Fındığa getdin bir yerdə, başın sındı iki yerdən

Qubanın Küpçal kənd məktəblisi

Qəyyumun başına gəlmiş əhvalat

( 1979 il)

 

Fındığa getdin bir yerdə, başın sındı iki yerdən

4-cü sinifdə oxuyurdum. Bir neçə gün idi ki, kəndə təzə kino gətirmişdilər. Baxanlar kinonu yaman tərifləyirdilər. Biz də yığışıb getdik həmin kinoya baxdıq.

Bundan sonra elə bil özümüzə yer tapa bilmirdik. Hara gəldi dırmaşırdıq. İki gündən sonra sinif uşaqları ilə danışdıq ki, meşəyə gedib meşəfındığı yığaq. Amma əslində tarzan-tarzan oynamaq istəyirdik. Nə isə getdik meşəyə. Sevincək hərə bir ağaca çıxdıq. Meşədə yan-yana bitmiş iki hündür küknar ağacı var idi. Mən və sinif yoldaşım ......./ad/ Mirzə tez-tələsik çıxdıq bu ağaclara. Elə təzəcə ağaca çıxmışdıq, başladıq Tarzan kimi qışqırmağa. Bu vaxt hər iki ağac bir vaxtda sındı. Bizim hər ikimiz elə ağacın yuxarısında baş-başa dəyib, yerə çırpıldıq. Mənim qolum möhkəm əzildi. Mirzənin isə qırxılmış başı neçə yerdən partladı. Birtəhər gəlib çatdıq evə. Valideynlərimiz başımıza gələnlərdən xəbər tutdular. Amma bizə olan olmuşdu deyə, daha kötəkləmədilər. Bircə onu dedilər ki, biz veyllənirik, amma dərs oxumuruq. Qorxudan durub səhərisi olacaq bütün dərsləri əzbərlədim.

Səhər dərsə Mirzə atası ilə gəlmişdi. Atası mənə tərs-tərs baxsa da bir söz demədi.

Dərs başlandı. ........ dərsi idi. Mirzənin atası keçib arxa sırada əyləşdi və dərsə qulaq asmağa başladı. Meşəyə gedən bütün uşaqlardan- Məndən, Sadıqdan, Bəyağadan dərsi soruşdular. Hamımız dərsi yaxşı danışdıq. Növbə Mirzəyə çatdı. Mirzə dərsi bilmədi. Atası elə oradacana durub Mirzənin başına bir-iki qapaz qoydu. Bütün uşaqlar əvvəlcə quruyub qaldılar. Sonra sinfi gic bir gülmək tutudu. Hamı qarnını tutub uğundu. Mirzənin yarılmış başı hələ üstəlik qapaz da yemişdi.

Sonralar bu hadisədən kənddə bir məsəl də yaranmışdı. «Fındığa getdin bir yerdə, başın sındı iki yerdən».