Axmağın nağılı
(Nağıl)
Biri vardı biri yoxdu, bir axmaq vardı. Şəhər camaatından onu yaxşı tanıyanlar hamı ona Axmaq deyə çağırardı. Axmaq heç nə etməz, heç bir işlə məşğul olmazdı. Amma onun çox yaxşı bəxti vardı. Hər şeyin yaxşısı ona qismət olardı.
İndi gəlin Sizə Axmağın başına gələnləri danışım. Bir gün Axmağı atası göndərir tarlaya ki, bəsdir səfeh-səfeh gəzdin. Ananla mən bütün gün işləyirik, sənsə ağacın altında uzanmaqdan doymursan. Atasının bu sözü Axmağın heç xoşuna gəlmir. Amma neyləyə bilər?
Axmaq çar-naçar veyllənə–veyllənə çatır tarlaya. Artıq günortaya yaxın olduğuna görə boğçasını açır, anası qoyduğu yeməklərin hamısını yeyir. Elə təzə yeyib qurtarmışdı ki, gördü yuxusu gəlir, elə oradaca başını qoydu, yuxuya gedir. Bir də ayılıb gördü ki, hava qaralıb, O isə heç bir qarış da yer qazmayıb. Atası da səsini bir salıb başına qışqıra-qışqıra gəlir ki, gəl görəsən.
Axmaq bilmədi neyləsin. Tez əlinə keçən bellə yatdığı yeri qazımağa başladı. Torpağa nə qədər bel vurdusa da torpaq qazılmadı ki, qazılmadı. Gördü ki, az qalıb atası ona çata. Və çatan kimi mütləq bir ikisini çəkəcək ki, axşam düşüb sən hələ heç bir iş görməmisən. Qorxudan beli bərkdən torpağa çırpdı. Torpaq nə isə bərk bir şeyə ilişdi. Axmaq gördü ki, torpağın altında iri bir küp görünür. Atasını sakitləşdirmək üçün dedi ki, ata, deyəsən qızıl küpü tapmışam. Atanın küp eşidən kimi hirsi o saatca soyudu. Ata–bala küpü torpağın altından çıxarıb nə görsələr yaxşıdır. Həqiqətən də tapdıqları küp ağzına qədər qızılla doludur. Onlar sevindiklərindən qışqırıb qucaqlaşdılar. Evə çatıb ananı da muştuluqladılar. O gün onlar səhərə qədər qızılı sayıb güclə qurtardılar.
Səhəri gün bütün şəhər eşitdi ki, Axmaq yer qazanda qızıl tapıb. Şəhərin quldurları da bu xəbəri eşidəndə fikirləşdilər ki, neyləsinlər qızılları Axmağın əlindən alsınlar. Sözü bir yerə qoydular ki, quldurlardan biri yolçu paltarı geyinsin, gecəni qalsın Axmaqgildə. Gecə olan kimi qızılları oğurlayıb, çıxıb qaçsın. Onlardan biri əyninə yad bir ölkədən gəlmiş adam paltarı geyinir, gəlir Axmaqgilə. Qapıdan durub başlayır qışqırmağa ki, ay ev yiyəsi, ay ev yiyəsi qonaq saxlamaq istəyirsənmi ? Səsə Axmaq qapını açır və deyir :
*-Allaha da qurban olum, onun qonağına da.* Qonağı görüb çox sevinir və içəri aparır. Gecənin yarısına qədər oturub ordan burdan söhbət edirlər. Axmaq qonaqla öz sevincini bölüşdürür. Necə qazma qazanda qızıl küpü tapdığını, necə həyəti qazıb qızılları orada gizlətdiyini, hamısını əziz qonağına danışır. Sonra qonaq görür ki, ev yiyəsinin əməlli başlı yuxusu gəlir, durur ayağa ki, mənim də yerimi göstərin , mənim lap yuxum gəldi. Qonaq üçün ipək və məxmər yorğan döşəkdə xüsusi yer düzəldilir. Qonaq yorğan–döşəyə girən kimi xoruldamağa başlayıb, özünü yatmışlığa vurur. Elə ki, hamının yatdığına arxayın olur, durur başlayır öz işinə. Heç bir çətinlik çəkmədən həyəti qazır, Axmağın dediyi yerdən qızılları çıxarır. Sevindiyindən demək olar ki, uça-uça cumur lotuların yanına.
