NUR
(Nağıl)
Biri vardı , biri yoxdu keçmiş zamanlarda çox uzaq bir əyalətdə bir baba və nəvə var idi. Kəndlərində baş vermiş dəhşətli zəlzələdən ata-anasını hələ körpə vaxtlarında itirmiş nəvə mehrini babasına salmışdı. Baba da bu qızcığazı əzizləyib böyütmüş, zəhmətkeş, ağıllı bir qız etmişdi . Babası nəvəsinə həmişə gözümün nuru dediyinə görə qızın adı qalmışdı eləcə Nur.
Nur hər səhər erkən yuxudan durar, həyət bacanı səliqəyə salar, babasına yemək hazırlayıb meşəyə gedərdi. Meşədə isə cürbəcür otlardan, çiçəklərdən toplayaraq onlardan dərmanlar düzəldər və satar , bununla da dolanardılar.
Günlərin birində Nur meşəyə çiçək toplamağa gedir. Birdən qulağına göyərçin cik-ciki dəyir. Amma bu quş oxumağından çox naləyə bənzəyir. Nur quşa yaxınlaşanda görür ki, quru palıd ağacı necə sınıbsa, zavallı göyərçinin qanadı qalıb palıdın budağının arasında. Biçarə quş nə qədər çapalayırsa , bir xeyri olmur. Nur özü də çox güclü deyildi . Meşə kənddən çox aralı olduğundan köməyə də heç kəsi çağıra bilmirdi. Çox əziyyətdən sonra nəhayət ki, Nur quşcuğazı xilas edə bilir. Amma quşun qanadı sındığından o uça bilmir.
Nur bir də baxır ki, hava qaralıb, o isə heç nə toplaya bilməyib. Bir tərəfdən peşiman olur, digər tərəfdən isə quşcuğazı xilas etdiyinə görə sevinir. Quşu dəsmalına büküb komalarına gətirir. Babasını görən kimi əhvalatı ona danışır. Baba nəvəsinə afərin deyir. Nur yığıb qurutduğu çiçəklərdən quşun qanadına dərman düzəltmək istəyir. İşin tərsliyindən qanadın bitişməsi üçün lazım olan çiçəyi tapmır ki, tapmır. Əgər O, indi dərman düzəldib quşun qanadına qoymasa, quş həmişəlik bir qanadla qalaraq heç vaxt uça bilməyəcəkdi. Babası isə ona alaqaranlıqda meşəyə getməyə heç vaxt izn verməzdi.
Naçar qalan qız babasının yeməyini verib, onun yatağını düzəldir və babasını yuxuya verən kimi gizlincə üz tutur meşəyə lazım olan otu yığmağa.
Meşə çox qaranlıq idi. Nur isə tələsdiyindən özü ilə od da götürməmişdi. Tərslikdən ay işığı da yox idi.
