Kim cavab verər?
Nə sirrdir ki, insan yaranır, nə sirrdir? Nə sirrdir, lap tez qocalır, nə sirrdir? Bir gün yaranan bir gün ölür, nə sirrdir? Nə sirrdir ki, hər şey dəyişir, nə sirrdir?
Niyə Günəş göydə daim qalmır, niyə? Niyə hər gecə aləm qaralır, niyə? Niyə güllər açılır, tezcə solur, niyə? Niyə baharın yerin qış alır, niyə? Niyə yamyaşıl otlar xəzan olur, niyə? Niyə? Niyə?..
Görən, insan nədən tapdığın itirir, nədən? Nədən sevinc ani olur kədərdən? Nədən göz yaşı quruyur, nədən? Nədən sevgi unudulur, nədən? Nədən ümid qırılır, nədən? Bəs arzular nədən puç olur, nədən? Nədən hər şey birdən yox olur, nədən? Nədən?..
Görən, nə üçün zaman tələsir, nə üçün? Görən, nə üçün yer titrəyir, nə üçün? Qara torpaq insan udur, görən, nə üçün? Görən, nə üçün dəryalar aşıb-daşır, nə üçün? Adamları ağuşuna alır, nə üçün? Böyük-böyük dalğalar nifrətlə gəlir üstümüzə, nə üçün? Nə üçün insan yox olur, nə üçün?
Nə səbəbdən dünya dolur, boşalır, nə səbəbdən? Nə səbəbdən hər şey yox olur, nə səbəbdən? Nə səbəbdən həyat başlamamış qurtarır, nə səbəbdən? Nə səbəbdən suallar javabsız qalır, nə səbəbdən?
İnsanlar dalaşırlar görən nə üstündə? Yer də, göy də alışır, görən, nə üstündə? Neyçün qan-yaş tökülür bir kəfənlik torpaq üstündə? Torpaq su altda qalsa, deyin, biz qalarıq, onda nə üstündə?...