Qış sərgüzəşti

Qış sərgüzəşti

(Hekayə)

Telefon zəng çaldı. Zəng edən Muxtar baba idi. O, kənddən zəng edirdi. Oğlu ilə danışandan sonra, nəvəsi Ceyhunla da danışdı:

 - Bala, Ceyhün, durma gəl kəndə, onsuz da qış tətilidir, dərsiz yoxdü. Yaxşıcana qar yağıb. Sən istədiyin qardır. Dizdən yuxarı.

 Ceyhün xəbərdən çox sevindi. Axı bütün şəhər uşaqları nə vaxtdandı ki, səbirsizliklə qar gözləyirdilər, qar isə gecikir, yğmaq bilmirdi. Ceyhün kəndi çox xoşlayırdı. Kənd yayda çox gözəl olurdu. Amma eşitmişdi ki, kəndin qışı da çox gözəl olur. O, çox istəyirdi ki, dostu Nərmin də onunla kəndə getsin. O, bu xəbəri Nərminə çatdıranda qız çox sevindi. Böyüklər onları kəndə yola saldılar.

 Avtobusla bir neçə saat yol gedəndən sonra nəhayət ki, uşaqlar kəndə çatdılar. Kənd doğrudan da gözəl idi. Hər tərəf ağappaq qardı. Ağacların üstü, dağlar, dərələr, evlərin üstü ağ örtüyə bürünmüşdü. Kənd lap nağıla dönmüşdü.

 Kənd uşaqlarının şən səsləri bütün aləmə yayılmışdı. Avtobusdan düşən Ceyhün və Nərmini kənd uşaqları əhatəyə aldılar.

 Muxtar baba onların gəlişinə çox şad idi. Dostlar baba ilə görüşəndən sonra evdə heç dincəlmədən yenə də həyətə çıxdılar. Çünki onlar qar üçün elə darıxmışdılar ki, evə girib isinməkdən imtina elədilər. Qarda oynamaq uşaqlar üçün ən maraqlı əyləncə idi.

 Ceyhünla Nərmin qarda oynamaqdan doymurdular. Birdən qonşuluqda yaşayan Səlim belə bir təklif etdi:

 -Uşaqlar, gəlin gedək çaya. Çay donub və üstü buz bağlayıb. Buzun üstündə xizəklə sürüşərik!

 Hamı bir səslə onunla razılaşdı: - gedək, - dedilər.

 Uşaqlar yığışdı ki, çaya sürüşməyə getsinlər. Ceyhun anbardan iki xizək götürdü. Birini Nərminə, birini də özünə. Muxtar baba uşaqların çaya sürüşməyə getdiklərindən xəbər tutanda Ceyhüna tapşırdı:

 - Bala, Ceyhün, siz buraları tanımırsınız, ona görə də ancaq kənd uşaqları sürüşdüyü yerdən sürüşün!

 - Baş üstə, Muxtar baba! - Ceyhun da, Nərmin də bir səslə dedilər.

 Uşaqlar sevincək çaya götürüldülər. Ceyhün hamıdan qabaq xizəyini hündür bir yerə qoyub oturdu onun üstünə. Xizək çayın üstünə elə sürətlə getdi ki, bir də baxdılar ki, şaxtadan donmuş çayın buzu sındı və Ceyhün şappıltı ilə çayın içinə düşdü. Uşaqlar gülüşdülər. Çay çox da dərin deyildi, ancaq suyu buz kimi idi. Nərmin həyəcanlandı:

 - Ceyhun, görürsən, gərək Muxtar babanın dediklərinə qulaq asaydın!

 Ceyhun isə pərt olmuşdu deyə, heç səsini çıxartmadı. Babasını eşitmədiyinə peşman oldu. Oğlanlar qaçıb onun sudan çıxmasına kömək etdilər. İsinsin, qurusun deyə, ocaq yandırdılar. Onun üst paltarlarını bir az qurutdular ki, evə gedənə qədər Ceyhun soyuqdan donmasın.

 Yalnız bundan sonra evlərinə qayıtdılar. Ceyhün evə çatıb paltarlarını dəyişdi. Muxtar babanın başı odun doğramağa qarışmışdı deyə, Ceyhünun islandığından xəbəri olmadı. Uşaqlar Muxtar babanın hirslənəcəyindən qorxub əvvəlcə ona həqiqəti demədilər. Muxtar baba uşaqların tez-tez pıçapıç edib gülməklərindən şübhələndi. Paltar ipində Ceyhünun qurumaq üçün asılmış paltarlarından isə ona hər şey məlum oldu:

 - Ceyhün, çayın suyu çox soyuq idi?

 Uşaqlar mat-məəttəl bir-birlərinə baxdılar. Çiyinlərini çəkdilər. Axı heç kəs olanları Muxtar babaya xəbər verməmişdi. Muxtar baba uşaqları peşman eləmək istəmədi:

 -Yaxşı dəcəllər, bundan sonra babanın sözünü mütləq eşidərsiz.

 Ceyhunla Nərmin yenə də xorla, -baş üstə baba-, - deyib Muxtar babanı qucaqladılar!