Hələ heç 13 yaşına çatmamış qızcığazın qorxudan rəngi saralsa da o qanadı sınmış quşu yadına saldıqca elə bil qıza qüvvət gəlirdi. Nur əllərini otlara sürtə-sürtə ona lazım olan otlardan yığdı. Elə qayıtmaq istəyirdi ki, birdən qaranlıqda kim isə qabağını kəsdi. Qaranlıqda üzünü görə bilməsə də qaraltının nəsə bir qorxunc və eybəcər bir məxluq olduğunu hiss etdi. Səsindən ifritə qarıya oxşayrdı. O amiranə bir səslə rəngi saralmış qıza dedi:
*- Görürəm çox qorxmaz qızsan ki, qaranlıq meşəyə təkcə gəlmisən . Mən sənin kimi qızı çoxdandır ki axtarırdım, amma tapa bilmirdim. Sən mənim əlimə göydən düşmüsən. Mən öz sehrlərimin ,tilsimlərimin ,cadularımın hamısını sənə öyrədəcəyəm . Biz bir yerdə yaşayacağıq . Mən səni heç kəsə verməyəcəyəm. Qaçmaq istəsən , səni diri-diri tutub bişirəcəyəm. Yaxşı eşitdin mənim sənə dediklərimi? *
Nur əvvəlcə elə bildi ki, yuxu görür. Sonra yadına saldı ki, axı o heç yatağına girməyib ki, hələ bir yuxu da görsün. Qorxudan daha bərk əsməyə başladı. Özünü tamam yaddan çıxarıb yalnız qolu sınmış quşu yadına saldı və çıxış yolu axtarmağa başladı. Əl-ayağı əssə də özünü topladı və ifritəni dilə tutmağa çalışdı:
*- Danışığından Sən çox gözəl və rəhmdil xanıma oxşayırsan. Mən Sənin dediklərinlə tam razılaşıram .Çünki mən həmişə cadugar olmaq istəmişəm. Amma sən mənə icazə ver mən gedim evə sehrli quşumu da gətirim. O hər şeydə mənə kömək edir. Onun sənə də köməyi dəyər. *
Bu sözləri eşitcək ifritə qarı elə qəh-qəhə çəkib güldü ki, yaxınlıqda ağacda olan bütün quşlar bir göz qırpımında uçub getdilər. Qarı qızın qolundan tutub silkələdi:
*-Sən deyəsən mən deyəni başa düşmədin , mən sənə dedim ki, ya sən mənimlə getməlisən ,ya da mən səni diri –diri bişirib yeməliyəm. Mən başqa heç nə eşitmək istəmirəm.*
Qız naəlac qalıb ifritənin dediyi ilə razılaşmalı oldu. Amma sonuncu dəfə bir də kələyə əl atdı:
*-Mən səninlə qalmaq istəyirəm. Sən məni səhv başa düşdün. Amma quşumu da gətirmək istəyirəm ki, o da sənə köməklik etsin. İndi ki, qoymursan mən gedib quşumu gətirim , onda özün get, həyətdə təndirdə gizlətdiyim quşu gətir bura ,mən də səni harada istəyirsən gözləyim.*
İfritə qarı bu sözlərlə razılaşdı. Fikirləşdi ki yəqin , bu çox sehrli quşdur. Qızı apardı qoydu öz komasında . Komanın ağzını möhkəm bağladı ki, qız çıxıb qaçmasın. Özü də gecəylə getdi yaralı quşu gətirdi verdi qıza. Göyərçin Nuru görən kimi yaralı qanadını qoydu onun dizi üstünə , qız isə əlindəki otları əzib, quşun sınmış qanadına bağladı.
Nur qorxudan səhəri gözü açıq açdı. Gün doğan kimi ifritə arvad yuxudan oyanıb qızı odun yığmağa göndərdi. Nur hara gedirdisə quş da onun çiynində oturub gedirdi. İfritə arvad onun üstünə çığıran kimi göyərçin onun üstünə atlanır, üzündən- gözündən cırmaqlayırdı. Bir neçə dəfə ifritə istəyir quşu öldürsün amma Nur quşu gizlədir.
Nur babası üçün çox darıxırdı. Bilirdi ki, indi babası onu axtarır. Amma yazıq qızcığızın əlindən nə gəlirdi ki. Göyərçinin qanadı demək olar ki, sağalmışdı. O, hələlik az-az uçurdu . Nur buna sevinirdi. Axşama az qalmışdı . İfritə öz işlərinin dalınca getmiş, gedəndə də Nura çoxlu tapşırıq vermişdi. Nur onun bütün tapşırıqlarını yerinə yetirmişdi, təkcə bir işi qalmışdı , ifritəyə yemək bişirmək. Bunun üçün O, tövlədəki heyvanlardan birini kəsməli və yemək bişirməli idi. Nur ömründə bir toyuq başı belə kəsməmişdi. İndi O, fikirləşirdi ki, tövlədəki heyvanın başını necə kəsəcək?
