Fatma nənənin sirri


(nağıl)
  
Evdə heç kəs olmayanda da Nərgiz özünə bir maraqlı oyun tapar, darıxmazdı. Bağ onun üçün çox maraqlı idi. Burda qəşıng cücülər, böcəklər var idi. Nərgiz bağda çiçəklərlə, böcəklərlə oynamağı xoşlayırdı. O, böcəkləri tutur, bir az oynadb buraxırdı. Bir dəfə ata-anası işdə idi. Nərgiz bağda tək idi. Nərgiz bir Fatma nənə tutmuşdiu, onunla oynayırdı.

Nərgiz eşitmişdi ki, FAtma nənəni göyə atıb desən ki, "Fatma nənə, get, mənə kimi isə gətir", həmin adam mütləq gələcəkdi. Nərgiz böcəyi sınamaq istədi. O, həm də nənəsi üçün yaman darıxmışdı. Çox istəyirdi ki, nənə də bağa gəlsin.

Nərgiz xeyli qırmızı böcəyin qara xallarına baxdı. Gözəlliyinə tamaşa elədi, sonra onu havaya uçurdub "Fatma nənə, uç, uç" şerini dedi. Bu şeri axşam yatanda anası ona öyrətmişdi:

-Fatma nənə uç, uç!

Fatma nənə qaç, qaç.

Bağa gətir nənəmi,

Nənəm çox sevir məni!

Nənəmçün darıxmışam,

Nə qədər deyil axşam,

Nə olar, Fatma nənə,

Nənəmi gətir mənə!

Nərgiz belə demişdi, az vaxtdan sonra dəmir darvaza döyüldü. Nərgiz qapıya yaxınlaşıb soruşdu:

- Kimsən? Get axşam gələrsən, atam, anam evdə yoxdur. Mən qapını aça bilmərəm.

Bu vaxt qapı arxasından nənənin xoş səsi gəldi:

- Mənim gəzəl balam, mənəm, aç qapını, nənədir!

Nərgiz elə sevindi, elə sevindi... Qapını açıb nənəni qucaqladı. Fatma nənənin sirrini nənəsinə açanda nənə gülüb dedi:

- Bəs sən Fatma nənəyə "Sağ ol", dedin?

- Yox, demədim!

Nənə Nərgizin başını sığallayıb dedi:

- Sənə yaxşılıq edən hər kəsə minnətdarlıq etmək, ona "Sağ ol", demək çooox vacibdir. 

- İndi deyərəm, - deyib, Nərgiz üzünü göyə tutub, var səsi ilə qışqırdı:

- Fatma nənə, çox sağ ol! Nənəmi gətirdin, məni çox sevindirdin!

 Nağılçı: Gülzar İbrahimova