Tənbəlin nağılı

Tənbəlin nağılı

(Nağıl)

Biri vardı, biri yoxdu bir tənbəl vardı. Bu tənbəlin çox işgüzar atası, işləməkdən yorulmayan anası vardı. Onların işgüzar olmasına baxmayaraq oğulları həddindən artıq tənbəl idi. Oğullarının cavan olmasına baxmayaraq, tənbəl olması ata-ananı çox narahat edirdi. Amma onlar nə edirdilərsə də, buna bir çarə tapa bilmirdilər. Hətta bəzən elə olurdu ki, tənbələ yemək verməsəydin bütün günü ac-susuz uzanıb qalırdı yatdığı yerdə.

Ana gecə - gündüz oğlunun dərdini çəkir, qəmgin – qəmgin dolanırdı. Hər kəsə dərdini danışardı, amma nə faydası kimsədən kömək görməzdi.

Günlərin bir günündə ananın oturub fikir çəkdiyi bir vaxtda həyətə bir dərviş gəlir. Dərvişin üzü günəşdən yanıb qap-qara olmuşdu və çox yorğun adama oxşayırdı. Ana tez dərvişi kölgədə yer düzəldib rahatlandırdı. Ona çay-çörək gətirdi. Dərviş yeyib içdi və dincələndən sonra anaya dedi:

*- Görürəm fikirlisən , gözlərin qəm çəkir. Bəlkə mən sənin dərdinə çarə edə bildim. Mən çoxlarının dərdinə dərman etmişəm. Sənə də kömək edərəm. *

Ana elə bil bunu gözləyirdi. Oğlunun azarını açıb dərvişə danışdı. Dərviş rəml atdı , fal açıb ananın və onun oğlunun falına baxdı. O dedi:

*- Ey zəhmətkeş qadın, Sən hələ oğlun olmamışdan qabaq bostan salıb, əkin əkmisən . Bostanın məhsul verən kimi qara böcəklər daraşıb bostana , başlayıblar əkini yeməyə. Sən ərinlə başlamısan bir tərəfdən böcəkləri qırmağa . Siz çoxlu böcək öldürmüsünüz. Hələ heç bir vaxt birdin-birə bu qədər qara böcək tələf olmamışdı. Bunu görən qara böcəklərin başçısı o vaxt sənin oğluvu da qara böcək kimi tənbəl etməyə söz verir.

Qara böcəklər çox yemək yeyəndən sonra arxası üstə uzanıb qalırlar. Əgər kimsə onları üzü üstə çevirməsə onlar ölüb yerlərindəcə qalırlar. Ya da külək onları çevirsə , yenə də tənbəllikdən yerlərindəcə qalıb-qalıb sonra da acından ölürlər.

Buna görə də böcəklərin başçıları sizdən qisas almaq üçün sizin uşağınız anadan olan kimi gəlir qonur düz körpənin alnına . Qonan kimi də əfsun oxuyub, qara böcək tənbəlliyini salır körpənin canına . Uşaq günü-gündən böyüyüb boy atdığından ağırlaşır deyə, indiyə qədər olub böcəkdən də tənbəl.*

Ana dərvişin dediklərini eşidəndə hönkür-hönkür ağlamağa başladı. O olanları yadına salanda gördü ki, həqiqətən də dərviş düz deyir. Bostan vaxtı ər arvad çoxlu qara böcək öldürmüşdülər. Xatırladı ki, uşaq anadan olan kimi onun alnına iri eybəcər bir qara böcək qonmuşdu . Qara böcəyi nə qədər qovdularsa , o üç dəfə gəlib oturdu körpənin alnında.

Bunları yadına salanda arvad bir az da vahimələndi . Sonra da düşdü dərvişin ayaqlarına ki, sən hər şeyi bilirsən oğluma bir çarə et.

Dərviş xeyli fikirləşib anaya məsləhət gördü ki , oğlunu bu dərddən qurtarmaq çox çətindir. Bunun üçün çox çətinliklərdən keçmək lazımdır.

Ana and aman etdi ki, nə çətinlik olsa O dözməyə hazırdır , təki onun oğlu bu dərddən xilas olsun.