Elə bu fikirlə gəldi girdi tövləyə. Tövlədə nə görsə yaxşıdır? Biri birindən gözəl əmlik quzular, təzəcə anadan olmuş çəpişlər, dayçalar , rəngarəng tovuz quşları daha nələr ,nələr. Nur bunları görəndə gözləri bərələ qaldı. Amma kövrək Nur fikirləşdi ki, onsuz da bir gün tez, bir gün gec ifritə qarı onu yeyəcəkdi. Yaxşısı budur ki, heç olmasa bu günahsız heyvanları O xilas etsin. Bunu fikirləşib tövlənin ağzını açır. Bütün heyvanlar bir göz qırpımında qaçıb gözdən itirlər. Nur gəlir göyərçinin qanadının da sarğısını açır. Göyərçin bir anda səmaya qalxır və sağalmış qanadları ilə göydə pərvazlanır. Nurun sevincinin həddi-hüdudu yox idi.
Bu vaxt bir tozanaq qopur ki, gəl görəsən. Nur o saat başa düşür ki, gələn ifritədir. Tez qaçıb odunların dalında gizlənir. İfritə evə göz gəzdirir və evin səliqə sahmanından xoşu gəlir. Qızcığazı dartıb odunların dalından çıxarır ki, hə indi də yeməyimi gətir. Nur qorxudan deyə bilmir ki, heç nə bişirməyib. İfritə xeyli yemək gözləyəndən sonra hirslənir və durub qazana baxır. Qazanı bom-boş görür , hirs vurur başına . Nuru uzun dırnaqlı əlləriylə qaldırır göyə və qışqırır:
*-Mən sənə deməmişdimmi ki, mənim sözümü eşitməsən səni bişirib yeyəcəyəm , indi isə buna hazır ol.*
Qarı gedir çaya ki, qazanı su ilə doldursun,Nuru basıb qazanda bişirsin. Nur isə ocağın qırağında qarını gözləyir. Balaca qız qarını gözləməyində olsun , sizə kimdən danışaq ,kimdən xəbər verək tövlədəki dayçadan. Nur dayçanı tövlədən buraxan kimi dayça ifritədən canını qurtardığına görə başlayır qaçmağa. Sevindiyindən elə qaçır ki, özü də bilmədən düşür qamışlıqdakı gölməçəyə. Demə dayça əvvəlində qəşəng bir oğlan olur. İfritə qarı bu oğlandan xoşu gəlir ki, onu bişirib ləzzətlə yesin. Oğlanı oğurlamaq üçün onun üstünə cadu olunmuş çaqqal piyi sürtüb dayçaya döndərir. Sonra isə onu dayça kimi salır çubuğun qabağına gətirib salır tövləyə. Bir kəs də ondan dayçanı hara apardığını soruşmur.
Gölməçəyə düşən oğlanın canından çaqqal piyi təmizlənir və o , yenə də əvvəlki kimi qəşəng oğlan olur. Olanları yenidən yadına salanda , fikirləşir ki, ey dadi bidad mən neyləyirəm ? Mən qaçıb canımı qurtarıram amma, məni xilas edən balaca qızcığazı ifritə tutub məhv edəcəkdir. Bunu fikirləşib tez geri dönüb ifritənin komasına tərəf qaçmağa başlayır. Yolda ovçulara rast gəlir. Başına gələnləri onlara danışır. Ovçular atlanıb qıza köməyə gəlirlər. O vaxt yetişirlər ki, ifritə qızı almışdı qucağına ki, qazana atsın, bişirsin.
İfritə ovçuları görən kimi dili topuq vurdu. Başladı Nuru atıb-tutmağa ki, mən bu qızı çox istəyirəm, o mənim balamdır, deməyə. Bu vaxt göyərçin uçub düz ifritənin gözlərini dimdikləməyə başladı. Oğlan isə ovçulara dedi ki, Siz ifritəyə inanmayın o hiyləgərdir. Ovçular ifritəni atın dalına bağlayıb meşə boyu sürütdülər. İfritənin elə oradaca canı çıxdı.
Nurun babasının isə nigarançılıqdan ayaqları tutulmuşdu . O, nəvəsini görən kimi tamam sağalıb ayağa durdu. Qızla oğlan isə ömürlük meriban dost oldular.