O nədir ki?..
- Salam, İlqar!
- Gəl tapmacalar qoşaq,
Tapmacanın cavabını
Bir-birimizdən soruşaq!
- Nədən olsun tapmacamız?
- Həm meyvə, həm tərəvəzdən,
Həm də başqa bitkilərdən .
- Gəl başlayaq!
- Gəl başlayaq!
***
- Mənə deyərsənmi Nigar -
Meyvələrdən hansıdır,
Hər fəsildə tapılar
Qırmızıyanaq olar?
Yetişəndə saralar,
Bəzən də yaşıl qalar.
Meyvələrin şahıdır
Ağızların dadıdır…
***
- Deyən kimi mən bildim,
Almadır sən dediyin.
Hər fəsildə tapılar
Qırmızıyanaq olar,
O bəzi vaxt saralar,
Bəzən də yaşıl qalar.
Meyvələrin şahıdır,
Ağızların dadıdır!
***
-Qulaq as mənə İlqar
Tapmacamı kim tapar?
O nədir tərsə bitir?
Meyvəsini xəlvətcə
Torpaq altda gizlədir.
Sirrini bizdən başqa
Bir də dovşanlar bilir.
***
- O kökdür, tərsə bitir,
Meyvəsini xəlvətcə
Torpaq altda gizlədir.
Sirrini bizdən başqa
Bir də dovşanlar bilir.
***
- İndi sən söylə mənə
O nədir ki, əyninə
Çoxlu paltar geyinir?
Soyuq dəyməsin deyə,
Qalın şala bürünür?
***
- Nə var bunu bilməyə
O kələmdir, əyninə
Çoxlu paltar geyinir.
Soyuq dəyməsin deyə,
Qalın şala bürünür.
***
-O nədir soyundursan
Hirslənər, acıqlanar
Hikkəsindən hamının
Gözlərini yaşardar
Acısıyla hamını
Zülüm-zülüm ağladar.
***
- O soğandır acıqdan
Paltarını çıxarar.
Acılığı hamının
Gözlərini yaşardar.
Hələ bu azmış kimi,
Hamını da ağladar.
***
- O nədir yaşıl olar
Adına göy deyərlər?
Sanki kim isə onun
Adını çaşbaş salıb.
Rəngləri tanımayıb,
Onu göy adlandırıb?
Yığmaq isətəsən ondan
Bağçaya girməlisən
Dəstə düzəltməlisən
Əgər almaq istəsən,
Bazara dönməlisən.
***
-Dediyin göyərtidir,
Həmişə yaşıl olar.
Hər fəsildə tapılar,
Bazarlarda satılar.
Bilmirəm, niyə ona
Göy-göyərti deyirlər?
Axı o, yaşıl olar,
Dəstə ilə bağlanar.
Yəqin, kimsə də onun
Adını çaşbaş salıb.
Rəngləri tanımayıb,
Onu göy adlandırıb.
***
- O hansı meyvədir ki,
Sevər bütün uşaqlar?
Yeyən üzün turşudar,
Yeməyən məyus olar.
Qaşqabağın sallayar?
***
- O alçadır, turş olar,
Yeyər bütün uşaqlar.
Yeyən üzün turşudar.
Yeməyən məyus olar,
Küsər, üzün turşudar!
Qaşqabağın sallayar.
***
- Bir yumru topum var
Gizlənər sandığında.
Yalnız çəkiclə çıxar
Öz isti otağından.
***
Fındıqdır ki, gizlənər
Qəhvəyi sandığında
Yalnız sındırsan çıxar
Öz rahat yuvasından
***
- Günəşlə birgə oyanar
Günəş rəngində donu var.
Gözəlliyi şəfəq saçar.
Yuxudan oyanan kimi
Günəş ilə salamlaşar.
Bütün günü Günəşlə
Üzbəüzə dayanar.
Gün batan kimi onun
Sarı rəngi saralar.
Peşman-peşman durub
Sakitcə yerə baxar?
***
- Günəbaxan duran tək
Başın göyə qaldırar.
Günəşlə bir oyanar,
Günəşlə salamlaşar
Günəş göydən enəndə
Nədənsə qəmgin olar.
***
- Mən bir sarışın qızam
Gözəllik ulduzuyam.
Saçlarımı dararam,
Naz ilə nazlanaram
Yaşıl rəngli donum var.
Çiynimdə yaylığım var.
Yüz bir dişim var qızıldan
Mən ki gözələm hamıdan?
***
-Qarğıdalıdır, sən deyən
Saçlarını yuyub sərən
Yaşıl rəngli paltarı var
Ağzında çoxlu dişi var
***
Meyvələrin var sarayı!
İnanmırsan?
Onların da var padşahı!
İnanmasan, bir az düşün,
Tapacaqsan!
Meyvələrdən hansıdır ki,
Gözəlliyi göz yandırar
Ya şirin, ya da turş olar
Qırmızı geyər, taxtda oturar
Başına şah tacı qoyar?
