qaçıb getdi, girdi Buta qalan komaya. Ovçunun ovu boşa çıxdı, dilxor oldu. Buta gördü maral hər gün yanına qaçır, hər şeyi başa düşdü, ovçu ilə savaşdı:
- Ovçu, sənə nə edib bu günahsız heyvan, gününü qara eləmisən onun? Əl çək maraldan! Bəlkə yuvasında körpə balaları var, yolunu gözləyir? Oxu yığışdır, o mənim maralımdır!
- Meşədə hansı heyvanı nişan alıram, deyirsən mənimdir. Səndən şaha, saraya şikayət eləyəcəyəm!
- Mən də deyəcəyəm, heyvanlara zülm eləyirsən! İlanın zəhərini çıxarıb satırsan, sat! Özünü niyə öldürüsən, qoy sürünüb getsin, yazıqdı.
- Meşəbəyi qoyublar səni? Get işinə!
- Yazıqdı tülkülər, ay ovçu Dadaş! Onları tutma! Ətləri də yeməli deyil, yeyəsən!
- Onların mənə dərisi lazımdı. Dəriləri bahalıdı.
- Neçə Tülkü, neçə dovşan tutmusan, neçə ananı, bəlkə də neçə baladan ayırmısan!
- Səni heyvanlara şah qoymayıblar, get işinə!
- Yalvarıram sənə, ay ovçu Dadaş!
- Kiri qız, kiri, danışma! Ov edirəm, mane olma!
Ovçu Dadaş bilmədi nə yol axtarıb-tapsın ki, maralı ovlasın. Axır bir gün getdi bulaq başına. Elə ki uzaqdan gördü qız gəlir bulaq başına, suya bihuşdarı töküb gizləndi.
Buta hər şeydən xəbərsiz gəlib sərnicini su ilə doldurdu. Su içib qayıdanda huşunu itirib yıxıldı.
Gəl, insafdan da olmasa, Butanı bulaq başında huşsuz qoyaq, görək ovçu neylədi. Maralı tapıb ovlaya bildi, yoxsa yox...
Elə ki ovçu gördü Buta huşunu itirdi, sevincək komaya qaçdı ki, maralı ovlasın. Maral komada yox idi. Amma içəri girəndə gözləri qamaşdı. Maral yadından çıxdı. Bu balaca daxmada xanaya elə gözəl xalça salınmışdı, gözəlliyinə iki göz lazımdı tamaşa eləsin. Xalının hər küncü bir rəngə çalırdı. Rənglər də bərq vurub Günəş şöləsi saçırdı. Ortasına göl şəkli salınmışdı. Gölün ətrafında marallar, ceyranlar gəzişir, ortasında isə bir cüt qu-quşu var idi. Qu-quşular başlarını bir birinin ciyninə qoyub yatmışdılar. Xalça elə gözəl idi, sanki sehrli nağıla bənzəyirdi. Tam toxunmamışdı deyə, hələ kəsilib yerə salınmamışdı.
Ovçu xalçaya o qədər baxdı, o qədər baxdı, onu nə vaxt yuxu tutdu, yatdı, bilmədi. Bir də yuxuda gördü, şəkildəki qu quşları onu dimdikləyib oyadırlar: “Qalx, oyan, yatma, xalı hələ toxunub başa çatmayıb!”. Ovçu başa düşdü ki, xalça sehrlidi. Qorxub evə qaçdı.
Bu vaxt Buta da ayılıb komaya qayıtdı. Bulağa bihuşdarı qatıldığından xəbər tutmadı:
- Aman, nə olub mənə? Axşama qədər yatmışam. Allah bilir bu vaxta qədər ovçu Dadaş heyvanların başına nə oyun açıb?
İndi də Buta komaya qayıtmaqda olsun, görək məmləkətin şah sarayında nələr baş verir? Məmləkətin çox ədalətli, nurani bir şahı vardı. Həmişə el-oba camaatının qayğısını çəkərdi. Amma şah özündən sonra kimin şah olacağı haqda çox fikir çəkərdi. Bir gün ovdan qayıdanda şahın yeganə övladı ağır xəstələnmişdi. Şahzadə gecə-gündüz oyaq qalar, gözünə yuxu getməzdi. Bütün günü uzanar, yemək verməsəydin, yeməz, danışdırmasaydın, danışmazdı. Dərdinə nə qədər dərman axtarmışdılar, tapa bilməmişdilər. Oğlunun fikri şahın belini əymişdi. O, həmişə balasını dərdən necə qurtarmaq haqda düşünürdü.
Bir gün fikirli-fikirli yuxuya gedən şah yatıb yuxuda gördü ki, qarşısında yerə gözəl bir bir xalça salınıb. Xalçanın ortasında göl var. Gölün ortasında iki qu-quşu rəsmi çəkilib. Birdən qu-quşulardan biri insan kimi dil açıb danışdı:
- Eşit, şah! Biz bir birimizi çox sevirdik. Sənin oğlun bir gün ox ilə nişan alıb sevgilimi vurub öldürdü, ətini də yedi. Bizi bir-birimizdən ayırdı. Elə o vaxtdan xəstələndi. Mən o vaxtdan tək qaldım. Ahım oğlunu tutdu. Amma bir xalçaçı bizim əksimizi xalıya toxuyandan sonra kinim-küdurətim azaldı. Sənin çox fikir çəkdiyini görürəm və peşmanam. “Atanın nə günahı”, deyib oğlunu sənə bağılayıram. Amma bil ki, oğlunu sağaltsa üstünə bizim bax bu xalçadakı qoşa əksimiz toxunmuş Qarabaq xalçası sağaldacaq. Onun üstündə uzanan kimi qaçmış yuxusu yerinə qayıdacaq.
