Tanrım! Şükür olsun Sənə, Sənin kəramətinə. Hər nemətinə şükür! Mənə yazdığın bu günümə şükür! Mənə bəxş etdiyin sağlam cana və sağlam əqlə şükür!
Verdiyin hər şeyə görə şükür oxuyuram. Daim başımın üstündə olmağın üçün dua edirəm. Dua edirəm ona görə ki, məni kimsənin ümidinə qoyub, bir kimsəyə möhtac etməmisən. Sənə pənah gətirəndə onu qəbul etmisən, ümidimi qırmamısan...
Mən bəndəni paxıllıq, acgözlük, kin-küdurət kimi hisslərdən uzaq eləyib, qəlbimi geniş, ürəyimi təmiz, özümü xeyirxah, saf yaratmısan. Bütün bunlara görə dua edirəm. Mənə görən göz, dərk edən şüur vermisən. Mənə sağlam ruh, sağlam zəka qisməti yazdığına görə, səxavətini, bərəkətini məndən əsirgəmədiyinə, verdiyin hər nemətə görə dua edirəm!
Gündüzün Günəşli göyünə, gecənin tərtəmiz, nurlu Ayına görə, dumduru suya, tər-təmiz havaya görə, gözə görünən və görünməyən hər nə varsa, onlara görə dua edirəm. Yaratdıqlarına görə dua edirəm. Dizüstə çöküb, əllərimi sinəmə qoyur və Sənə baş əyirəm. Dua edirəm Sənə, dua edirəm!
Dönə-dönə qarşında baş əyir və alnımı torpağına qoyub Sənə səcdə edirəm. Ürəyimi bir kimsəyə yox, yalnız Sənə açıram, sevincimi, kədərimi təkcə Səninlə bölüşürəm. Hər zaman sidq-ürəkdən Sənə dua edirəm, Yaradan! Namaz qılan möhür öpər, mənsə dua edəndə əyilib yaratdığın Müqəddəs Torpağı öpürəm. Nə ərəbcə, nə farsca dua oxuya bilməsəm də, öz doğma dilimdə Sənə dua oxuyuram.
«Dərgahın var olsun, Tanrım!» - deyirəm, Özünlə birgə!!!