Onda dərviş tapşırdı ki, köhnə işləməyən dəyirmanlardan birindən iki çəyirtkə tutub ona gətirsinlər. Ata gedib köhnə işləməyən dəyirmandan iki böcək tutub gətirdi. İndi elə edin ki,oğlunuz bu çəyirtkələri udsun . Tənbəl isə xorxaxorla yatmışdı. Ana bir kəlmə deyən kimi ağzını aç ağzına yemək qoyum tənbəl o saat sevinə –sevinə ağzını açdı. Ağzını açan kimi lavaşa bükülmüş çəyirtkələri tez atdılar tənbəlin ağzına . Tənbəl isə ağzındakı tikəni çeynəməyə də tənbəllik edirdi.Çəyirtkələr tənbəlin qarnına gedən kimi tənbəl çəyirtkə kimi hoppanmağa başladı. Amma O bir neçə gün bir yerdən hoppanıb başqa yerdə otururdu.

Dərviş bir neçə gün oğlana fikir verib gördü ki, yox bu xəstəlik ondan asanlıqla gedən deyil. Odur ki, əmr etdi ki, susuz səhradan bir balaca kərtənkələ və bir də balaca bir ilan tutsunlar tutub gətirsinlər.

Dərviş deyən heyvanları gətirən kimi onları yenə ayrı –ayrılıqda bükdürdü lavaşın arasına . Yemək kimi qoydular tənbəlin ağzına .

Tənbəl isə yenə əvvəlki qaydada, tikə verən kimi diri –diri uddu. Tikələr qarnına gedən kimi qarnında bir şivən başladı ki, gəl görəsən. Qarına düşən kərtənkələ ilanla lavaş üstündə boğuşmağa başladılar. Lavaşı yeyib qurtaran kimi sakitcə hərə bir küncdə oturdu.

Heyvanlar isə boğuşduqca tənbəl çalğı valğıya düşüb qaçmağa başlayırdı. Elə bərkdən qaçırdı ki, heç kəs ona çata bilmirdi. Qarnındakılar sakitləşən kimi tənbəl də sakitləşirdi.

Oğlunun bu halına ana bilmirdi sevinsin ya qəmlənsin. Tənbəl o qədər qaçmışdı ki , yorulub əldən düşmüş və acımışdı. Anası gətirib onun qabağına yemək qoydu . Elə təzəcə yeyib qurtarmışdı ki, yenə qarnında müharibə başladı. Tənbəl qarnındakı bu çaxnaşmaya dözə bilməyib, yenə üz tutdu qaçmağa.

O qədər qaçdı ki ta, qarnındakı yeməyi kərtənkələ ilə ilan bölüşdürüb qurtardı. Bir neçə gün belə davam etdi. Tənbəl o qədər qaçırdı ki, artıq bir yerdə otura bilmirdi. Dərviş isə bir tərəfdə oturub bunu seyr edirdi.

Axırda qaçmaqdan bezib, düşdü dərvişin ayaqlarına ki, ay dərviş baba nə deyirsən razıyam, amma mənim dərdimə çarə qıl. Mənim qarnımdan bu heyvanları çıxart. Dərviş bütün kənd əhlini yığdı. Hamıya olanları danışdı. Tənbələ and içdirdi ki, bir də heç vaxt tənbəllik etməyəcək . Tənbəl hamının qarşısında and içib söz verdi ki, tənbəlliyin daşını bu gündən belə atacaqdır.

Dərviş tənbəlin ağzına bir parça qovurulmuş ət qoydu, əti isə iplə möhkəm bağlayıb ipi əlində saxladı. Hiss edəndə ki, əti ilanla kərtənkələ başlayıblar dartışdırmağa ,tez ipi çəkir. İpi çəkəndə ətin üstündə ilan və kərtənkələ də tənbəlin ağzından çıxırlar.

Elə hmin gündən tənbəl tənbəlliyin daşını atdı. O, bütün günü səhərdən axşama qədər işləyirdi . Heç vaxt yoruldum demirdi. Ana dərvişə oğlunu sağaltdığına görə minnətdarlıq bildirdi. Dərviş isə xeyirxah işini qurtaran kimi hamı ilə sağollaşıb yoluna düzəldi.

Tənbəl isə harada kərtənkələ ya ilan görürdüsə tez ağzını tutub oradan qaçırdı. Özü isə tənbəllikdən canı qurtardığına çox sevinirdi . Nağılımız da burada qurtardı, göydən üç alma düşdü. Biri zəhmət çəkib nağıl deyənin, biri qulaq asanın, biri də bizi çox istəyənin.