Şah yuxudan oyanan kimi qərar verdi:
- Eşidin bilin! Xalçasının üstündə göl şəkli olan, gölün içərisində iki qu-quşu şəkli olan xalı kimdə varsa, şah onu özü ağırlığında qızılla dəyişəcək!
Bütün məmləkət bir-birinə dəydi. Amma tərslikdən Buta bu xəbərdən xəbərsiz idi. Acgöz ovçu Dadaş bu xəbəri eşidən kimi barmağını dişlədi. Tez qaçıb gəldi, Buta yaşayan komaya. Qız komadan bir az aralanan kimi xalını oğurladı. Evinə aparıb kəsdi, yerə saldı, bükdü, bükmələdi, şaha apardı. Şah söz verdiyi kimi Dadaşa özü ağırlığında qızıl verdi. Dadaş qızılları evinə aparıb saymaqda olsun, görək, xalça şahzadəyə necə kömək elədi...
Şahzadıni xalçanın üstünə uzatsalar da, yenə yata bilmədi. Xalçanın ona köməyi olmadı. Şah da onunla bərabər səhərə qədər yatmadı. Səhər özünü saxlaya bilməyib yuxuya gedən kimi belə yuxu gördü. Yuxuda həmin Qu-quşu yenə yuxusuna girib dedi: “Tələsmə, şah! Bu xalı toxunub başa çatmayıb!”.
Şah oyanıb fikir verdi ki, doğrudan da xalça tam toxunmayıb. Onun bir tərəfində saçaqları vardı, o biri tərəfi saçaqsız idi. Tez xalçanı ovçuya qaytardıb dedi:
- Apar, xalçanı toxutdur, başa çatdır, gətir saraya!
Qarabağ diyarında hamı xalça toxuya bilirdi. Ovçu Dadaşın arvadı, qızı da yaxşı xalça toxuyurdu. Onlar gecə ilə yatmayıb xalçanın balaca bir hissəsini və saçaqlarını toxuyub qurtardılar. Amma toxuduqları hissə xalçanın gözəlliyini tamam korladı. Ovçu Dadaş xalçanı aparıb şaha verən kimi xalçanın təzə toxunmuş tərəfi çürük sap kimi ovulub yerə töküldü. Hamı bu işə məəttəl qaldı. Qaytarıb yenə təzədən toxudular, yenə eyni şey baş verdi. Ovçu şahın qəzəbindən qorxub qızılları xəzinəyə qaytardı. Şah yenə elan elədi:
- Kim xalçanı axıra qədər toxuya bilsə, şahdan böyük bir imarət hədiyyə alacaq.
Səhərisi xalça toxumağı bacaran bütün qadınlar, qızlar saraya toplaşdı. Amma onların heç biri xalçanı toxuyub başa çatdıra bilmədi. Hamı peşmançılıq icərisində qaldı.
Oğurluğundan heç kəsin xəbəri olmasa da, ovçu da cəzasız qalmadı. Düz qırx gün, qırx gecə hər gün təzəcə yuxuya gedən kimi yuxuda gördüyü qu-quşu onu dimdikləyib oyatdı:
- Nə yatırsan, apar xalçanı qaytar sahibinə, toxuyub başa çatdırsın!
Ovçu Dadaş gördü, belə getsə, o da şahın oğlunun gününə düşəcək, ona görə qorxudan aparıb xalçanı yerinə qoydu. Əhvalatı olduğu kimi Butaya danışdı. Butanın acgöz ovçuya yazığı gəldi. Onu bağışladı. Xalçanı axıra qədər toxuyub şaha apardı. Şahın oğlu bircə gecə xalının üstündə yatan kimi sağaldı.
Elə istəyirdim deyəm, nağıl da bitdi, göydən üç alma düşdü, ovçu Dadaş təngənəfəs qaça-qaça gəlib dedi:
- Dayan, ay nağılçı nənə!
- Nə olub, başına dönüm?
- Qurtarma nağılını, gözlə, indi gəlirəm!
Gözlədim o vaxta qədər ki...
Ovçu Dadaş qaça-qaça getdi saraya. Xahiş elədi onu şahın hüzuruna aparsınlar. Apardılar. Ovçu Dadaş bütün olanları şaha danışıb dedi:
- İndi şah sağ olsun, hər yatanda Qu-quşu yuxuma girib deyir:
- Get şaha de, sənə oğurluğuna görə yüz şallaq vurdursun. Başına dönüm şah, əmr elə şallağımı vursunlar, çanım bu qu-quşudan qurtarsın!
Şah və Şahzadə doyunca güləndən sonra əmr elədilər, ovçuya yüz şallaq vurulsun. Ovçu Dadaş cəzasını çəkdi, canı Qu-quşudan qurtardı. Bizim də nağılımız burdaca qurtardı. Dedik, vəssəlam, şüdtamam!
Nağılçı: Gülzar İbrahimova