Axmağı necə aldatdığını, qızılların yerini necə öyrəndiyini, ev sahiblərinin onun başına necə dolandıqlarını bir-bir quldurlara danışır. Quldurlar Axmağın avamlığına qəşş edənə qədər gülürlər, sonra da əldə etdikləri qənimətə baxırlar. Nə görsələr yaxşıdır?
Lotular heç ağıllarına da gətirməzdilər ki, axmaq bu qədər qızıl tapıb. Ona görə qızılları görən kimi ağılları başlarından çıxır. Quldurbaşı özünə yüz qızıl götürür, o birilərinin hərəsinə isə beş qızıl verir. Qızılları oğurlayıb gətirən quldur belə haqsız bölgüdən çox narazı qalır. Quldurbaşı əmr edir ki, narazı qaldığına görə həmin quldura yüz şallaq vurub, özünü də atsınlar xarabalığa. Quldurlar belə də edirlər.
Təsadüfən Axmaq xarabalığın yanından keçirdi. Birdən qulağına sızıltı səsi gəldi. Yaxınlaşıb gördü ki, bu həmin qonaqdır ki, gecə onlarda qalmışdı. Tez qonağını çiyninə alıb aparır evə. Yaralarına dərman sürtür. İki gün qulluğunda dayanıb, onu sağaldır. Axmağın və onun ata–anasının heç xəbərləri də yox idi ki, qızılları oğurlanıb, buna görə də bu haqda oğruya heç nə demədilər. Quldur isə belə bir adamlara pislik etdiyinə görə xəcalət çəkirdi.
Quldur sağalan kimi ev yiyələri ilə sağollaşıb, yoluna düzəldi. O, mütləq quldurlardan qisas almalı idi. Havanın qaralmasını gözlədi. Gecə yarıdan keçəndən sonra getdi quldurbaşıların mağarasına. O bilirdi ki , kim öz var dövlətini harada gizlədir. Ona görə də gecəylə hamının bütün qızıllarını və qiymətli daş-qaşlarını yığışdırdı gətirdi Axmaqgilin həyətinə. Səssizcə bütün qızılları və başqa qiymətli əşyaları basdırdı əvvəl qızılları çıxardığı yerə.
Səhərisi gün quldurlar yuxudan oyananda görürlər ki, onların var dövlətini kim isə talan edib. Heç ağıllarına da gəlmir ki, bunu edən döyüb, xarabalığa atdıqları quldurdur. Hamı bir-birinə şər atmağa başlayır. Axırda möhkəm dava düşür. Bütün quldurlar bir-birlərini öldürürlər.
Axmaqgilin qonağı olan quldur isə gəlir Axmaqgilə, həmişəlik onunla dost olur. Qonaqları olduğuna görə və bazarlıq etmək üçün Axmaq gedir qızıl basdırdığı yeri qazır ki, bir qızıl çıxarsın, və onu xərcləsin. Qazıb nə görsə yaxşıdır. Bir küp qızıl əvəzinə ağacın altında on küp qızıl, gümüşlər, ləl-cəvahiratlar, bir sözlə böyük bir xəzinə var. Axmaq tez ata-anasını çağırır. Hamının təəccübdən gözləri bərələ qalır. Hər kəs üçün bu bir sirr olaraq qalır. Qonaq isə ev sahiblərinə bu haqda heç nə deməyərək altdan-altdan gülür.
Həmin gündən daha heç kəs Axmağa axmaq demir. Onlar bu var dövlətlə ömürlərinin sonuna qədər xoşbəxt və firavan yaşayırlar. Mən arzu edirəm ki, bu nağılı eşidən və oxuyan hər kəs də onlar kimi şad və xürrəm yaşasınlar. Nağılımız da buradaca qurtarır. Mən isə arzu edirəm ki, mənim nağılıma qulaq asan da böyük bir küpə qızıl tapsın. O, qızılı elə hey xərcləsin, qızıl da qurtarmaq bilməsin. Buradaca göydən üç qızıl alma düşdü. Almaların biri nağıl danışanın, biri nağılı deyənin, biri də nağıla qulaq asanın.