(şeir- nağıl)

Dovşan qalxıb yuxudan,

Tez düşdü çarpayıdan,

Dedi: “Acam gedirəm,

Bostandan kələm yeyəm!”. 

 

Ana dedi: “Ay bala,

Çıxma belə bayıra!

Əvvəlcə yu əlini, 

Sonra ye yeməyini!”.

 

“Acmışam, heç nə olmaz, 

Bircə gün yuyunmasam,

Dişlərimi yumasam,

Məncə dünya dağılmaz!

 

Narahat olma ana”, 

- Deyib, getdi bostana. 

Bir İstədi kök dərə, 

Kök birdən girdi yerə.

 

- “Aman, bu nədir belə,

Kök niyə girdi yerə?”.

Dovşan təəccüb ilə, 

Göz gəzdirdi hər yerə.

 

İstədi kələm dərsin,

Onu xırç-xırçla yesin,

Kələm hirslə partladı,

Yarpaqları çatladı.

 

Belə dedi Çuğundur:

- “Eyyy, məndən aralı dur,

Mən bir bostan qızıyam, 

Həddən çox qırmızıyam!

Mənə söylə düzünü,

Sən yumusan üzünü?

Belə çoxdur işlərin,

Ki saralıb dişlərin?

 

Səndən bir xahişim var, 

Etmə mənimlə nahar!”.

Dovşan yaman oldu pərt,

Qaçdı evlərinə səmt.

 

Dişini fırçaladı,

Saçlarını daradı.

Oldu əvvəlki kimi 

Səliqəli bir dovşan.

 

Sonra getdi bostana,

Hamı baxdı dovşana,

Ona yer göstərdilər, 

“Xoş gəlmisən”, dedilər!     
   
                                         Müəllif: Gülzar İbrahimova