Səsin gəldi qulağıma. Gəldim səsin sorağına, gördüm yoxsan! Yenə yoxsan!
Uzaqdasan, yaxındasan, fərq eləməz, çağır məni harda olsam gələcəyəm, çağır, gəlim. Yayın qızmar istisində, qışın kədər nəğməsində. Fərq eləməz çağır məni.
Gur yağışda çağır məni, lap soyuqda çağır məni, islansam da, lap donsam da fərq eləməz, çağır məni, çağır gəlim.
Xəstə yatsam, əsim-əsim titrəsəm də yorğanımda, zarısam da yatağımda, çağır gəlim.
Lap can versəm ölüm qoxan yatağımda, gələcəyəm, çağır məni. Heç fərqi yox, harda olsam gələcəyəm.
Ruhum göydə olsa belə, səslə məni yenə səslə, gələcəyəm. Səslə məni, bulud olub başın üstə gəzəcəyəm, lap yanına gələcəyəm. Yağış olub pəncərəni döyəcəyəm. Tək bir dəfə, bircə dəfə gözlərindən öpmək üçün gələcəyəm.