Öz gizlin xəzinəsində
Çoxlu-çoxlu daş-qaş saxlar?
***
Nar başında tac olar
Şahın tacına oxşar
Qırmızıdan donu var
Ya şirin, ya turş olar
Qırmızı geyər, taxtda oturar
Böl, içində görərsən
Nə qədər dənəsi var!
***
-Meşədə bitər
Bağa gəlməz
Yağışda görünər
Quruda bitməz
Başında papağı var
Tək bircə ayağı var
***
-Göbələkdir, yağış xoşlar
Papağı rəngarəng olar
Tək bircə ayağı var
Bağda yox, meşədə yaşar
***
-Getdim bağçada bayrama
Maraqla baxdım hər yana.
Göydən şarlar asılmışdı -
Qara, yaşıl, bir də sarı.
De görüm, bu hansı şardı
Baxanda ağzım sulandı?
Şənliyin sonuna qədər
Şarlar yeyildi, qalmadı?
***
- Bağça dedin, çaşdım-qaldım,
Amma yenə yanılmadım.
Dediyin üzümdür, tapdım,
Sən onu şara oxşatdın.
Üzüm meynədən asılar,
Qara, yaşıl, sarı olar.
Yetişməsə, tumturş dadar,
Yetişəndə şirin olar.
***
Nadir gizlin yaşar,
Kələm, köklə dost olar
Torpaq altında qalar,
Yerin altında yaşar
Özü qırmızıdır
Nəyə dəysə qızardır
Kəssən əlin qanayır
Yesən qanın çoxalır
***
Çuğundurdur sən deyən
Ondan borş bişirərlər
Salata da tökərlər
Ləzzət ilə yeyilər
O cana qan gətirər
***
Sübh tezdən ayağa qalxdım
Meyvələrlə salamlaşdım
Bir meyvəni tanımadım
Həm rəngi sapsarı idi
Üzünü tük basmış idı
Elə bil qocalmış idı
Hansı meyvədir dediyim
Tükünü silib yediyim?
***
Heyvadır, ki, dadlı olar
Dadı ağıza yayılar
Amma bir eyibi var ki,
Tükü ağızı dalayar
Gərəkdir silib yeyəsən
Tükünü təmizləyəsən
***
Nə bitkidir kim deyər?
Gözəlliyi göz deşər
Bataqlıqda yetişər
Zəhmətsevər adamlar
Ondan həm çəpər hörər
Həm də zənbil düzəldər
***
Qamışdır sənin dediyin
Tapmaca üçün seçdiyin
Bataqlıqda düm-düz bitər
Ondan həm zənbil hörülər
Həm də çəpər düzəldilər
Bataqlıqda bitsə belə
Gözəlliyi gözə gələr
Şan-şöhrəti düşər dilə
***
Getdim bağçaya baxmağa
Alma, heyva, nar yığmağa
Ayağımı ot daladı
Gözlərimdən bir od çıxdı
Çıxartdım atam kənara
Bu dəfə də o başladı
Əllərimi dalamağa
Sonra öyrəndim ki ondan
Qutab bişirib yeyirlər
Həm də dərman düzəldirlər
Gicitkandır sən deyən
Səni yandırıb tökən
Onu dovğaya tökürlər
Ondan qutab bişirirlər
Hətta ağır xəstələrə
Ondan dərman düzəldirlər
***
Tarlaya toxum səpdilər
Vaxtı çatanda dərdilər
Nə yedilər, nə içdilər
Yaxşıca tərifləyərək
«Çox gərəklidir» dedilər
Həm ondan parça toxunar
Həm də aptekdə satılar
Ağ buluda bənzəri var
Elə bil qardaşıdı qar
Tapsana nədir dediyim?
Bolluca təriflədiyim.
Pambıqdır sənin dediyin
Bolluca təriflədiyin
***
Pambıq tarlada yetişər
Vaxtı çatanda dərilər
Həkimlər pambıq işlədər
Pambıqdan çox xeyir gələr
Pambıqdan parça toxunar
Həm də aptekdə satılar
***
- Hansı bitki dadsız dadar,
Ondan təam hazırlanar,
Yığılan tək qurudular,
Sonra da göyə sovrular?
Pirdə bitməz, pirə getməz,
Amma müqəddəs sayılar.
Tarixi tarixdən qalar
Hər bir dükanda satılar,
Hər gün süfrəyə qoyular?
***
- Bunu çox asandır bilmək,
Bircə lazımdır düşünmək
Hər gün süfrəmizdə olan
Özü müqəddəs sayılan
Çörəkdir, əlbəttə, çörək!
Buğdadan un hazırlanar,
Sonra da xəmir yoğrular.
Xəmir təndirə yapılar
Çörək belə hazırlanar.
Buğdadır müqəddəs bitki!
Bunu bilməyə nə var ki?
***
- Topa bənzər otaqda
İki əkiz qardaşlar
Üzbəüz oturublar.
Küsülüdülər deyə,
Düz, evin ortasından
Böyük pərdə asıblar?